İlham Əliyev kimdən şübhələnir?

Fuad Qəhrəmanlı: «Hakimiyyət siyasi və psixoloji basqıdan yayınmaq üçün baş verənləri hansısa geosiyasi oyunlarla əlaqələndirməyə çalışır»

«Azərbaycan hakimiyyəti artıq real vəziyyəti gizlədə bilmir»

AŞPA-da üzləşdiyi pərtliyi yaşayan hakimiyyət bunu ört-basdır etmək üçün ənənəvi kampaniyaya başlayıb. Dövlət başçısı çıxışı zamanı ona ünvanlanan suallar qarşısında aciz qalaraq aqressiyasını gizlədə bilmədiyi kimi digər rəsmilər də Avropa nümayəndələrinə qarşı hücuma keçib. Maraqlıdır ki, həm dövlət başçısı, həm də rəsmi mətbuat AŞPA-da baş verənləri geosiyasi məsələ ilə əlaqələndirib. 

Ancaq bir müddət əvvəl hətta hakimiyyətə loyal münasibət göstərən hüquq müdafiəçiləri və lobbi təşkilatları İlham Əliyevə xəbərdarlıq edirdi ki, may ayında verilən əfv fərmanından yararlanmasa, AŞPA-da gərgin durumla üzləşə bilər. Lakin dövlət başçısı bu xəbərdarlığı nəzərə almadı və gözləntilər özünü doğrultdu. Belə olan halda AŞPA-da üzləşdiyi sərt sualları geosiyasi məsələlərlə əlaqələndirən İlham Əliyev əslində hansı qüvvələrdən şübhələnir?

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı hesab edir ki, Azərbaycan hakimiyyəti real tənqidlə qarşılaşanda tənqidi təkzib etmək barədə düşünmür və bu tənqidin qərəzli olduğunu bəyan edir. Əgər əvvəllər tənqidlərin erməni lobbisinin maraqlarına xidmət etdiyini iddia edirdilərsə, indi Rusiya və Qərb arasında yaranmış hərbi siyasi gərginliklə, geosiyasi oyunlarla əlaqələndirirlər. 

Ekspertin sözlərinə görə, İlham Əliyev Avropa Şurasındakı çıxışında ölkədəki real vəziyyəti danmağa çalışsa da, deputatlar ona mövcud vəziyyətlə bağlı reallığı öyrənmək üçün suallar verdilər. Azərbaycanda insan haqlarının pozulması, vicdan məhbuslarının olması faktları bütün beynəlxalq təşkilatlar, seçkilərin saxtalaşdırıldığı ATƏT-in müşahidə missiyasının hesabatında əksini tapıb. Lakin İlham Əliyev bu sualların heç birinə cavab verə bilmədi. Bunları inkar etməklə vəziyyətdən çıxmağa çalışdı. Lakin ölkədə real vəziyyəti gizlətmək mümkün deyil və hakimiyyət də bundan narahatdır.

F.Qəhrəmanlının sözlərinə görə, İlham Əliyev başda olmaqla bu hakimiyyətin istənilən rəsmisi yüksək tribunalardan çıxışında real vəziyyətlə bağlı tənqiddə, qınaqla üzləşməyə məhkumdur. Bunu İlham Əliyevdən sonra Elmar Məmmədyarova da ünvanlanan suallar göstərdi. Ona görə də hakimiyyət siyasi və psixoloji basqıdan yayınmaq üçün baş verənləri hansısa geosiyasi oyunlarla əlaqələndirməyə çalışır. Ancaq reallıq ondan ibarətdir ki, Azərbaycan hakimiyyəti artıq real vəziyyəti gizlədə bilmir: «Hakimiyyət öz əməllərinə, ölkədə yaratdığı hüquqi nihilizmə, insan hüquqlarının pozulmasına və demokratiyanı boğulmasına görə təkcə yerli ictimaiyyət tərəfindən deyil, beynəlxalq ictimaiyyət tərəfindən də sərt qınaqla üzləşməyə məhkumdur. Artıq bunun qarşısını almaq mümkün deyil».

Fizzə