İtkiləri gizlətmək mümkün deyil

Xarici ölkələrə mal satışı 968,5 milyon dollar məbləğində azalıb

Iqtisadçı ekspert Nemət Əliyev öz “facebook” səhifəsində ölkə iqtisadiyyatının vəziyyətini təhlil edib, idxal və ixracın real durumunu rəqəmlərlə göstərib.

“Artıq itkiləri gizlətmək mümkün deyil və miqyas daha da böyüyüb. Gömrük məlumatlarının müqayisəli təhlili göstərir ki, 2014-cü ilin 3 ayı ərzində xarici ticarət dövriyyəsi 16,5% azalıb(ötən ilin eyni dövrü ilə müqayisədə). Itkinin məbləği 1 milyard 415 milyon dolları keçib.

Azərbaycanın xarici ölkələrə mal satışı 968,5 milyon dollar məbləğində azalıb. Maye qazın ixracı 72,7%, pambıq parça ipliyinin ixracı 60,8%, qara metaldan boru ixracı 53,4%, sürtkü yağlarının ixracı 44,6%, ağ neftin ixracı 31,3% düşüb. Çayın, meyvənin, kartofun, şəkərin, polietilenin və s. malların satışı da azalıb. MDB ölkələrinə mal satışı 46,4%, digər ölkələrə mal satışı 11% enib. Bünların hamısı, bu ilin 3 ayı ərzində baş verib (ötən ilin yanvar-mart ayları ilə müqayisədə). Daha betəri odur ki, bütün qeyri-neft mallarının ixrac səviyyəsi 15% aşağı düşüb. Baş verənlərin qeyri-neft sahələrinin inkişafına xeyli mənfi təsir edəcəyi şübhəsizdir. Milyonlarla ölçülən bu azalmalar, 3 aya 3 milyard 126 milyon manat kapital yatırımı fonunda baş verib.

3 ay ərzində idxalda 446,8 milyon dollarlıq azalma baş verib. Bu, 20%-dən çoxdur. MDB ölkələrindən gətirilən malların həcmi 17,5%, digər ölkələrdən gətirilən malların həcmi 22,1% düşüb. Qara metaldan hazırlanmış boru idxalı 66,7%, polietilen idxalı 41,1%, polad prokat idxalı 39,9%, rezin şin idxalı 30,5%, qara metaldan künclük və şveller idxalı 28,6%, metal çubuq və armatur idxalı 25% azalıb. Mal ətinin, meyvənin, buğdanın, çayın, mineral gübrələrin və sairənin idxalı da düşüb. Bütün bunlar, bu ilin I rübü ərzində əmələ gəlib. Idxalın əhəmiyyətli dərəcədə azalması daxili bazarlarımızda mal kütləsinin azalmasından xəbər verir. Kəm-kəsirləri, bir qayda olaraq qiymət artımları hesabına qarşılamaq vərdişlərinə yiyələnmiş hökumətimizin növbəti qiymət artımlarına təkan verəcəyi gözlənilir, bu tendensiya davam edəcəksə”.