«İraqdakı ziyarətgahları dağıdandan sonra İrana gələcək, bu ölkənin Məşhəd şəhərini yerlə yeksan edəcəyik»
“İraq-Şam İslam Dövləti (İŞİD) terrorçu qruplaşması İranı təhdid edib. ”Mediaforum”un məlumatına görə, iyunun 18-də İŞİD-in “Twitter” səhifəsində yayılan bəyanatda deyilir ki, Məşhəd şəhərini yerlə-yeksan edəcəklər. “Rafizilər (şiələr nəzərdə tutulur-red.) bilməlidir ki, bizim niyyətimiz Nəcəf, Kərbəla və Samirədəki şirk simvollarını (şiə ziyarətgahları-red.) dağıtmaqdır. Biz İraqda həmin simvolları dağıdandan sonra İrana gələcək, bu ölkənin Məşhəd şəhərini yerlə yeksan edəcəyik”, – deyə bəyanatda qeyd edilir.
Bəyanatın sonunda bildirilir ki, dünya müsəlmanları yer üzünü “rafizilər”dən silib təmizləmək üçün səfərbər olmalı, əsl Islamın tezliklə dünyaya hakim olması üçün çalışmalıdır.
İŞİD Əfqanıstan, Pakistan, İraq, Suriya, Somali, Yəmən, Türkiyə və Sudan kimi ölkələri “cihad ediləcək ölkələr”in siyahısına salıb.
Türkiyənin Mosuldakı baş konsulu ilə birlikdə 48 nəfər konsulluq əməkdaşını, 32 nəfər “TIR” sürücüsünü və 15 nəfər türkiyəli fəhləni əsir götürən İŞİD üzvlərinin qonşu ölkəni də “cihad ediləcək növbəti ölkələr” sırasına saldığı məlum olub.
“Virtualaz.org”un xəbərinə görə, Türkiyə hüquq-mühafizə orqanları tərəfindən Van, Istanbul, Adana, Qaziantep, Kilis və Kayseri şəhərlərində keçirilən əməliyyatlar zamanı xeyli sayda İŞİD üzvü saxlanılıb.
Saxlanılanlar arasında İŞİD komandirlərindən Halis Bayancuk da var. Onun yaşadığı evdə axtarış keçirən polislər İŞİD-in düşərgələrində çəkilmiş görüntülər, təlimləri əks etdirən disklər aşkarlayıblar. Ələ keçirilən materiallardan məlum olub ki, İŞİD Əfqanıstan, Pakistan, İraq, Suriya, Somali, Yəmən, Türkiyə və Sudan kimi ölkələri “cihad ediləcək ölkələr”in siyahısına salıb.
Əməliyyatlar zamanı ələ keçirilən disklərdə Halis Bayancukun danışıqları da yer alıb. H.Bayancukun “Suriyanın fəth edilməsinin ardından növbə Türkiyəyə gələcək. Inşallah Istanbulu da alacağıq” deməsi diqqət çəkib.
Əldə edilən məlumatlardan İŞİD-in daha çox idarə etmə boşluğu olan ölkələri “cihad” yeri olaraq seçdiyi məlum olur. “Cihad” qərarı verilən ölkələrə illər əvvəl adamlar göndərilir, təbliğat aparılır və əsasən də yerli insanların təşkilatın sıralarına qoşulmasına cəhdlər edilir. Təşkilat üzvlərindən ölənlər “şəhid” olaraq qəbul edilir.
Ərdoğandan İŞİD açıqlaması
“İŞİD silahlılarının dinc sakinlərin arasında gizlənməsi bu ölkəyə hər hansı hərbi əməliyyatın tətbiqini istisna edir. Hərbi müdaxilə çoxlu sayda insanın ölümünə səbəb ola bilər” – bunu jurnalistlərə açıqlamasında Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan deyib. O, İraqdakı münaqişənin məzhəblərarası toqquşmaya çevrildiyini də ifadə edib.
Ərodoğanın sözlərinə görə, İŞİD ünsürlərinin xalqın içində olması hər hansı bir hərəkat nəticəsində çoxlu sayda dinc sakinin ölümünə yol aça bilər: “Belə bir həssas durum var. İraq ordusunun da bütün mövqelərini tərk etməsi çox maraqlıdır. Hadisə artıq İŞİD-İraq ordusu arasında münaqişə olmaqdan çıxıb, məzhəblərarası müharibəyə dönüb. Bu da şiə-sünni məsələsidir. Biz bunu qəti şəkildə pisləyirik. Bir müsəlman digər müsəlmanı ”Allahu-Əkbər” deyərək öldürə bilməz. Qadınları, uşaqları, qocaları öldürməyə ixtiyarınız yoxdur. Bütün bunları Türkiyə Respublikası olaraq qəbul etmirik. Bu dəqiqə bizim əsas dərdimiz 80-ə yaxın vətəndaşımızı sağ-salamat ölkəyə gətirməkdir”.
