Lavrov Avropa mallarının MDB sərhədlərini keçməsindən niyə narahatdır?
Natiq Cəfərli: «Avropa Birliyindən Gürcüstana, Moldovaya, Ukraynaya ixrac olunacaq məhsullar Rusiya ərazisinə daxil olub yerli bazara ziyan vura bilər»
“Ukrayna, Gürcüstan və Moldova Avropa Birliyi ilə assosiasiya haqqında saziş imzalaması MDB azad ticarət zonası üçün neqativ nəticələrə gətirib çıxararsa, Rusiya Ümumdünya Ticarət Təşkilatının (ÜTT) qaydaları çərçivəsində qoruyucu tədbirlər görəcək”. Modern.az rus KİV-nə istinadən xəbər verir ki, bu bəyanatla Rusiya xarici işlər naziri Sergey Lavrov çıxış edib. O bildirib ki, adıçəkilən üç ölkənin Avropa Birliyi ilə imzalamağa hazırlaşdığı sazişin MDB məkanı üçün mənfi nəticələri gözləniləndir. XİN rəhbərinin sözlərinə görə problemin həlli üçün Rusiya istənilən formatda danışıqlara hazırdır və tərəfləri müzakirələrə dəvət edir.
“Moskvanın əsas məqsədi post-sovet məkanındakı ölkələrin Avropa Birliyi ilə assosiasiya sazişinin imzalanmasının Rusiyaya təsirllərini aydınlaşdırmaqdır. Biz tərəfləri danışıqlara çağırırıq. Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu Rusiya prezidenti ilə söhbətində belə danışıqların başlanmasına söz vermişdi. Lakin hələ ki, heç nə yoxdur”,-deyə S. Lavrov bildirib.
Xatırladaq ki, bir müddət əvvəl Rusiya prezidenti Putin də oxşar bəyanatla çıxış etmişdi.
Rusiya rəsmilərinin bu tip açıqlamaları üçün əsas varmı və Assosiasiya sazişinin MDB dövlətlərinə problem yaradacağı nə dərəcədə realdır?
İqtisadçı-ekspert Natiq Cəfərli Rusiyanın bu məsələdən istifadə edərək həmin ölkələrə ciddi təzyiq göstərmək istədiyini deyir. Bunun üçün formal da olsa, Rusiyanın əsasları var. Əsas da ondan ibarətdir ki, MDB ölkələri arasında mal və məhsulların dövriyyəsi üçün xüsusi rejim mövcuddur. Yəni xüsusi olaraq gömrük və sərhəd rejimi var.
Ekspertin fikrincə, Avropa Birliyi ilə ticarət tərəfdaşı olduqdan sonra həmin ölkələrlə ticarət dövriyyəsi həm artacaq, həm də öz mallarını asan ixrac edə biləcəklər. Rusiya isə bu bənddən istifadə edərək reeksport məsələsini gündəmə gətirib. Çünki sərhədlər açıq olarsa və həmin gömrük rejimi qalarsa, Avropa Birliyindən Gürcüstana, Moldovaya, Ukraynaya ixrac olunacaq məhsullar Rusiya ərazisinə daxil olub yerli bazara, yerli istehlakçıya ziyan vura bilər: «Əslində bu formal bir məsələdir. Çünki Rusiya ÜTT-nin üzvüdür. Azərbaycandan fərqli olaraq Moldova, Gürcüstan və Ukrayna da ÜTT-nin üzvüdürlər. Avropa Birliyinin Assosiasiya sazişi məhz ÜTT-in ümumi qərarlarına və ümumi qanunlarına uyğun olaraq həyata keçiriləcək. Bu nöqteyin nəzərində Rusiyanın gətirdiyi bəhanə formal bir bəhanədir. Çünki bu prosesdə iştirak edən bütün ölkələr ÜTT-nin qaydalarına əsasən də qarşılıqlı ticarət əlaqələri yarada bilərlər. Amma Rusiya bundan istifadə edərək hər üç ölkəyə ciddi gömrük baryerləri qurmağa çalışır. Bununla da hər üç ölkəni Avropa Birliyi ilə Assosiativ sazişdən çəkindirməyi düşünür. Gürcüstan, Moldova, əsasən də Ukrayna Rusiyanın böyük ticarət tərəfdaşlarıdır. Gürcüstanla iki ilə yaxın ümumiyyətlə iqtisadi əlaqələr kəsilmişdi. Amma İvanişvili hökuməti qurulduqdan sonra şərab və kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracı başlanmışdı. Gürcüstan Rusiyaya təxminən 500 mln dollarlıq mal satırdı. Bunu görə də Rusiya deyir ki, bundan sonra Moldova, Gürcüstan və Ukrayna mallarının Rusiya bazarına girişində ciddi əngəllər yaranacaq».
Ekspertin sözlərinə görə, Rusiyanın bu təhdidi qısa müddətdə həmin ölkələrdə problemlər yarada bilər. Lakin orda və uzun müddətdə iqtisadiyyatlarını Avropa standartlarına uyğun hala gətirmək, ixrac məhsullarını Avropa standartlarına uyğunlaşdırmaq yolunda daha əzmlə çalışmağa bir stimul yaradacaq: «Nəzərə alaq ki, Avropa Birliyi 500 milyon əhalisi olan böyük bir bazardır. Rusiyanın əhalisi isə cəmi 130 milyondur. Avropa bazarı daha cəlbedicidir. Qısa müddətdə çətinliklər olsa da, orda və uzun müddətdə müəyyən islahatlardan sonra Gürcüstan, Moldova və Ukrayna mallarının Avropa bazarına çıxışı təmin olunacaq. Bundan sonra Rusiyaya olan ixracatdan qat-qat artıq mal ixrac edə biləcəklər və daha çox pul qazanmaq imkanları yaranacaq».
Fizzə


