abs-azerbaycan2

Vaşinqtondan Bakıya “Kerri mesajı”

Azərbaycanı Avropaya çəkmək üçün ABŞ bura daha ağırçəkili bir fiqur göndərməyi düşünür

Amerikanın Azərbaycandakı səfiri Riçard Morninqstar bəyan edib ki, Birləşmiş Ştatların dövlət katibi Con Kerri Cənubi Qafqaza səfər edəcək. Ancaq hələlik səfərin dəqiq tarixi məlum deyil. “Ötən həftə Vaşinqtonda idim və dövlət katibi Con Kerri ilə görüşdüm. O, Cənubi Qafqaza səfər etməyi çox istəyir, amma hələlik səfərin məhz nə zaman baş tutacağı məlum deyil”, – deyə səfir bildirib.

Hələlik səfərin tarixi bəlli olmasa da, səfirin bunu açıqlaması müəyyən mətləblərdən xəbər verir. Con Kerrinin Cənubi Qafqaza, o cümlədən Azərbaycana planlaşdırılan səfərilə bağlı anonsun ABŞ-ın məhz bizim ölkəmizdəki səfirinin dilindən səsləndirilməsi səbəbsiz deyil.
Xüsusən son vaxtlar baş verənləri, o cümlədən Azərbaycana səfərləri nəzərdən keçirəndə aydın görünür ki, rəsmi Bakı ciddi seçim qarşısındadır. Azərbaycan hökuməti xarici siyasətlə bağlı konkret qərar verməlidir. Yəni, indiyə qədərki “balanslaşdırılmış xarici siyasət” dövrü artıq arxada qalıb. Azərbaycana Rusiya və Qərbin önəmli fiqurlarının intensiv şəkildə səfərləri də bunu deməyə əsas verir.

Son iki ayda Azərbaycana gələnlərin siyahısına nəzər salaq. Fransa prezidenti Fransua Olland, Isveçrə prezidenti, eyni zamanda, ATƏT-in fəaliyyətdə olan sədri Didye Burkhalter, Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozo, onların ardınca, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Rusiya baş nazirinin müavini Dmitri Roqozin…

Şübhəsiz ki, bu səfərlərin məqsədi həm də Azərbaycanın xarici siyasətdə yolunun müəyyənləşdirilməsilə bağlıdır. Qərbdən gələnlər Azərbaycan hökumətini Avropaya inteqrasiya məsələsində yola gətirməyə çalışır. Əlbəttə ki, Rusiya bunu istəmir və təbii ki, bu ölkədən gələnlər əksinə çalışır. Rusiyanın istəyi Azərbaycanın Avropaya inteqrasiyasına əngəl yaratmaq, əksinə, bizi Avrasiya və Gömrük Ittifaqına cəlb etməkdir.
Bu mənada, Ilham Əliyev üçün seçim anı gəlib çatıb. Hökumət xarici kurs seçimində qərarını verməlidir. Məsələ burasındadır ki, Qərb yetkililərilə görüşdə Əliyev Avropaya inteqrasiyadan danışır, lakin onun komandasının önəmli fiqurları açıq-aşkar Rusiyaya reveranslar edir. Qərbə hücum, Rusiyanın mövqeyinin müdafiəsi son dövrlər hökumətyönlü medianın da əsas mövzularına çevrilib. Ilham Əliyevin sədrlik etdiyi YAP-ın rəsmi orqanı olan “Yeni Azərbaycan” qəzeti Qərb, xüsusilə də ABŞ əleyhinə ardıcıl kampaniya aparır.
Belə görünür ki, Azərbaycanın Avropaya inteqrasiyası baxımından Barrozonun səfəri nəticə verməsə, Avropa siyasətçilərinin bu istiqamətdə cəhdləri uğursuzluğa düçar olsa, ABŞ daha ağır çəkili bir fiquru – Con Kerrini bura göndərməyi planlaşdırır.

AXCP sədrinin müavini, politoloq Fuad Qəhrəmanlı hesab edir ki, ABŞ Kerrini bura göndərməklə Cənubi Qafqaz regionuna diqqətini nümayiş etdirir. Eyni zamanda, Rusiyaya da Cənubi Qafqazın onun üçün prioritet bölgələrdən biri olduğu mesajını verir: “Cənubi Qafqazın təhlükəsizliyi ABŞ üçün önəmlidir. Digər əsas məsələ əlbəttə ki, Qərbə inteqrasiyadır. Gürcüstanın bu məsələdə mövqeyi bəllidir. Ermənistan Rusiyayönümlü siyasət yürüdür. Ermənistanın Con Kerrinin səfərilə bu kursu dəyişməsi real deyil. Qeyri-müəyyən vəziyyətdə məhz Azərbaycan görünür. Daha çox bu səfərdə ağırlıq Azərbaycanla bağlı məsələnin həllinin üzərinə düşəcək. Azərbaycanın Qərbə inteqrasiyası, bu ölkədə insan hüquq və azadlıqlarının boğulmasıyla bağlı yaranmış gərginliklərin müzakirə mövzusu olacağı şübhəsizdir. Iki ölkənin enerji, təhlükəsizlik sahəsində əməkdaşlığının inkişaf perspektivləri də aktual, müzakirəyə ehtiyacı olan məsələlərdir”.
Fuad Qəhrəmanlının sözlərinə görə, ABŞ-la Azərbaycan arasındakı münasibətlərin müzakirəsi də çox vacibdir. Çünki münasibətlər günü-gündən pisləşməyə doğru gedir: “NATO Parlament Assambleyasının toplantısında ABŞ Azərbaycan rəsmiləri tərəfindən çox kəskin şəkildə ittiham olundu. Bu problemlər çözülməlidir. Azərbaycanın xarici siyasət kursunda Rusiyaya meylliliyin get-gedə qabarması, Rusiyapərəstliyin aşkar şəkildə nümayiş etdirilməsi də bu müzakirələri aktuallaşdırır. Bu baxımdan düşünürəm ki, Cənubi Qafqaza səfərdə əsas məqam Azərbaycanla bağlıdır. ABŞ Azərbaycana növbəti dəfə öz prioritetlərini çatdıracaq. Düşünürəm ki, Azərbaycanın Qərbə inteqrasiyası zamanı gözlənilən Rusiya təhlükəsinə qarşı ABŞ-ın verə biləcəyi dəstək məsələsi də müzakirə olunacaq. Eyni zamanda, Dağlıq Qarabağ münaqişəsi də müzakirə predmeti ola bilər”.

Siyasət şöbəsi