Bir nəfər məzə ilə danışırkən eşitdim bunu. Həmin adam kafedə elə hündürdən söhbət edirdi ki, eşitməmək mümkün deyildi. Zalın bütün stolları adamla dolu idi, amma bilmirəm oradakılardan neçəsi içkidən sonra tanımadıqları adamlara da nitq söyləyən o dəlisov kişinin sözlərini yadında saxlayıb. Kişi səsinin gur yerinə salıb deyirdi:
– O gün başıma iş gəlib. Indi siz deyin nə işdir elə o?
Hamı susurdu deyə, kişi özü söhbətə davam etdi:
– Ay kişi, görürəm ki, mənim qudam bir nəfərə yaltaqlanır. Bilirsiniz kimə? Mən deyim, siz də qulaq asın. Yaltağın birinə. Mənim qudam yaltağa yaltaqlanırdı. Gəl yıxılıb ölmə.
Söhbət məni çox tutdu. Əvvəlcə, ictimai qatlarına görə. Ölkə həqiqətən də yaltaqlıq bataqlığına çevrilib. Həm də ondan bir az öncə mənim də başıma iş gəlmişdi. Tanış həkim xəstə anamı göstərmək üçün bir ünlü həkimin yanına yollamışdı məni. Dərhal bizi qəbul etdi. Arada ona zəng gəldi və o, telefonda vəzifəli bir adama bilirsiniz necə yaltaqlanırdı. Televiziyalardan gördüyünüz yaltaqlar onun yanında yalan idi. Söhbətin ortasında da mənə üz tutub dedi ki, filankəs müəllimdir eee. Bilmir ki, mən onu da, onun danışdığı adamı, onun hərəkətinin mənəvi adını da yaxşı tanıyıram. Bu doktor da çox yaltaq bir adama yaltaqlanırdı. Onun yazdığı müalicə də fayda gətirmədi, ya zəlzələdən, ya vəlvələdən.
Bax, bu cür miskin günlərə gəlmişik?! Sevgili Azərbaycan hazırda insanların yaltaqlara da yaltaqlandığı bir ölkəyə çevrilib.
Bu günlərdə Yazıçılar Birliyinin qurultayı oldu. Bu birlik haqda da, Anar barədə də hər şeyi bilirdik buna qədər. O qədər də yazmışıq ki! Amma gördünüzmü, formal və heç nəyi dəyişməyən bir tədbirdən hamı danışdı, hamı yazdı. Çünki orda yaltağa yaltaqlanırdılar və şair Məmməd Ismayılın buna etiraz etməsi hadisə oldu.
Yaltaqlıq və yalan qardaşdır, amma birincisi daha iyrəncdir. Yalançı bir qədər zəhmət çəkib yalan uydurur, üstəlik, hələ ona da kiməsə inana, ya inanmaya. Yaltaq isə bilə-bilə ki, onun yalan danışdığını hamı anlayır, amma yenə də yalan danışır. Indi təsəvvür edin ki, adam qarşıdakının özünün yaltaq olduğunu bilə-bilə ona yaltaqlanır.
Mən bütün başqa işlərlə yanaşı həmişə bir iş görmüşəm. Ədəbiyyatı təbliğ etmişəm. Özüm də dayanmadan mütaliə edirəm. Həmişə də inanmışam ki, ədəbiyyat heç olmasa insanlığı yaltaqlıqdan qoruya bilər. Amma indi ədəbiyyatla üz-üzə qalmışam. Ədəbiyyat adamları mənim ölkəmdə yaltaqlığın ən rəzil sütununa çevrilib. Ədəbiyyata inamımı sarsıda bilmədiyim üçün qərara gəlmişəm ki, bu adamların ədəbiyyata dəxli yoxdur. Onlar mahir oğrulardır, ən yaxşı sətirlərini də haradansa oğurlayırlar. Əsərlərin surətini orijinaldan da yaxşı yaradanlar yoxdurmu ki?! Mən inanıram ki, yaradıcı olan adam oğrular hakimiyyətinə yaltaqlanmaz və ya bu hakimiyyətə yaltaqlananlara yaltaqlanmaz. Harada bir yaltaq yazıçı, şair gördünüzsə, bilin ki, onun əsərləri də oğurluqdur. Bir dadlı xörəyin suyundan başqa bir dadlı xörək bişirən aşpazların günündədir bunlar.
Bəzən deyirlər ki, ziyalı nə edə bilər? Məsələn, ziyalı yaltaq olmaya bilər. Onda bizim çağımızda kimsə ağalıq, yalan və yaltaqlıq rejimi qura bilməz. Əgər ziyalı yaltaq olmasa, onda siz onu gec-tez hayqırmış görəcəksiniz. Yalana susmaz belələri. Rəzillik yüz növü, min forması olan yaltaqlıqla başlayır.