Qəbələdə keçirilən Azərbaycan-Rusiya Regionlararası Forumu nəyə hesablanıb?
Natiq Cəfərli: «Indiki həssas dönəmdə bu tipli tədbirin keçirilməsi iqtisadi maraqlardan daha çox siyasi mesaj məqsədi güdür»
Qərblə münasibətləri korlanan Rusiyanı növbəti sanksiyalar dalğası gözlədiyi bir ərəfədə Azərbaycan şimal qonşusu ilə iqtisadi əlaqələri daha da genişləndirməyə çalışır. Qəbələdə Azərbaycan-Rusiya Regionlararası Forumunun təşkili də buna misaldır. 23-24 iyun tarixlərindəki forum çərçivəsində plenar iclasının keçirilməsi, rəsmi şəxslərin və işgüzar dairələrin iştirakı ilə əməkdaşlığın müxtəlif sahələri üzrə dəyirmi masaların təşkili nəzərdə tutulur.
Bu arada xatırladaq ki, artıq Rusiya ABŞ və Avropa Birliyinin ona tətbiq etdiyi sanksiyalardan şikayət etməyə başlayıb. Baş nazir Dmitri Medvedev Rusiyanın Dünya Ticarət Təşkilatına (DTT) sanksiyaların beynəlxalq qanunlara və DTT nizamnaməsinə zidd olması barədə “kommunike” göndərib.
Qeyd edək ki, Qərb ölkələri Rusiyaya qarşı sanksiyaları gücləndirməyi nəzərdən keçirirlər. Bu sanksiyalar enerji və bank sektorunu da əhatə edəcək.
Belə olan halda Azərbaycanın Rusiya ilə iqtisadi əməkdaşlığını genişləndirmək niyyəti ölkəyə əlavə problemlər yarada bilər.
Iqtisadçı-ekspert Natiq Cəfərli hesab edir ki, əslində indiki həssas dönəmdə bu tipli tədbirin keçirilməsi iqtisadi maraqlardan daha çox siyasi mesaj məqsədi güdür. Bu, Azərbaycan və Rusiyanın əməkdaşlığının davamlı şəkildə inkişaf etidrilməsini göstərmək üçün Moskva və Bakı tərəfindən atılmış birgə piar addımıdır. Çünki rəsmi statistik göstəricilərə görə, Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi Rusiya ilə Avropa Birliyi ölkələri arasında ticarət dövriyyəsindən az qala 8 dəfə azdır. Yəni Azərbaycanın Rusiya ilə ciddi ticarət dövriyyəsi yoxdur.
Ekspertin sözlərinə görə, Azərbaycandan Rusiyaya ixrac olunan əsas kənd təsərrüfatı məhsulları olduğu üçün indiki dövrdə sanksiyaların tətbiqi inandırıcı deyil. Amma neft-qaz sahəsində, silah alveri ticarətində bu sanksiyalar gələcəkdə Azərbaycan üçün problemlər yarada bilər. Çünki Azərbaycanın ən çox silah aldığı ölkələrdən biri məhz Rusiyadır: “Son müzakirələr göstərir ki, neft-qaz sektorundan sonra məhz hərbi sənaye kompleksinə də ciddi sanksiyalar gələcək. Belə bir xəbərlər reallaşarsa və hərbi sənaye kompleksinə qarşı da bu sanksiyalar tətbiq olunarsa, Azərbaycanın Rusiyadan silah-sursat almağı çətinləşəcək. Əgər Azərbaycan buna fikir vermədən əməkdaşlığı davam etdirməyə qərar verərsə, təbii ki, ciddi problemlər yaranacaq. Neft-qaz və energetika sahəsində həm ”Rosneft”ə, həm də “Qazprom”a qarşı Qərbdən ciddi sanksiyalar tətbiq edilib və bu sanksiyaların getdikcə daha da ağırlaşması gözlənilir. Azərbaycan isə bu yaxınlarda həm “Rosneft”lə, həm də “Qazprom”la yeni əməkdaşlıq protokolları imzaladı və yeni əməkdaşlıq sahələri müəyyən etdi. Azərbaycan gələcəkdə bu sanksiyalara əhəmiyyət verməsə, Azərbaycana ilkin olaraq xəbərdarlıq, sonra isə müəyyən sanksiyaların tətbiqi gündəmə gələ bilər. Çünki Irana qarşı sanksiyalar olan vaxtı Amerika, Avropa şirkətlərinə Iranla əməkdaşlıq bağışlanılmadı və o şirkətlər çox böyük məbləğdə cərimələndi. Buna bənzər sanksiyalarla gələcəkdə ARDNŞ də qarşılaşa bilər”.
Fizzə