“Günahsız insanı həbs edib, onun ailəsini gözü yaşlı qoymaq dəhşətdir”
Pərviz Həşimli: “Təsəvvür edin ki, 6 yaşında uşaq dodaqlarını şüşəyə dirəyib məni öpür”
Məhbus jurnalist, hüquq müdafiəçisi Pərviz Həşimli “Media forum” saytının suallarını cavablandırıb.
Pərviz Həşimli “Moderator.az” saytının həmtəsisçisi, “Bizim Yol” qəzetinin əməkdaşı, Siyasi və Mülki Hüquqları Müdafiə Mərkəzinin rəhbəridir.
Onu vətəndaş Təvəkkül Qurbanovla birlikdə ötən il sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyi tutub. Bakı Ağır Cinayətlər Məhkəməsi onları qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, satmada və qaçaqmalçılıqda təqsirli bilib. Bu il mayın 15-də Pərviz Həşimli 8 il, Təvəkkül Qurbanov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Pərviz Həşimli hazırda Bakı İstintaq Təcridxanasında saxlanır.
– Təcridxanada gününüz necə keçir? Saxlanma şəraitiniz, səhhətiniz necədir?
– MTN-in təcridxanası ilə müqayisədə Bakı İstintaq Təcridxanasında vəziyyət normaldır. Hamıya, eləcədə də mənə eyni münasibət var. MTN-in istintaq təcridxanasında saxlandığım müddətdə prezident İlham Əliyevə, baş prokuror Zakir Qaralova, ombudsman Elmira Süleymanovaya və Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərova ümumilikdə 30 müraciət yazsam da, heç biri ünvanına çatmayıb. Bakı İstintaq Təcridxanasından da oxşar ərizələr yazmışam. Ünvanına göndərilib-göndərilmədiyini bilmirəm. Mənə deyirlər ki, göndərilir. Buna inanmaq istərdim. Ancaq hələ ki, rəsmi qəbz təqdim etməyiblər. Çox istərdim ki, mənə hökm çıxaran hakimdən Məhkəmə-Hüquq Şurasına etdiyim şikayət göndərilsin.
Səhhətimə gəlincə, gözlərimdə zəifləmə var.
– Yaxınlarınızla görüşə bilirsinizmi?
– Burada görüş verilir. Ancaq şüşə arxasından olur. Övladım üçün bu çox ağırdır. Dəfələrlə rəhbərliyə müraciət etsəm də, heç bir nəticə olmadı. Təsəvvür edin ki, 6 yaşında uşaq dodaqlarını şüşəyə dirəyib məni öpür. Həm ailəm, həm də mənim üçün bu, psixoloji baxımdan çox ağırdır. Artıq demişəm ki, mən Bakı İstintaq Təcridxanasından cəzaçəkmə müəssisəsinə göndərilənə qədər daha gəlməsinlər. Telefon danışığı hüququm tanınır.
– Siz müxalifətdə olan Xalq Cəbhəsi Partiyasının Ali Məclisinin üzvü, hökuməti tənqid edən QHT-nin rəhbəri, qəzetin əməkdaşı olsanız da, hakimiyyətin müxtəlif şəxsləri ilə əməkdaşlıq etdiyiniz barədə də fikirlər səslənir. Sizcə, həbsinizdə belə geniş şaxəli fəaliyyətinizin rolu olubmu? Ümumiyyətlə, ən qısa formada izahat verəsi olsanız, nə deyərdiniz: sizi nə səbəbə həbs ediblər?
– Mən partiya fəaliyyətindən daha çox jurnalist və hüquq müdafiəçisi kimi fəaliyyət göstərmişəm. Həmkarlarım da etiraf edər ki, Azərbaycanda özəl xəbər yazan üç-beş jurnalistdən biri olmuşam. Mənim çox geniş əlaqələrim olub. Parlamentin ən azı 40-50 deputatı, 10-12 nəfər icra başçısı, nazir müavinləri ilə tanışlığım, Daxili İşlər, Milli Təhlükəsizlik nazirliklərində tanıdığım adamlar olub. Bu mənim jurnalist kimi üstünlüyümdür. Ancaq MTN bu adamların arasında o şəxsləri hədəf seçdi ki, həmin şəxslərlə konflikt yaşayırlar. Mən həbs olunacağımı bilirdim. Çünki mənim və həmin adamların barəsində MTN-ə yaxın qəzetlərdə, saytlarda şantaj, böhtan xarakterli yazılar gedirdi. Məni izləyirdilər. Ona görə də həbsimdən öncə ABŞ səfirliyinə və Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə məktub yazdım. Bildirdim ki, ittihamın nə olacağını bilmirəm, amma məni şərləmək istəyirlər.
Həbsimin əsas səbəbi həm Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Əli Nağıyevi və onun qardaşını, həm də “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədri, deputat Cavid Qurbanovu vurmaq planları ilə bağlıdır. O insanların mənim qarşımda hər hansı gözükölgəli əməlləri olsaydı, ən azı bu 9 ayda problemlərimlə maraqlanardılar. Həbsimin digər səbəbi MTN-i tənqid etdiyim yazılardır. Həbs olunarkən bu yazılarımı qarşıma qoydular.
– Məhkəmədə dəfələrlə dediniz ki, sizdən AXCP sədri Əli Kərimli, “Azəryolservis” ASC-nin sədri, deputat Cavid Qurbanov və Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Əli Nağıyevin əleyhinə ifadə almaq istəyiblər. Həbs olunmamışdan əvvəl həmin şəxslərin əleyhinə danışmaq və ya fəaliyyət göstərmək haqda sizə hər hansı göstəriş olmuşdumu?
