«Yeni Azərbaycan» qəzeti Amerikanın xarici siyasət kursunu «təftiş edib»
Azərbaycan hakimiyyətinin ABŞ-a qarşı yürütdüyü təbliğat kampaniyası davam etməkdədir. Hər ötən gün bu təbliğatda “yeni tezislərdən” istifadə etməyə çalışan hakimiyyət ideloqlarının bu istiqamətdə ideyaları, belə görünür ki, tükənmək bilmir.
ABŞ-ın ölkəmizdəki səfiri Riçard Morninqstarın “Azadlıq” radiosuna verdiyi müsahibədə səsləndirdiyi fikirlərə qarşı sərt təpki verməklə başlayan “qara piar” kampaniyası hələ də davam etməkdədir. Təbliğat ABŞ Senatının Helsinki Komissiyasında Azərbaycanla bağlı keçirilən dinləmələrdən sonra daha geniş vüsət almağa başlayıb. Hakim Yeni Azərbaycan Partiyasının (YAP) orqanı olan “Yeni Azərbaycan” qəzetinin iyunun 18-dəki sayında ABŞ-ı sərt ittiham edən “ABŞ beynəlxalq təşkilatları qlobal dövlətin idarəetmə institutları, tərəfdaşlarını isə itaətkar yandaş kimi təsəvvür edir” başlıqlı yazısı barədə məlumat vermişdik. Geniş məqalədə əsas tənqid hədəfi seçilən ABŞ hazırda dünyada baş verən bütün kataklizmlərdə günahkar bilinir. Eyni qəzetin dünənki sayında da oxşar məzmunlu yazı dərc olunub. “ABŞ-ın hegemonluq fəlsəfəsinə söykənən xaos strategiyası: bəşəriyyət yeni qlobal təhdidlərlə qarşı-qarşıya” başlıqlı yazıda ABŞ-a xarici siyasət kursu ilə bağlı “dərs” keçilib. ABŞ-ın ötən on il müddətində xarici siyasət kursuna “ekskurs” edən məqalə müəllifi həmin siyasətin imperializm maraqlarına xidmət etdiyini və əsas məqsədinin enrji resurslarını ələ keçirmək olduğunu vurğulayıb. Qəzetin dünənki sayında maraqlı məqamlardan biri odur ki, eyni sayda ABŞ-ı sərt tənqid edən yazıyla yanaşı, Avropa Birliyini Azərbaycanın yaxın tərəfdaşı elan edən məqalə də dərc olunub…


