Strasburq aksiyasından sonra

Azərbaycanın vacib bir sədrlik məqamına başladığı AŞ PA iclasındakı mühacir soydaşlarımızın keçirdiyi etiraz aksiyası ölgün yay gündəminə xeyli sərinlik gətirib. Gerçəklik və təzadların bu qədər parlaq ifadəsini gözləmirdik. Qısa bir zamanda bu aksiya barədə deyilməyən məsələ qalmayıb. Diqqətəlayiq hadisələrdən sonra müzakirələr bu cür əhatəli və qızğın olur…
Amma bir məqam da var ki, məncə, onu həmişə yadda saxlamalıyıq. Çalışmaq, axtarışda olmaq, ən çətin məqamlarda belə dirənişin və mübarizənin yeni-yeni addımlarını, üsul və istiqamətlərini tapmaq, dayanmamaq.
Strasburq aksiyasından sonra bəlli oldumu ki, mühacirlər də, bizlər də indiyədək çox işlər görə bilərikmiş, indən belə də çox işlər görə bilərik?! Son illərdə bunu sübut edən, buna çağırış edən çoxlu nümunələr var. Bu, sovet dövründə rolu şişirdilmiş özünütənqid deyil. Tənqid xətrinə edilən tənqid də deyil. Nəticə çıxarmaqdır. Gerçək budur ki, ağlımıza gələn və gəlməyən resurslar var. Azdır, çətindir, amma var.
“Avroviziya” mahnı müsabiqəsinin Bakıda keçirilməsi dövrünü xatırlayın. Ilk anda hakimiyyət Azərbaycanın bu mənasız festivalda qələbəsini özünün uğuru kimi təqdim edirdi, hədsiz sevinc içində idi. Bundan ölkədəki vəziyyəti tənqid edənlərə qarşı kampaniya kimi də istifadə edilirdi. Amma biz buna basılmadıq. Ilk andanca Azərbaycanın bir Avropa ölkəsi deyil, sadəcə “Avroviziya” ölkəsi olduğunu bəyan etdik. Kampaniya başladıq və bütün narazı qüvvələrin qoşulduğu həmin kampaniya hakimiyyəti pərt duruma saldı. Biz bütün dünyada yalançı Azərbaycan “həqiqətlərini” ifşa etməyə və  Azərbaycan gerçəklərinə diqqət ayırmağa nail olduq. Fürsəti yaxşı dəyərləndirmək, resursları görmək həmişə gözlənilməyən uğurlar gətirir.
Ayrı-ayrı istiqamətlərdə görülən işlərin təcrübəsi sübut edir ki, düzgün düşünülmüş, ardıcıl və iradə ilə aparılan işlərin hamısı bəhrə verir. Hətta bütün imkanlar tükənmiş göründükdə də. Məsələn, götürək gəncliyin yenidən mübarizə meydanına çıxması və təşkilatlanmasını, konkret olaraq “NIDA” və “Azad Gənclik” kimi müstəqil hərəkatların yaranmasını. Bizə elə gəlirdi ki, siyasi və təşkilati resurslar az-çox köhnə nəsil təmsilçilərinin əllərində var və belə də qalacaq. Gənclik isə sübut etdi ki, yeni resurslar var və yeni təşkilatlar da qurmaq mümkündür. Həmçinin REAL-ın yaranması da bu uğurlardan sayılmalıdır.
Yaxud Cəmil Həsənlinin ictimai xadim kimi yenidən diqqətə gəlməsini götürək. Cəmil bəy uzun illərin ənənəsini sındırdı. Bilirsiniz ki, əzilmiş, yorulmuş cəmiyyətimiz xeyli parçalanıb, üstəlik, hazırda hakimiyyətdən narazı qüvvələrin heç də hamısı müxalifətə asanlıqla ürək qızdıra bilmir. Yeni gənclik arasında da bu tendensiya hiss olunur. Narazıların heç də hamısı partiyaları seçmir, ya da ümumiyyətlə, seçimini edə bilmir. Ya zəlzələdən, ya vəlvələdən yeni bir liderin, həm də yüksək keyfiyyətləri ilə seçilən bir liderin ortaya çıxması bu tip insanların qərar verməsini asanlaşdırır. Cəmil müəllimin prinsipal, cəsarətli  və məzmunlu addımları da sübut etdi ki, həmişə irəli getmək, proseslərə fayda vermək üçün işlər görmək mümkündür. Üstəlik, cəmiyyət də gördü ki, hər zaman yeni liderlər meydana çıxa bilər, müxalifətçilik tükəndiyi barədə hakimiyyətin təbliğatı yalandan başqa bir şey deyil.
Başqa bir məqam. Azad mətbuata basqılar, hiylələr çox ağır nəticələr verib, amma azad sözü yaşadanlar qalıb və hətta qeyri-bərabər çarpışmada hakimiyyətə onun gizlinlərini ifşa etməklə ağır anlar yaşatmaqdadırlar.
Indi isə diqqətə mühacirlər gəldi. Gördük ki, onlar da bizim mübarizənin resurslarına daxildir. Yetər ki, hər kəs düşünülmüş, ardıcıl iş aparsın, zəhmətin hədər getmədiyinə inansın. Onda mübarizə güclənər, canlanar və tamam yeni situasiya yarana bilər.