– Məni həbs edən günü dedilər ki, bizdə məlumat var, onlar sənin vasitənlə Əli Kərimlini və “Azadlıq” qəzetini maliyyələşdirib. Onlara bildirdim ki, bunu desəm belə, prezident inanmaz. Belə şey mümkün deyil. O adamlar prezident İlham Əliyevin ayağını qoyduğu yerə başlarını söykəyirlər. Mən heç kimə böhtan ata bilmərəm. O anlar dəhşətli həyat yaşadım. Psixoloji, fiziki işgəncələr verdilər. “Qurani-Kərim”i oxuyub güc alırdım. Məni şantaj edirdilər ki, şəxsi həyatına dair video yayacağıq. Mən Allahdan qorxdum, heç kimə böhtan atmadım.
– Jurnalistlərin və hüquq müdafiəçilərinin sizin müdafiəniz üçün gördüyü işləri qənaətbəxş hesab edirsinizmi?
– Konkret olaraq heç kəsi qınamıram. Çünki siyasi məhbus çoxdur. Mən 8 ay informasiya blokadasında olduğum üçün bu barədə konkret danışa bilməyəcəm. Bildiyim qədər Rəşid Hacılı, Emin Hüseynov, Rəsul Cəfərov, Çingiz Qənizadə, Novella Cəfəroğlu, Leyla Yunus məni ciddi müdafiə edir. Mən özəlliklə “Bizim Yol”, “Azadlıq”, “Yeni Müsavat” qəzetlərinə, “Mediaforum.az”, “Avropa.info” saytlarına, “Azadlıq” radiosuna və “Turan” agentliyinə təşəkkür edirəm. Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənliyə, Gültəkin Hacıbəyliyə, siyasi partiyalara, “Amnesty İnternational” təşkilatı başda olmaqla mənim hüquqlarımı müdafiə edən bütün beynəlxalq qurumlara təşəkkür edirəm. Həbsdə olan adam üçün mənəvi dəstək böyük şeydir. Vəkillərim Elçin Sadıqov, Bəhruz Bayramov, Fariz Namazlı, Yalçın İmanov məni tərk buraxmadılar, sağ olsunlar.
– Həbsxana insanı çoxmu dəyişir? Dustaqlıq həyata baxışınıza, ideyalarınıza çoxmu təsir edib? Həbsdə olan insan üçün azadlıq nə anlam daşıyır?
– Həbs insanı çox dəyişir. Birinci növbədə insan burada ötən illərinə qayıdır. Səhvlərini, addımlarını təhlil edir. Təsəvvür edin ki, yalnız 90 gündən sonra imkan verdilər övladımın səsini eşidim. Məni ən çox incidən, qəlbimi sızladan axtarış adı ilə evimə hücum edib 5 yaşlı qızımın, hamilə yoldaşımın üstünə silah çəkmələri oldu. Bu, həyatıma sağalmaz bir yara oldu. Bütün bunları ona görə etdilər ki, guya mən MTN-in düşmən olduğu adamların sifarişi ilə bu nazirliyin əleyhinə yazılar yazmışam.
Həbsdən cəmiyyətə baxanda insanı dəhşət bürüyür. Günahsız insanı həbs edib, onun ailəsini gözü yaşlı qoymaq dəhşətdir.
Azadlıq böyük nemətdir. Mən hələ də üzümə dayanan adamı anlaya bilmirəm. Nə qədər pul alsa da, azadlığını qurban verdi. Axı buna dəyməzdi.
– Azərbaycan Avropa Şurası Nazirlər Komitəsində sədrliyə başlayıb. Bununla əlaqədar olaraq geniş əfv sərəncamının imzalanacağı gözlənir. Əfv üçün müraciət edəcəksinizmi? Əfvə düşəcəyinizə ümid edirsinizmi?
– Azərbaycan üçün beynəlxalq imic söhbəti yoxdur. Təəssüf ki, beynəlxalq qurumların siyasi məhbusları azad etdirmək üçün xüsusi mexanizmləri də yoxdur. Bizim ölkəmizdə siyasi iradə qanundan daha hökmlüdür. Əfv məsələsinə gəlincə, mənim üçün əfvlə azadlığa çıxmaq perspektivi yoxdur. Bunu mənə MTN generalı şəxsən söyləyib. Mən Avropa Məhkəməsinə ümidliyəm.
Ağlasığmaz cəzanı verdirməklə mənə qarşı amansız və barışmaz münasibət ortaya qoyulub. Ona görə də əfvə ümid etməyim yersizdir. Qarşıda apellyasiya şikayətimə baxılacaq. Prezidentə yazmışam ki, çıxışlarınızda insan hüquqlarının qorunduğunu bəyan edirsiniz, mən Bakı Apellyasiya Məhkəməsində bu dediklərinizin doğru olmasına inanmaq istərdim. Mənə qarşı çox böyük qanunsuzluq edilib. Cinayət Məcəlləsinin 295-ci maddəsi qanunsuz hökm çıxaran hakim üçün cinayət məsuliyyəti müəyyən edir. Amma bu maddə praktikada tətbiq edilməyib. Hüquqi dövlət olsaydıq, mənə ağır cəza verən hakim cəzalanardı. Avropa Şurasının üzvü olan ölkədə bu məhkəmə sistemi rüsvayçılıqdır.