sevincbabayeva-ve-oglu

Sevinc Babayevanın oğlu həbs edildi

Ayxan Məmmədovun dostu: «Onun günahı yox idi, çox güman ki, sifarişlə həbs olunub»

Gülər Əhmədova bu həbsdən şoka düşüb

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayevin 2012-ci ilin sentyabrında yaydığı qalmaqallı “mandat alveri” videosundakı əsas fiqurlardan biri olan Sevinc Babayevanın oğlu Ayxan Məmmədov həbs olunub.
Cinayət Məcəlləsinin 177.2.2-ci (təkrar oğurluq) maddəsilə ittiham olunan Ayxan Babayevin barəsində ibtidai istintaq və məhkəmə dövründə həbslə bağlı olmayan qətimkan tədbiri seçilib və o, bu müddətdə azadlıqda olub. Onun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi dünən yekunlaşıb. Binəqədi Rayon Məhkəməsinin hökmünə əsasən, Ayxan Məmmədov 3 il 6 ay azadlıqdan məhrum edilib. O, hökmün elanından dərhal sonra məhkəmə zalında həbs olunub.
Ayxan Məmmədovun həbsi barədə “Azadlıq” radiosuna Sevinc Babayevanın anası Zəhra Babayeva məlumat verib. Amma nənəsi Ayxanın həbsinin səbəbləri barədə danışmaq istəməyib.
Ayxan Məmmədovun oğurluqda təqsirləndirildiyini isə onun təhlükəsizliyi baxımından adının çəkilməsini istəməyən dostu “Azadlıq” radiosuna deyib: “Bir neçə ay öncə guya, marketdən oğurluğa cəhd etdiyinə görə Ayxana cinayət işi açılmışdı. Ona demişdilər ki, bu məsələni böyütmə, səni şərti azadlığa buraxacağıq. Neçə vaxtdır məhkəməsi gedirdi. Bu gün (dünən-red.) ona 3 il 6 ay iş verdilər. Biz çatdıq ki, qandallayıblar. Apardılar Kürdəxanıdakı təcridxanaya. Onun günahı yox idi. Çox güman ki, sifarişlə həbs olunub”.
Xatırladaq ki, sözügedən video yayılandan dərhal sonra Sevinc Babayeva ölkəni tərk edərək, Türkiyəyə getmişdi. Video yayılandan üç ay sonra – 2012-ci il dekabrın 26-da Sevinc Babayeva elə Istanbulda dünyasını dəyişdi. Rəsmi məlumatlarda onun ürək çatışmazlığından vəfat etdiyi göstərilib. Ayxan Məmmədov isə anasının ölümündə qalmaqallı videonun digər qəhrəmanı olan keçmiş deputat Gülər Əhmədovanı günahlandırırdı. Gülər Əhmədova da öz növbəsində Ayxanın müəyyən şəxslər tərəfindən öyrədildiyi üçün bu cür danışdığını bildirərək, ittihamları rədd edirdi.
Gülər Əhmədovanın məhkəməsində Ayxan Məmmədov şahid qismində dindirilərkən bildirmişdi ki, Türkiyədən qayıdandan sonra – 2012-ci il noyabrın axırında Bakı şəhər prokurorluğunda mandat alverilə bağlı cinayət işinin istintaqını aparan müstəntiqə ifadə verərkən, anasının yerini deyib. Lakin müstəntiq Sevinc Babayevanın Azərbaycana gətirilməsi, ən azı, baş verənləri onun öz dilindən eşitmək məqsədilə dindirilməsi üçün heç bir addım atmayıb.
Bu arada, Gülər Əhmədova Ayxan Məmmədovun həbsilə bağlı xəbəri təəccüblə qarşılayıb. Keçmiş deputat “AzNews.az”a açıqlamasında bu məsələdən xəbərsiz olduğunu deyib:ÿ”O niyə həbs olunub? Mən buna çox təəccübləndim. Axı nə baş verib? Nə deyim vallah, Allah qapısını açsın. Allah köməyi olsun. Mən şoka düşdüm…”

İnformasiya şöbəsi