Siyavuş Novruzov yenə hakimiyyəti biabır elədi

“Başqa dövlət qarışmasa, Azərbaycan ordusu 3 gün müddətinə Irəvana qədər gedib çıxa bilər. Ermənistanın bizim ordunun qarşısında dura biləcək heç bir potensialı yoxdur”.

Bu sözləri YAP-çı deputat Siyavuş Novruzov hakim partiyanın saytına müsahibəsində deyib. Siyavuş Novruzov bu fikirlərilə həm özünü, həm də təmsil etdiyi hakimiyyətinə gülüş hədəfinə çevirib. Əvvəla, sual oluna bilər ki, Qarabağ münaqişəsinə qarışan başqa dövlət kimdir? Siyavuş Novruzov niyə həmin dövlətin adını çəkməyə cəsarət etmir? Cəsarət etmirsə o zaman Azərbaycan necə güclü dövlət olur? Və yaxud sual oluna bilər ki, Azərbaycan hakimiyyətinin “analoqu olmayanlar” kateqoriyasına daxil olan “uzaqgörən xarici siyasəti” necə oldu? Başqa dövlətin Qarabağı işğaldan azad eləməyə qarşı çıxmasıdırmı bu “uzaqgörən siyasətin” nəticəsi? Yəqin, Siyavuş Novruzov bu fikirləri səsləndirərkən ortaya belə sualların çıxacağını düşünməyib. Ya da təmsil etdiyi hakimiyyətin mahiyyətinə uyğun olaraq yalan püskürəndə “barıtını” çox eləyib.
Sonda 20 il iqtidarda olan bir hakimiyyət heç olmasa 20 metr torpağı azad eləsin, ondan sonra Siyavuş Novruzov Irəvana gedib çıxmaq barədə danışar.