Təhlükəsizlik eksperti Şeyxin narahatçılığını əsassız saymır
İlham İsmayıl: «Hələki bu proses nəzarətdədir, amma boş buraxılarsa, onun acı nəticələri ola bilər»
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadənin ölkəyə olan dini təhlükə ilə bağlı xəbərdarlığı maraq doğurur. O, bildirib ki, bəzi dövlətlər, onlara xidmət edən qüvvələr var ki, Azərbaycanı dini zəmində parçalamaq istəyirlər.
Paşazadənin qənaətincə, həmin qüvvələr Azərbaycanı iqtisadi, siyasi cəhətdən bölmək istəyirlər ki, burada əsas diqqəti dini zəminə yönəltməyə çalışırlar.
A. Paşazadə onu da vurğulayıb ki, bu gün bəzi insanlar var ki, həqiqi islamı inkişaf elətdirmək istəmirlər.
Bəs həqiqətənmi Azərbaycanda dini zəmində parçalanma baş verə bilərmi?
Təhlükəsizlik eksperti İlham İsmayıl bildirdi ki, Azərbaycanda dini zəmində parçalanma yaratmaq mümkündür. Amma Azərbaycanda bunun baş verməsi üçün bəzi faktorları da nəzərə almaq lazımdır: «Əgər Azərbaycanda dini parçalanma yaratmaq istiqamətində iş görüləcəksə, bu bir halda nəticə verə bilər. Həmin işlərə qarşı dövlət heç bir tədbir görməsə o zaman bu səylər nəticə verəcək. Azərbaycan müstəqillik əldə etdikdən sonra şiə və sünni məzhəbləri barədə informasiyalar yayılmağa başladı. Amma sonradan sələfilər, vəhabilər məzhəbləri Azərbaycana yol tapmağa başladı. Hər kəs öz təriqətinin üstün olduğuna inanmaqla kifayətlənməyərək onu cəmiyyətə yetirməyə başladı. Bu cür sistemlərin arxasında məhz xarici dövlətlər dayanır və bu əməllər konkret ölkələrin parçalanmasına xidmət edir».
İ.İsmayıl vurğuladı ki, Əl-Qaida, Taliban, İŞİD, Ceyşullah kimi birləşmələr bu və başqa dövlətdə möhkəmlənməyə çalışaraq həmin dövlətin siyasətinə təsir etməyə çalışırlar. «Bu gün Azərbaycanda elə bir təhlükə yoxdur. Amma onun işartıları var. Hələki bu proses nəzarətdədir. Amma boş buraxılarsa, onun acı nəticələri ola bilər», deyə İ.İsmayıl vurğuladı.
Xəyal


