Oğurluq tablo ittihamı

Böyük rəsm əsərlərinin oğurluğu mənə həmişə macəra kimi görünür. Yeri düşəndə, belə filmləri də məmnuniyyətlə izləyirəm. Soyğun pis şeydir, doğru, amma bu prosesin özündə o qədər maraqlı məqamlar var ki… Dəyəri milyonlarla dollar olan kiçik bir rəsm əsəri ən güclü mühafizə mexanizmlərinin gözündən yayındırılıb qaçırılırsa, bundan böyük macəra nəyə deyirsiniz ki! Məsələn, yaxın günlərdə xəbər verilmişdi ki, Parisdəki Müasir Incəsənət Muzeyindən 500 milyon dollar dəyəri olan 5 rəsm əsəri oğurlanıb. Soyğunçular dəmir hasarın qıfılını sındırıb, şüşəni kəsib aparıblar bu inciləri… 

Dünən də oxudum ki, Putinin ən qatı tənqidçisi, bloger Aleksey Navalnını rəsm oğurluğu üstündə yaxalayıblar. O, nə muzey yarıb, nə şüşə qırıb. Küçə sərgisindən oğurlanmış rəsm əsərini onun Moskvadakı mənzilində axtarış aparan gözüaçıq polislər tapıblar. Sonra da aləmə açıqlama yayıblar ki, rəsmi oğurlayan Aleksey Navalninın dostu Georgi Alburovdur. Bu Alburov da həmin şəxsdir ki, vaxtaşırı Rusiya deputatlarının dəbdəbəli evləri haqqında silsilə məqalələr yazır. Həqiqətdə isə Navalnı həmin rəsm əsərini dostu Alburovla ad günü hədiyyəsi olaraq alıbmış. Əsərin müəllifi yerli rəssam Sergey Sotovdur. Bu, onun Vladimir şəhərinin küçələrində nümayiş etdirilən əsərlərindən biri olub.

Rusiya və Azərbaycan tipli ölkələrdə də kəskin tənqidçiləri ləkələməyin eybəcər yolları hər zaman tapılır. Amma bu, bir qədər orijinal ittiham formasıdır, deyəsən. Navalnının üstündə neçə qondarma ittiham işi olduğunu bütün dünya bilir. Tablo oğurluğu bir az şişirtmə olmadımı? Bilirəm ki, Rusiya böyük sənət əsərləri oğurluqlarının tez-tez baş verdiyi ölkələrdən biridir. Rəsmi etiraf olunmuş rəqəmə görə, hər il Rusiya muzeylərindən 50-100 sayda əsər oğurlanır. Bəlkə xatırlayarsınız, yaxın illərdə “Ermitaj”ın özündən 221 eksponat oğurlanmışdı. Onların ümumi hesablanmış dəyəri 130 milyon rubl idi. Lakin hüquq mühafizə orqanları işə bütün gücünü qoydu. Ölkə vətəndaşlarına müraciət sayəsində onları da bu işə cəlb etmək mümkün oldu və əsl cinayətkarlar tapıldı. Oğurlanmış eksponatların hamısı da geri qaytarıldı. Amma görünür ki, Navalnı məsələsindən sonra belə işlər cığırından çıxa bilər. Bütün bənzər soyğunların bir ucunu gətirib çıxara bilərlər hökumətə rəqib namizədlərin üstünə. Heç qarətin böyüklük miqyası da kimisə narahat etməz. Bənzər fakt da artıq baş verib…

Xatırlarsınız, “əsrin oğurluğu” adını alan bənzər soyğun 20 il əvvəl Bakıda da baş vermişdi. Azərbaycan Dövlət Incəsənət Muzeyindən oğurlanan yüzlərlə əsərin izi Amerikaya qədər uzandı. Sonra da 12 məşhur əsər Almaniyada tapıldı. Uzun sözün qısası, onlardan cəmi bir neçəsi geri qayıdıb yerinə gəlib çıxdı. Qalanı o gedən getdi, qeybə qarışıb yox oldu. Hələ uzaq diyarlarda bu muzeydən oğurlanmış 300-dən artıq əsər var ki, yəqin onları heç vaxt geri almaq mümkün olmayacaq. Axı heç o məhkəmənin doğru-dürüst bir araşdırılması da aparılmadı. Soyğuna vasitəçi olan böyük şəxslərin adları ört-basdır edildi, icraçıların sonu da əməlli-başlı bilinmədi. Indi Rusiya hökuməti müxalif rəqibin adını belə işlərə qarışdırmaqla pis bir ənənə yaradır. Sabah görərsiniz, bizim müxalif fikirli insanların evindən də Van Qoqun, Pikassonun və ya Salvador Dalinin milyon dollarlıq oğurluq tablosu çıxdı! Hər şey ola bilər. Biz dua edək ki, heç olmasa, ölkədə 20 il əvvəlki kimi böyük sənət soyğunları baş verməsin!