Ərdoğan ABŞ-ın Tehrana qarşı sanksiyalarına əhəmiyyət verməyib
Amerika mətbuatı Ərdoğan hökumətini ifşa edən material yayımlayıb
ABŞ-ın “Bloomberg” agentliyi ötən ilin dekabrında Türkiyədə həyata keçirilmiş səs-küylü həbslərin izilə bu olayların gizlinlərini araşdırıb. Nəticədə, Ərdoğan hökumətini ifşa edən faktlar üzə çıxıb. Məlum olub ki, Türkiyə ABŞ-ın Irana qarşı sanksiyalarına əhəmiyyət vermədən, bu ölkəyə tonlarla qızıl göndərib. Bu proses Türkiyə hökumətinin razılığı və Rza Zərrabın əlilə həyata keçirilib. Prosesdə Azərbaycanın da adı keçir.
Məqaləni ixtisarla təqdim edirik:
***
Türkiyənin 800 milyardlıq iqtisadiyyatına cavabdeh olmuş nazir Zəfər Çağlayan bir müddət əvvəl bəyan etmişdi ki, iqtisadi rəqəmlər qarşıdakı seçkilər üçün yaxşı heç nə vəd etmir. Inflyasiya həddi yüksəlib, artım azalıb, lirə dəyərdən düşür.
Maliyyə sabitliyinin əsas şərtlərindən biri xüsusən narahatlığa əsas verir: ölkə ixrac etdiyindən daha çox mal, xidmət və kapital idxal edib. Oktyabrda Çağlayan CNBC-nin yerli bürosuna müsahibə verərkən demişdi ki, hökumət vəziyyətin yaxşılaşması üçün tədbir görəcək.
Lakin onun qeyd etmədiyi tədbir – ticarət disbalansını aradan qaldırmaq üçün gizli həyata keçirilən ixracın artırılması əməliyyatı hələ bu açıqlamadan bir il əvvəl başlanmışdı. Televiziyadakı çıxış zamanı bu artıq reallaşdırma mərhələsində idi. Ondan üç həftə əvvəl isə hüquq-mühafizə orqanları Çağlayanın tabeçiliyində olan şəxslərdə ixracatın ayda ən azı 1 milyard dollara çatdırılması üçün tədbir görülməsi barədə danışıqlarını gizli lentə almışdılar. Həmin söhbətdə Çağlayanın verdiyi göstərişlər isə onun Ərdoğanla iki saatlıq görüşünün nəticəsi idi.
Əməliyyat isə əsasən, sürətli atlar, maşınlar və təyyarələr həvəskarı olan Iran əsilli biznesmen ətrafında həyata keçirilirdi. Onun unikal bacarığı var: sanksiyalarla mühasirəyə alınmış Irana qızıl tədarük edirdi.
Söhbət onu Türkiyə iqtisadiyyatındakı disbalansın aradan qaldırılmasına kömək baxımından hökumətin əsas vasitələrindən birinə çevirən kifayət qədər qızıldan gedir.
Türkiyə hüquq-mühafizə orqanlarının hazırladığı 300 səhifəlik sənədlərdən məlum olur ki, iqtisadiyyat nazirinin də daxil olduğu komandanın iqtisadi kəsiri aradan qaldırmaq üçün istifadə etdiyi bu əməliyyatlar “Irana şirə ixracına hazırlıq” adı altında pərdələnib. Eyni zamanda, Türkiyə parlamentində müxalifətçi deputatların nümayiş etdirdiyi sənədlərdən aydın olur ki, Çağlayan və əməkdaşları onmilyonlarla dollar rüşvət alıblar.
Çağlayanın parlamentdəki köməkçisi Erdinc Karakılıc keçmiş nazirə ünvanlanan sualların göndərilməsini istəmişdi. Suallar elektron poçt vasitəsilə göndərilsə də, cavablandırılmadı.
Türkiyədə başlanmış istintaq nəticəsində ötən il dekabrın 25-də istefaya gedən Çağlayan istintaq və ya məhkəməyə cəlb olunmadı. Çünki parlament üzvü kimi, onun toxunulmazlıq statusu var.
Uzunmüddətli araşdırmanın nəticəsi olaraq başlanmış və rüşvət, qızıl qaçaqmalçılığı, qanunsuz sövdələşmə kimi ittihamlar yer alan istintaq yanvarda yarandı. Elə həmin ay Ərdoğan hökuməti istintaqa hakimiyyətin müdaxilə etdiyini deyən Istanbul prokuroru Müəmmər Akkaşı vəzifəsindən çıxartdı. Daha doğrusu, bir çox polis və prokurorluq əməkdaşları ilə yanaşı, onun da yeri dəyişdirildi.
Türkiyədə martda keçirilən bələdiyyə seçkisi öncəsi baş nazir Ərdoğan bu istiqamətdə başlanmış istintaqı “dövlət çevrilişinə cəhd” kimi qiymətləndirərək, onu pisləmişdi. Ərdoğanın mətbuat katibi Lütfullah Göktaş bu mövzuda elektron poçt vasitəsilə göndərilmiş sualları cavablandırmadı. Hərçənd, sualların ona çatdığını təsdiqləmişdi.
