Parlamentdə nurçu qalmaqalı

Azərbaycanda Gülən məktəblərinin bağlanması ilə əlaqədar deputatlar arasında fikir ayrılığı yarandı

Zahid Oruc: «O məktəblərdə oxuyan uşaqlar imkansız ailələrin uşaqları deyil, sizin, mənim kimi vəzifəlilərin övladlarıdır»

Azərbaycanda “Araz” hazırlıq kurslarının bağlanmasının səbəbi kimi, “əlavə xərclərin qarşısının alınması” göstərilir. Amma bu, sadəcə, səbəblərdən biridir. Daha doğrusu, formal səbəbdir. Bağlanan təkcə “Araz” kursları deyil. Ölkə üzrə orta təhsil verən 11 lisey də bu siyahıdadır.

Sözügedən Türk litseylərinin məzunları da, “Araz” kurslarında hazırlıq keçən tələbə və abituriyentlər də Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) “əlavə xərclərə qənaət etmək” bəhanəsi altında verdiyi bu qərarı pisləyirlər: “Deyirlər ki, təhsil müəssisələri əlavə xərclərin qarşısını almaq üçün bağlanıb. Bu təhsil ocaqları indiyə qədər necə fəaliyyət göstərmişdisə, həmin sistem üzrə davam etmək olardı”.

Bu qərardan narazı qalan tələbə və məzunların sözlərinə görə, fəaliyyəti dayandırılan müəssisələrdə təhsil, şagirdlərə qarşı davranış dövlətin ümumtəhsil məktəblərindən xeyli yaxşı idi.

Sosial şəbəkələrdə də “Araz” kursları və Türk litseylərinin bağlanması müzakirələrə səbəb olub. Istifadəçilərin bir qismi bu qərarı normal qarşıladığı halda, əksəriyyət onun əleyhinədir. Qərara qarşı çıxanlar iddia edir ki, bu məktəblər daha yaxşı təhsil verirdi. Universitetə yüksək balla daxil olan tələbələrin əksəriyyəti həmin təhsil müəssisələrinin məzunları olublar.

Onu da qeyd edək ki, “Araz” kursları və Türk litseylərinin yerləşdiyi binaların çoxunun üstündən artıq onların adları silinib.

Milli Məclisin dünənki iclasında da “Çağ Öyrətim” məktəbləri və “Araz” kurslarının bağlanması məsələsi qaldırılıb.

Deputat Fazil Mustafa deyib ki, həmin məktəblərin bağlanması strateji və tarixi səhvdir: “Biz bir neçə ildən sonra bu qərarın nə qədər yanlış olduğunun və Azərbaycan təhsilinə ağır zərbə vurduğunun şahidi olacağıq. Kampaniyaçılıq heç vaxt yaxşı olmayıb. Mən bir ingilis məktəbinin də bağlanmasının əleyhinəyəm. Son buraxılış imtahanlarının nəticəsi onu göstərdi ki, 53 faiz şagird Ana dilindən 3 alıb. Bağlanan məktəblərdə on minlərlə müəllim işsiz qalacaq. 3 ay ərzində bu qədər müəllimi hara, necə yerləşdirəcəklər? Onların əksəriyyəti işsiz qalacaq. Oturuşmuş bir təhsil şəbəkəsini bu formada dağıtmaq doğru deyildi. Heç olmasa, qəbulu dayandırardılar, təhsil alanlar isə təhsilini davam etdirərdilər. Türkiyə ilə bağlı siyasi proseslər gedir. Orada baş verənləri bura tətbiq etmək düzgün deyil. Bu məktəblərin taleyi ilə bağlı qərarı bu cür vermək olmaz. Turan Yazqanın da məktəbi var. O da sıxışdırılıb. Nə olar ki, ökədə rus, türk məktəbi də olsun. Bu qərarın gələcək Azərbaycan təhsilinə zərbə vurduğunu görürəm və bunu indidən deməyi özümə mənəvi borc bilirəm”.

Digər deputat Qüdrət Həsənquliyev isə Fazil Mustafanın çıxışına etiraz edib: “Mən Fazil Mustafanın türk məktəblərinin bağlanması ilə bağlı narahatlığını bölüşmürəm. Məktəblər dövlətin təsiri altındadır. Hər hansı dinin və ideologiyanın təsiri altında olmamalıdır. Ona görə ARDNŞ-nin qərarını alqışlayıram. Vaxtında verilmiş düzgün qərardır”.

Deputat Zahid Oruc da məsələ ilə bağlı fikirlərini bölüşüb: “Yəqin bilirsiniz ki, o məktəblərdə oxuyan uşaqlar heç də imkansız ailələrin uşaqları deyil, sizin, mənim kimi vəzifəlilərin övladlarıdır. Orada yaxşı təhsil verilirdi. Kifayət qədər uğurları var idi. Azərbaycanı təmsil edirdi. Orda təhsil alanlar kifayət qədər təhsilli uşaqlardır. Buna görə də gələcəkdə vəzifə karyeralarında bu məktəblərdə oxuduqlarına görə maneələrlə üzləşməməlidirlər.

Azərbaycan dövləti təhsil müəssisələrinin bağlanmasında deyil, inkişafında maraqlıdır. Bu qərar Azərbaycana lazım deyildi. Əgər belə bir qərar qəbul edilibsə, yəqin geniş izahı veriləcək”.

Informasiya şöbəsi