2014 Dünya Çempionatında H qrupunda üçüncü turun oyunları keçirildi. Rusiya Əlcəzairlə, Cənubi Koreya Belçika ilə qarşılaşdı.
Belçika 1/8-ə vəsiqəsini qarantiyalamışdı. Odur ki, qrupdan növbəti mərhələyə kimin çıxacağı Rusiya-Əlcəzair oyunundan asılı idi. Oyunun 6-cı dəqiqəsində Feqholininin başından zədə alması ilə Əlcəzairin müvəqqəti azlıqda qalmasından Rusiya məharətlə istifadə edə bildi. Sol cinahdan qapı meydançasına ötürülən topu Kokorin dəqiq baş zərbəsi ilə qapıya saldı. Sonrakı müddətdə hesabı dəyişməyə ciddi cəhdlər göstərən əlcəzairli oyunçular istəklərinə yalnız 60-cı dəqiqədə çata bildilər. Cərimə zərbəsilə qapı önünə göndərilən topu Slimani başı ilə tora daxil etdi. Qrupdan çıxa bilmək üçün yalnız qələbəyə ehtiyacı olan Rusiya qalan vaxt ərzində rəqib qapısına yol tapmağa çox çalışdı. Amma Əlcəzair uğurla müdafiə oluna bildi. Oyun 1:1 hesabı ilə başa çatdı. Və bu bərabərlik Əlcəzairi 1/8-ə çıxardı. Rusiya isə evə yollanmalı oldu.
Qrupun digər oyunu isə 1:0 Belçikanın xeyrinə başa çatdı.
Bununla da H qrupundan 1/8-ə Belçika və Əlcəzair çıxdı.
DÇ-2014: Əlcəzair Rusiyanı evə göndərdi
•
•