Gələcəyə gəldik artıq

Düzü deyən düzdə qalıb – bu, bizim ən çox işlənən atalar sözlərindəndir. Deyərdim ki, hətta bizim ən yaxşı atalar sözlərindəndir. Adətən onu adamları susdurmaq üçün istifadə edirlər, “nəyinə lazımdır, düzü deyib, özünü pis edəcəksən” tənəsi ilə. Lakin nə qədər zərərli məqsədə yarasa da, bu atalar sözündə bizim həyatın vacib bir həqiqəti əks olunur. Əvvəla, burada söhbət həqiqətdən gedir. Bir toplumda həqiqətdən söhbət getməsi bütün hallarda yaxşıdır. Məna da doğrudur. Hələ də bizdə həqiqəti deyənlər topa tutulur və ən pis vəziyyətdə qalırlar. Hələ də düzü deyən yaxşılar yamana çevrilir bizim ölkədə. Azərbaycan hələ də o qədim atalar sözündəki durumdan çıxmayıb. Düzü deyənlər düzdə qalır, yaxşılar yaman olur. Bütün ölkələrin keçmişi belə olub, amma bundan əsrlərdir qurtaran ölkələr var. Düzü deyənləri göz bəbəyi kimi sevirlər o ölkələrdə…

Anar düzü desəydi, Yazıçılar Birliyinin sədri seçilə bilərdimi? Ramiz Rövşənin şeirlərini oxuyanda div boyda bir varlığın nəfəsini hiss edirsən, amma artıq həyatımızda ən kiçik düzləri deyə bilmir. Bəxtiyar Vahabzadə bütün türklərin böyüklüyü barədə şeirlər yazırdı. Türkiyədə xəstəxanada bir professor onun şeirini əzbər söylədi mənə, onunla fəxr etdiyini dedi. Ancaq Bəxtiyar Vahabzadə düzü deyə bilmirdi bu dünyadan gedəndə. Rafiq Əliyev yaxşı alimdir, yaxşı adamdır, amma gördük ki, düzü deyə bilmədi, başladı elmi poeziyanın ətrafında fırlatmağa… 

Düzü deyə bilməyənlərin içərisində elələri var, düz adam olmamaq onlara heç ayıb da deyil. Tutaq ki, kreslo ona həqiqətdən əzizdir. Məsələn, Anar üçün. Ancaq Rafiq müəllim düzü demək istəyərdi, amma təhlükədən çəkindiyi şübhəsizdir…

Nəticə isə birdir. Həm də toplum üçün bunlar heç nəyi dəyişmir. Axı məsələ, Yazıçılar Birliyinə kimin sədr olmasında deyil. Kimin şair kimi sevgiyə layiq olmasında deyil. Kimin alim kimi necə olmasında deyil. Nəticə odur ki, insan taleləri ən xırda səbəblərdən məhv olur bu ölkədə. Bircə səbəbə görə: yalan ölkəni başına götürdüyü üçün. Ramiz Rövşənin “Ilan balası” şeiri yenə həmin şeirdir, amma ilanın yekəsi indi insanların həyatını zəhərləyir axı. Yalan belə zəhərli bir şeydir. Yalan ölkəni bürüyəndə və insanlar düzü deyə bilməyəndə kiminsə övladı ilan zəhərinə qarşı ən ucuz qiymətə olan zərdabın olmaması ucbatında həyatını itirir. Bu qədər sadədir bu durumun izahı.

Yuxarıda seçmə adamlardan nümunə gətirdim. Bu adamların seçdiyi yol doğrudursa, onda, Siyavuş Novruzov onlardan ağıllı, onlardan uzaqgörəndir. Başqa cür necə ola bilər?  Məsələn, Anar bu hakimiyyəti tərifləyirsə, Siyavuş Novruzovu tərifləyir həm də, Ramiz Rövşən Anarı tərifləyirsə, o da Siyavuş Novruzovu tərifləyir nəticə olaraq. Görün yalan və düzün arasında seçim etməmək nəyə gətirib çıxarır. 

Nəticə olaraq, Azərbaycan yalanın ağuşunda inildəyir. Yenə düzü deyənlər, düzdə qalır, yaxşılar yaman olur. Bəs yaxşının yaman olduğu bir ölkənin nə gələcəyi olacaq? 

Yazıçısı, şairi və alimi yalana susan, yalan danışan ölkənin gələcəyi isə elə belə olur. Bu elə gələcəyimizdir bizim. Bizim indimiz və gələcəyimiz eynidir. Bizim sabahımız bundan fərqli ola bilməz. Həmişə iki şeyi görəcəyik: neft pulu və yalan. Artıq gəldik bu yolun başına. Başqa bir yol tapmayınca, başqa yola başlamayınca bu ölkənin aldığı və verdiyi nəfəs də yalan olacaq və heç vaxt gələcəyi olmayacaq.