Şəkili məmurlar daha bir ölümə səbəb ola bilər

İntihar edən sahibkarın xanımından şok xəbərdarlıq

«Özümü körpüdən atacam, qoy, yoldaşımın da qanı batsın, mənim də»

Bir neçə gün əvvəl Şəki Şəhər Icra Hakimiyyəti başçısının keçmiş müavini Eldəniz Qəhrəmanovla icra hakimiyyətinin keçmiş şöbə müdiri, şəhərin sabiq baş memarı Yusif Abdurahmanov barəsində məhkəmə hökmü çıxarıldı. Hər iki şəxs aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla müvafiq olaraq 1 il 6 ay və 2 il müddətinə islah işinə məhkum edildilər. E.Qəhrəmanov və Y.Abdurahmanov Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə məhkum olunublar. Onlar fevralın 3-də Şəkidə baş vermiş intihar hadisəsindən sonra həbs ediliblər. Həmin gün Şəki şəhərindəki mağazanın məhkəmə hökmü olmadan sökülməsinə etiraz edən Hikmət Səlimov Kiş çayının üzərindəki körpüdən özünü ataraq intihar edib. Hakim köməkçisinin “Mediaforum”a verdiyi məlumata görə, zərərçəkən Elfanə Səlimova hakimə barışıq ərizəsi təqdim edib: “Ərizə notarial qaydada təsdiq olunmuşdu”.
Qeyd edək ki, fevralın 7-də Respublika Prokurorluğu hadisə ilə bağlı rəsmi məlumat yayaraq bildirmişdi ki, bu il fevralın 3-də Eldəniz Qəhrəmanov və Yusif Abdurahmanov xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar kənara çıxan hərəkətlər ediblər. Elfanə Səlimovaya ayrılmış ərazidə, şəhərin Fuad Abdurahmanov küçəsində inşa edilmiş mağazaya gəliblər, məhkəmə qərarı olmadan mağazanın və mağaza qarşısında tikilmiş açıq talvarın sökülməsi üçün qanunsuz göstərişlər veriblər, həmin tikililərin bir hissəsinin traktor-ekskavatorla uçurulub-dağıdılmasına nail olublar. Bununla da fiziki şəxsin Konstitusiya ilə nəzərdə tutulan hüquq və azadlıqlarını pozublar.
Intihar edən sahibkarın həyat yoldaşı Nailə Səlimova “Media forum”a açıqlamasında bildirib ki, onlar barışıq haqqında kağızı təzyiq altında veriblər: “Məhkəmə prosesi başlayanda mən orada ərimin qanının batırılmamasını, onun ölümünə səbəb olan adamların cəzalandırılmasını tələb etdim. Hakim mənə dedi ki, bu gün o işə baxılmır. Mən isə bu işə də baxılmasını tələb elədim. Hakim mənə dedi ki, burada az səs-küy sal, yoxsa səni bayıra çıxararam. Həmin gün evə gələndə isə o biri qızım mənə dedi ki, bu gün evə zəng edib bizi hədələdilər. Hədələyən adamlar deyib ki, anana de çox çığır-bağır salmasınlar, onsuz da o adamlar həbs olunmayacaqlar, özünü öldürməsin. Çox da danışmasın, yoxsa yenə zərərli siz çıxarsınız. Bu hədədən sonra heç bilmədik nə edək. Nə edə bilərdim? Qadın başına qalmışıq. Hətta bizdən narahat olduğuna görə ailə həyatı qurmuş qızım da öz evinə gedə bilmir, bizimlə qalır. Qorxuram ki, bizim üzümüzdən onun ailəsi də ziyan çəkər”.
N.Səlimova olanlardan çox əziyyət çəkdiyini, əgər hədə-qorxular davam edərsə, təzyiqlər olarsa, həyat yoldaşı kimi addım atacağını deyib: “Mən də gedib körpünün üstündən özümü aşağı atacam. Əgər ədalət budursa, qoy onlar qalib gəlsinlər, yoldaşımın da qanı batsın, mənim də… Mən heç adi hüquqlarımı belə bilmirəm. Kimlərdənsə mənə yardım olacağına da inanmıram. Burada deyirlər ki, guya məhkəmədən sonra mən onlardan 30-40 min manat pul almışam. Amma bu yalandır, vallah-billah. Onlardan bir qəpik də almamışam. Bu qədər yalan, şər olar” Biz halal çörək yeyib yaşamışıq, bundan sonra da belə olacaq. Mən heç vaxt yoldaşımın qanı batsın deyə pul götürmərəm. O ərizəni də təzyiq altında verdik. Qızlarımın, nəvələrimin həyatını qorumaq üçün o ərizəni verdim. Bir də bizi məhkəmədə aldatdılar ki, bu iş intiharla bağlı deyil. Mən mətbuat vasitəsilə dövlət başçısına, baş prokuror Zakir Qaralava müraciət edirəm ki, bizə yardım eləsinlər”.
Fevralın 3-də Hikmət Səlimov intihar edəndən sonra Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb. Respublika Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildrmişdi ki, iş üzrə müvafiq ekspertizalar, o cümlədən tibbi, bioloci, psixiatrik ekspertizalar təyin olunub: “Hazırda istintaq tədbirləri davam etdirilir”.
Hüquqşünas Müzəffər Baxışov bildirib ki, bu cinayət işi ilə bağlı heç vaxt saxlanılan, yaxud cəzalandırılan olmayacaq: “Hüquqşünaslar arasında Cinayət Məcəlləsinin 125-ci maddəsinə ”ehtiyatda olan maddə” deyirlər. Indiyə qədər bu maddə ilə kiminsə tutulduğunu, kiminsə cəzalandığını demək mümkün deyil. Bunu tam əminliklə deyirəm”.
M.Baxışov onu da vurğulayıb ki, sözügedən şəxslərin saxlanması ilin əvvəlində ölkədə korrupsiyaya, rüşvətxorluğa, məmur özbaşınalığına qarşı başlanmış kampaniyanın görüntülərindən biri idi: “Belə işlərə Azərbaycanın bütün rayonlarında rast gələ bilərsiniz. Hətta onu xatırlamaq yerinə düşərdi ki, Hacıbala Abutalıbov Bakı Şəhər Icra Hakimiyyətinin başçısı təyin olunandan sonra paytaxtda 25 min obyekti heç bir məhkəmə qətnaməsi olmadan sökdürdü. Sadəcə, şəkili məmurlar qurbanlıq oldular.
Hüquqşünas aprelin 14-də Şəki Rayon Məhkəməsinin çıxardığı hökmün ədalətli olmadığını deyir: “Yəqin ki, hakim 62-ci maddəni verməklə onlara ən yüngül cəzanı tətbiq edib. Onlar ən ağır cəza olaraq əmlakı müsadirə olunmaqla üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilərdilər. Şəki Rayon Məhkəməsinin hökmü onların hərəkətlərinə adekvat deyil”.