Musa Quliyev: «Bu, standart qəbirlərin olması məsələsini də tənzimləyə bilər»
Azərbaycanda özəl və bələdiyyə qəbiristanlıqlarının yaradılması təklif edilir. “Trend”in məlumatına görə, bunu Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev bildirib.
Deputat deyib ki, Azərbaycanda təkcə qəbiristanlıqlarda torpaq sahəsinin ayrılması deyil, dəfn mərasimlərinin keçirilməsi də çox ciddi məsələyə çevrilir. Bu sahədə müasir təcrübənin öyrənilməsinə ehtiyac olduğunu deyən millət vəkili qeyd edib ki, xüsusilə şəhər yerlərindəki qəbiristanlıqlarda yerlərin çatışmazlığı və oradakı torpaq sahələrinin qeyri-qanuni olaraq baha qiymətə satılması halları var.
Bunu həm günah, həm də qanun pozuntusu kimi dəyərləndirən M.Quliyevin fikrincə, bunları aradan qaldırmaqdan ötrü alternativ yollar axtarılmalıdır. Alternativ yollardan biri bələdiyyələrin fondunda olan torpaqlardan bələdiyyənin özünün qəbiristanlıq kimi istifadə etməsi, digəri isə özəl qəbiristanlıqların yaradılmasıdır.
Özəl qəbiristanlıqların yaradılması üçün hüquqi əsasların olmasını vacib sayan M.Quliyev bildirib ki, belə məzarlıqların yaradılması həm qeyri-qanuni ödənişləri aradan qaldıracaq, həm də qəbiristanlıqlarla bağlı müəyyən standartların hazırlanaraq tətbiq olunmasına yardım edəcək: “Standart qəbirlərin olması da çox maraqlı məsələdir. Yəni qəbiristanlıqlarda muzeylər, məbədlər tikilməsin, ölülər bir-birindən fərqləndirilməsin. Qəbiristanlıqların standartlarının olması standart qəbirlərin olması məsələsini də tənzimləyə bilər. Eyni zamanda, belə olduqda qəbiristanlıqların qorunması da təmin edilə bilər”.
Özəl qəbiristanlıqların yaradılması məsələsinin müvafiq məcəllələrə daxil edilməsi üçün təkliflər hazırlaya biləcəyini açıqlayan M.Quliyev bildirib ki, qəbiristanlıqlara xidmət göstərilməsi, onun qorunması, dəfn mərasiminin təşkil olunması üçün bələdiyyələrə də imkan yaratmaq lazımdır. Bələdiyyələr bu sahə üzrə müəyyən xidmətləri pullu etməklə bu işləri daha yaxşı səviyyədə görə bilərlər. Bunun üçün bələdiyyələrin səlahiyyətləri, işçiləri də var.
Deputatın sözlərinə görə, bələdiyyələrin qəbiristanlıqlar yarada bilməsi üçün qanunvericilikdə hər hansı qadağa yoxdur. Azərbaycanda bələdiyyənin öz ərazisində müəyyən xidmət işlərini, o cümlədən dəfn xidmətini təşkil etmək səlahiyyəti var: “Bələdiyyələr istəsələr, mərasim evləri də tikərək o xidmətləri göstərə bilərlər. O cümlədən dəfn xidmətləri göstərib qəbir daşlarının hazırlanması, qəbiristanlıqlarda yaşıllıqların salınması, qəbirlərə qulluq edilməsi və s. kimi işləri də görə bilərlər”.
Dəfn məsələsi ilə bağlı qanunvericilikdə bəzi boşluqların olduğunu deyən M.Quliyev əlavə edib ki, qəbiristanlıqlarda dəfn üçün yerlərin hansı əsaslarla ayrıla bilməsi hazırkı qanunvericilikdə öz əksini tapmayıb: “Bu məsələ qanunvericilikdə tənzimlənmir. Biz bir dəfə ”Dəfn mərasimləri və qəbiristanlıqlar haqqında” qanun layihəsi hazırlamaq istədik. Bu məsələ həll edilməmiş qaldı, amma aktuallığını saxlayır. Hesab edirəm ki, bu sahədə qanunvericilikdə boşluqlar var və bu qanun qəbul oluna bilər”.


