Iranın Azərbaycandan istədikləri

Azərbaycan hökuməti monopoliya və viza məsələsində güzəştə gedəcəkmi?

«Hökumət daxilində inhisarçı qruplar bu işlərin sürətlə getməsinə mane olmağa çalışacaqlar»

Iran-Azərbaycan münasibətlərində uzun müddət davam edən gərginlik son aylar tədricən aradan qalxır. Uzun fasilədən sonra ölkə başçısı Ilham Əliyevin bu ölkəyə səfərindən sonra digər rəsmilərin də qarşılıqlı səfərləri baş tutdu. 

Bir müddət əvvəl isə Iranın ali dini liderinin nümayəndəsi bəyan etdi ki, iki ölkə arasında münasibətlərin normallaşması üçün Azərbaycan tərəfi Israillə münasibətlərinə yenidən baxmalı, həmçinin həbsdə olan iranlılar azadlığa buraxılmalıdır. Iranlıların azadlığa buraxılması məsələsi, demək olar, həllini tapıb. Azərbaycan tərəfi Irana bu ölkənin Azərbaycanda həbsdə olan vətəndaşlarını təhvil verib. 

Bu günlərdə isə iki ölkə arasında münasibətlərin inkişafına təkan verəcək tədbir barədə məlumat verildi. Belə ki, bu il avqustun 4-5-də Bakıda Iran-Azərbaycan müştərək iqtisadi komissiyasının iclası keçiriləcək. “Trend” xəbər verir ki, bunu Bakıda Iranın sənaye, mədən və ticarət nazirinin müavini Müctəba Xosrovtac Iranın Azərbaycandakı səfirliyində keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, müştərək komissiyanın iclası iki rəhbərinin istəyi nəticəsində keçirilir. 

Iranlı nazir müavini bir sıra sahələrdə geniş əməkdaşlıq imkanlarından söz açıb. Ancaq maraqlıdır ki, Iran tərəfinin qeyd etdiyi bir sıra məsələlər Azərbaycan hakimiyyətinin maraqlarına cavab verməyə bilər. 

Məsələn, Iran rəsmisi bildirib ki, iki ölkə arasında insanların gediş-gəlişi üçün maneələri aradan qaldırmalı, qanunları sadələşdirilməlidir. Bu isə viza rejiminin ləğvi deməkdir.

Müctəba Xosrovtac malların və sərnişinlərin daha rahat keçməsi üçün gömrük orqanları rəhbərlərinin görüşməsi və müzakirələrin intensiv olmasının tərəfdarı olduqlarını da qeyd edib. 

Həmçinin Araz ticarət zonasında 4 Azərbaycan şirkətinin fəaliyyət göstərəcəyini deyən nazir müavini Ermənistan şirkətlərinin iştirakına maneə yaratmağı da doğru hesab etmir.

Iran tərəfinin bu təklifləri inhisarçı-məmurların maraqlarına cavab vermədiyindən Azərbaycan hakimiyyətinin buna razılıq verəcəyi şübhə doğurur. Eyni zamanda erməni şirkətlərinin Azərbaycan şirkətləri ilə azad ticarət zonasında birgə fəaliyyəti də birmənalı qəbul edilə bilməz.

Belə olan halda Azərbaycan tərəfi Iranın bu təkliflərinə hansı cavabı verə bilər?

Iqtisadçı-ekspert Natiq Cəfərli Iranla bağlı maraqlı proseslərin getdiyini və yaxın zamanlarda bu ölkə üzərindən sanksiyaların götürülməsi məsələsinin gündəmə gələ biləcəyini deyir. Çünki Qərblə, “altılıq” dövlətləri ilə Iranın danışıqları getdikcə intensivləşib. Çox güman ki, Azərbaycan hökuməti də bu inkişafı görüb müəyyən addımlar atmaq istəyir. Azərbaycan Iranla münasibətləri yaxşılaşdırmaq istiqamətində Qərbə paralel olaraq müəyyən addımlar atmağa çalışacaq. Amma Azərbaycanın iqtisadi sistemi o qədər qapalı və inhisarçı, korrupsiyadan asılı sistemdir ki, hətta Iran kimi dövlətlə müəyyən anlaşma, sazişlər bağlamaq, iqtisadi azad zonaların yaradılması inhisarçılığı qazanc mənbəyinə çevirən məmurların maraqlarına zidd olacaq. Ona görə də hökumət daxilində inhisarçı qruplar bu işlərin sürətlə getməsinə maneəçilik törədəcəklər. 

Ekspertin sözlərinə görə, Azərbaycan Qarabağ məsələsini, Ermənistanla Iranın əməkdaşlıq məsələsini öz addımlarına haqq qazandırmağa çalışacaq. Amma bu strategiya uzunmüddətli ola bilməz. Çünki Azərbaycan gec-tez Dünya Ticarət Təşkilatına üzvlüklə, qonşu ölkələrlə azad ticarətlə bağlı müəyyən qərarlar qəbul etməlidir. Çünki iqtisadiyyat getdikcə zəiflədiyi bir şəraitdə ölkəni bu dərəcədə qapalı saxlamaq mümkün deyil: “Rəsmi rəqəmlər də göstərir ki, Azərbaycanda ixrac-idxal rəqəmlərində ciddi dəyişikliklər, ÜDM-in artım tempində ciddi geriləmələr var. Bütün bunların qarşısını almaq üçün müəyyən addımlar atılmalıdır. Indi hansı qruplar hansı şəkildə hökumət daxilindəki savaşdan qalib çıxacaq və bu işlərin irəliləməsinə nə qədər yardımçı olacaq, bunu gələcək göstərəcək. Amma indiki şəraitdə inanmıram ki, Azərbaycan rəhbərliyi bu tipli danışıqlara getsin. Çünki bu, hakimiyyət daxilində olan qrupların marağı ilə kəskin şəkildə ziddiyyət təşkil edir”.

Fizzə