Türk liseylərini bağlamaq səhv qərardır

Türk liseyləri haqqında əvvəllər də səhifəmdə yazmışdım. Orada həqiqətən də bizim gənclərimizə yaxşı təhsil verilirdi. Türk liseylərini və Araz kurslarını bağlamaq hakimiyyətin səhv qərarıdır. Xüsusilə də Türk liseyləri ilə müqayisə olunacaq, bu liseyləri əvəz edəcək məktəblərimiz olmadığı şəraitdə. Bu qərardan sonra Azərbaycan təhsilinin onsuz da acınacaqlı olan vəziyyəti daha da pisləşəcək. Minlərlə şagird bu qərara görə yüksək təhsil almaq şansını itirəcək. Təhsilin məhv edildiyi ölkəmizdə bu liseylərə ümid yeri kimi baxan valideynlərin pərişanlığını təsəvvür edirəm.

Türk liseylərinin başına gələnlər növbəti dəfə sübut etdi ki, müstəqil məhkəmənin, hüququn, ədalətin, azad mətbuatın olmadığı avtoritar rejimlərdə əslində heç kim heç nəyə gerçəkdən sahib deyil. Adamlar bəzən özlərini aldadırlar ki, nələrisə var və müxtəlif manevrlərlə özünü, ona məxsus olanları qoruya bilər. Müəyyən hallarda bu manevrlər nəticə də verir. Amma yalnız bir yerə qədər. Sonda hamıya növbə çatır. Nə deyirsiz, hamı növbənin şəxsən ona da çatmasını gözləsinmi?