AŞ PA prezidenti Əliyevə cavab verdi

Ann Brassör: «Problemləri inkar edərək onların qarşısını almaq olmaz»

Gültəkin Hacıbəyli: «Azərbaycanda siyasi məhbuslarla bağlı beynəlxalq təşkilatların özləri də kampaniya aparırlarsa, artıq bu problemləri danmaq mümkün deyil»

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sədri Ann Brassör yenidən Azərbaycana səfər edəcək. Bu barədə Ann Brassör özünün tvitter hesabında məlumat verib: “Problemləri inkar edərək onların qarşısını almaq olmaz. Biz həll edilməsi lazım olan problemlər barədə açıq və səmimi dialoqlarımızı davam etdirməliyik. Mən bəzi məhkumlarla görüşmək üçün yenidən Azərbaycana qayıdacam”.
Xatırladaq ki, AŞ PA sədri bu ilin mayın 22-də Azərbaycanda rəsmi səfərdə olmuşdu. Səfərdə məqsəd mayın 23-də AŞ PA-nın Bakıda keçiriləcək Daimi Komitəsinin iclasında iştirak etmək olub.
A.Brassörün bu mesajının dövlət başçısı I.Əliyev və xarici işlər naziri E.Məmmədyarova ünvanlandığı məlum məsələdir.

Milli Şuranın Beynəlxalq Əlaqələr Komissiyasının rəhbəri Gültəkin Hacıbəylinin fikrincə, əgər Azərbaycanda siyasi məhbuslarla bağlı beynəlxalq təşkilatların özləri də kampaniya aparırlarsa, artıq bu problemləri danmaq mümkün deyil. Azərbaycanda heç bir cinayət etmədiyi halda siyasi əqidəsinə görə təqib olunan insanların olduğunu deyən G.Hacıbəyli vurğuladı ki, siyasi baxışlarına görə təqib olunan şəxslərdən biri də elə özüdür: “Barəmdə gülünc, saxta, qondarma difamassiya təqibi davam edir. Belə olan halda necə demək olar ki, insanlar siyasi baxışlarına görə təqib olunmurlar. Ilqar Məmmədov ilə Tofiq Yaqublu Ismayılı olaylarından bir gün sonra bölgəyə səfər etdilər. Səfərləri də 20 dəqiqə çəkib. Və ya ziyalı bir şəxs Yadigar Sadıqov necə əlindəki telefon ilə təmiz keçmişi olmayan bir şəxsə qarşı hücuma keçə bilər. Pərviz Həşimlinin 5 yaşındakı qızının oyuncaqlarının arasından necə qumbara tapıla bilərdi? Bir valideyn olaraq o övladının taleyinə bu dərəcədəmi biganədir?”.
Siyasi məhbusların məhkəmə proseslərinin hamısında iştirak etdiyini deyən G.Hacıbəyli vurğuladı ki, Qurban Məmmədov, “NIDA”çılar və Anar Məmmədlinin məhkəməsindən aydın görünür ki, onlar haqsız həbs olunublar: “Belə görünür ki, beynəlxalq ictimaiyyət uzun müddət siyasi məhbus probleminin bu cür formada qalmasına göz yummaq fikrində deyil. AŞ PA sədrinin bu cür reaksiyası da bundan irəli gəlir. Eyni zamanda beynəlxalq təşkilatlar Azərbaycanda siyasi məhbus probleminin bu səviyyəyə çatmasında məsuliyyət daşıdıqlarını anlayır”.

Xəyal