Araşdırmalar həm də onu üzə çıxartdı ki, Türkiyə iqtisadiyyatındakı “çay yarpaqlarını” oxumağa çalışanların həyatı çətinləşir.
Ixracatda kəskin artım o qədər sürətli və geniş olub ki, Irana 2011-ci ildə 53 milyon dollarlıq qızıl tədarükü 2012-ci ildə 6,5 milyard dollara çatıb. “Türkiyə ticarətindəki təhrif olunmuş rəqəmlər iqtisadiyyatı ilk baxışdan əslində olduğundan daha güclü göstərir”, – deyə Nyu-Yorkda yerləşən “Global Source Partners Inc.” iqtisadi məsləhət firmasının Türkiyədəki əməkdaşı Atilla Yeşilada bildirib: “Mən bilmirəm ki, Çağlayanın məqsədi nə idi, amma o, Iranla qızıl ticarətinin əsas tərəfdarlarından biri olub. Bunun heç vaxt heç bir iqtisadi anlamı olmayıb. Bu, güclü iqtisadiyyatla uzlaşan ixracat növü deyil. Iranla qızıl ticarətinin məqsədi nə idi? Bu məsələyə heç bir izahat ala bilmədik”.
Türkiyədə hökumətin iranlı biznesmen Rza Zərrabla münasibətlərindən tutmuş, korrupsiya əməllərinə qədər bir çox məsələləri araşdıran istintaq altı aydır ki, dalana dirənib. Rza Zərrab təkcə öz əlaqə və təsir imkanlarından yararlanıb milyonlar qazanmağa çalışan çoxbilmiş biznesmen deyil, o həm də Türkiyə hökumətinin təmsilçisi kimi fəaliyyət göstərib.
Ərdoğan isə deyir ki, sübutlar Amerikada yaşayan Islamçı alim Fətullah Gülən hərəkatının Türkiyədə polis və məhkəmə orqanlarındakı adamları vasitəsilə əldə olunub və hakimiyyəti devirmək məqsədi daşıyır. Baş nazir iddia edir ki, onun, ailəsinin, eləcə də digər hökumət nümayəndələrinin telefon danışıqları qanunsuz olaraq dinlənilib, yayılan audioyazılardakı söhbətlər də montaj olunub.
Türkiyədən Irana tonlarla qızıl axıb, əksər hissəsi də Dubay vasitəsilə daşınıb. Bu yolla da Türkiyə banklarında saxlanılmış Iran pulları dövriyyəyə buraxılmaqla yanaşı, həm də türk icracatını artırıb.
2013-cü ilin iyulunda Amerikanın rəsmi Tehrana qarşı sanksiyaları sərtləşdirməsindən sonra da Zərrab və əməkdaşları Irana qızıl satmağı davam etdiriblər. Onlar şişirdilmiş qiymətlərlə yüzlərlə ton qızıl göndəriblər. Hətta bir çox hallarda saxtakarlığa da yol verilib. Sənədlərdə Dubaydan Irana gedən gəmilərdə qida məhsulları olduğu göstərilsə də, əslində, qızıl göndərilib.
Bu cür kölgəli və ağır ticarət ört-basdır edilməsi baxımından Türkiyə hökumətinin nazirləri üçün həm də rüşvət mənbəyi idi. Milyonlarla dəyəri olan almazlar, şokolad, hətta ayaqqabı qutularında nəğd pulların rüşvət olaraq verilməsi istintaq materiallarında da öz əksini tapıb.
Ərdoğan və Rza Zərrabın dövlət tədbirlərindən birində, həmçinin Ankarada keçirilmiş toyda birgə şəkilləri də var. Rza Zərrab ötən ilin dekabrında həbs olunandan sonra da Ərdoğan onu müdafiə edib. Bildirib ki, o, qızıl biznesilə Türkiyəyə yatırım qoyub.
Bu işi araşdıranlar bildirib ki, Çağlayan Zərrabdan 50 milyon dollar rüşvət alıb. Bundan əlavə, 343 min dollarlıq saat və 37 min dollarlıq piano hədiyyə alıb. Həmçinin xeyli brilyantlar alıb.
Rza Zərrab əvvəlcə müsahibə verməyə razılaşsa da, sonradan zənglər və mesajlara cavab verməyib.
Istintaq materiallarında Azərbaycanın da adı çəkilir. Qeyd etdiyimiz kimi, bir çox hallarda qızıl qida ərzaq adı altında daşınıb. Telefon danışıqlarının birində Rza Zərrab qızılı ərzaq sənədləşməsilə Moskvadan, Azərbaycandan göndərmək təklifi irəli sürür.
Rza Zərrab fevralın 28-də azadlığa buraxıldı. Onun banklarda dondurulmuş 18 milyon dollarının üzərindən həbs götürüldü. Istanbul prokuroru da bəyan edib ki, Rza Zərraba qarşı sübut yoxdur.
Çağlayan da parlamentin üzvü olaraq qalır. Çağlayan və daha üç deputata qarşı irəli sürülmüş korrupsiya ittihamını araşdıran komissiyaya isə işi sona çatdırmağa imkan vermədilər.
Siyasət şöbəsi