Leyla Yunusdan qəti mövqe

«Siyasi repressiya qurbanlarının siyahısında adı olan adamların heç birindən imtina etməyəcəm»

«Müstəqil məhkəmə olmayan ölkədə siyasi məhbuslar üçün təkrar məhkəmə tələb etmək yolverilməzdir»

Sülh və Demokratiya Institutunun direktoru Leyla Yunus siyasi məhbus siyahıları ilə əlaqədar mövqeyini açıqlayıb. Hüquq müdafiəçisi hesab edir ki, siyasi motivlərlə həbs edilmiş, repressiya qurbanı olan hər bir kəsin işinə diqqətlə yanaşılmalıdır. Leyla Yunusun fikrincə, müstəqil məhkəmə sistemi olmadığı halda, siyasi məhbuslar üçün təkrar məhkəmə tələb etmək həmin şəxslərə əlavə zərbədən başqa bir şey deyil. Leyla Yunusun bəyanatında deyilir:

“Sülh və Demokratiya Institutunun hazırladığı siyasi repressiya qurbanlarının siyahısında adı olan adamların heç birindən imtina etməyəcəm. Ölkədə repressiyalar davam etdiyindən həmin siyahıya yeni adlar əlavə oluna bilər. Lakin o siyahıdakı adamlar həbsdə saxlandıqca, onların birinin də adını siyahıdan çıxarmayacağam.

Insan Haqları Klubu Avropa Şurası Parlament Assambleyasının iyunun 23-də başlayacaq yay sessiyasında nümayiş etdirmək üçün 90 nəfər siyasi məhbusun adının yer aldığı siyahı tərtib edib. Həmin siyahı imzalamaq üçün bir sıra hüquq-müdafiə təşkilatlarının rəhbərlərinə təqdim olunub. Sözügedən siyahıdakı 90 nəfərin hamısının adı Sülh və Demokratiya Institutunun tərtib etdiyi, “Turan” informasiya agentliyinin saytında rus və ingilis dillərində yerləşdirilən, daim yenilənən siyahıda var.

Azərbaycan dilinə tərcüməyə və həmkarlarımıza çatdırdığına görə Rəsul Cəfərova təşəkkür edirəm. Bu, çox böyük və vacib işdir!

Lakin mən siyahımızda olan siyasi məhbusların birinin də adının daxil edilmədiyi siyahını dəstəkləyə bilmərəm. Bir neçə onildir ki, mən birmənalı və qəti mövqedəyəm: hətta bir nəfərin də həyatı və taleyi uğrunda sonadək mübarizə aparmaq lazımdır!

Həbsdə olan adam dəstək hiss etməli, ümidini itirməməlidir.

“Siyahılar o qədər də uzun olmamalıdır”; “həmin adamın məhkəməsində baş verənlər haqda şəxsən məlumatlı deyilik” tipli səbəblərlə kiminsə taleyinə əhəmiyyət verməmək onsuz da müdafiəsiz olan həmin adamı daha da ağır vəziyyətə salmaqdır.

Həmçinin siyasi məhbusların arasında “dərhal azadlığa buraxılmalı olanlar” və “işlərinə məhkəmədə yenidən baxılmalılar” bölgüsü də qətiyyən doğru deyil. Bu ölkədə müstəqil məhkəmə sistemi yoxdur. Məhkəmələr və prokurorluq yalnız “yuxarıdan” gələn siyasi sifarişləri yerinə yetirməklə məşğuldur. Belə olan halda, 60 nəfər siyasi məhbusun işi üzrə təkrar məhkəmə keçirilməsi təklifi yolverilməzdir.

Mən buna heç bir halda razı ola bilmərəm. Mən onlara kömək etmək üçün yaşayıram. Hesab edirəm ki, bu məsələ ilə bağlı vahid siyahı və ümumi mövqe çox vacibdir.

Sülh və Demokratiya Institutunun nəzdində yaradılan Repressiyalara Qarşı Müqavimət Mərkəzi siyasi məhbuslarla bağlı mövqeyini dəqiq ifadə edib: siyasi repressiya qurbanları dərhal azad edilməli, onların barəsində saxta cinayət işləri tərtib etmiş və hökm çıxarmış hakimlər, prokurorluq əməkdaşları cəzalandırılmalıdır!”

Aytən Məmmədova