“Vəziyyətin bu həddə çatmasına görə rəsmi Bağdad məsuliyyət daşıyır”
İraqın Kürdüstan bölgəsinin lideri Məsud Bərzani kürd xalqını İŞİD terror təşkilatına qarşı mübarizəyə çağırıb. Lent.az-ın məlumatına görə, M.Bərzani Kürdüstan bölgəsinin rəsmi internet səhifəsində yayımlanan müraciətində kürd xalqına və peşmərgələrə müraciət edib.
İraq və Kürdüstanda baş verən məlum hadisələrdən sonra kürd xalqının təhlükəsizliyinin təmin etmək üçün hamının peşmərgə və güc strukturlarına dəstək verməsini istəyən M.Bərzani təqaüdə çıxmış bütün peşmərgələrin əvvəllər bağlı olduqları hərbi birləşmələrə müraciət etməli olduğunu deyib: “Təqaüdə çıxmış bütün qəhrəman peşmərgələrimizdən daha əvvəl qulluq etdikləri hərbi birləşmələrə baş vuraraq peşmərgə birləşmələrinə kömək etmələrini və mümkün təhlükəyə qarşı hazır olmalarını istəyirəm. Bunun üçün Peşmərgə Nazirliyimiz lazım olan hazırlığı görür. Şərəfli kürd xalqı öz imkanları daxilində Kürdüstan peşmərgələrinə kömək etməlidir”.
M.Bərzani eyni zamanda, İraqda baş verənlərə görə rəsmi Bağdadı günahlandırıb: “Rəsmi Bağdadın avtoritar siyasətinin İraqı xaosa aparacağı barədə dəfələrlə xəbərdarlıq etməyimizə baxmayaraq, heç kimi bizi dinləmədi. Hamı buna şahiddir. Vəziyyətin bu həddə çatmasında birbaşa məsuliyyəti rəsmi Bağdad daşıyır”.
Təqaüdə çıxmış Peşmərgələr Birliyi isə M.Barzaninin müraciətinə “Hazırıq” cavabını verib.
ABŞ İraqa kömək edir?
“ABŞ yüksək çinli İraq rəsmilərinin nəzərinə çatdırıb ki, yalnız baş nazir Nuri əl-Maliki istefaya getdikdən sonra İŞİD-i dayandırmaq üçün hərəkətə keçə bilər”. Bu barədə “Independent” qəzeti yazıb.
“İraqın sünni toplumunun nümayəndələri Malikini onların sıxışdırılmasının əsas baiskarı hesab edirlər. Amerikanlar da belə qənaətdədirlər ki, Maliki ölkənin lideri qaldıqca sünni və şiələr arasında milli birlik baş tutmayacaq”, – deyə müəllif Patrik Kokbern qeyd edir.
Məqalədə deyilir: “Hər şeydən göründüyü kimi, Maliki hakimiyyətdən yapışıb qalıb. Hərgah, ötən 10 gündə onun 350 minlik ordusu, hansına ki, 2011-ci ildən 41.6 milyard dollar sərf edilib, sayca ondan xeyli kiçik olan rəqibin hücumundan sonra dağılıb. Maliki buna görə günahı Səudiyyə Ərəbistanının, kürdlərin, satqın generalların üstünə atıb, ancaq heç bir ciddi izahat verməyib və məğlubiyyətə görə məsuliyyəti öz üzərinə götürməyib”.
Nuri əl-Maliki hazırkı postuna 2006-cı ildə faktiki olaraq ABŞ tərəfindən qoyulub. Ancaq bu gün hesab edilir ki, o, İranın təsiri altındadır.
Başqa bir məlumatda isə qeyd edilir ki, ABŞ-ın F-18 qırıcıları İraq üzərində kəşfiyyat uçuşları həyata keçirib. ABŞ rəsmi Bağdadın kömək istəyindən sonra qırıcıları İraqa göndərib.
Rəsmi Vaşinqtonun qırıcıları İŞİD qruplaşmasına istənilən vaxt zərbə endirə biləcəklərini göstərmək üçün İraqa göndərdiyi bildirilir.
ABŞ-ın Baş Qərargah rəisi Martin Dempsi isə deyib ki, qırıcıların İraq səmasında kəşfiyyat uçuşları həyata keçirməsində əsas məqsəd onları görmək deyil, bizim onlara görünməyimizdir.
Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyə də F-16 qırıcılarını İraqa göndərmişdi.
İŞİD Mişel Obamanı ələ saldı
ABŞ prezidenti Barak Obamanın həyat yoldaşı Mişel Obamanın yeni videosu yayılıb. Mişel Obama qız uşaqlarının müdafiəsi məqsədi ilə əlində “Qızlarımızı geri qaytarın!” yazılmış lövhə tutub.
İraqı ələ keçirən İŞİD tərəfindən yayılan videoda isə Mişel Obamanın əlindəki lövhədəki sözlər dəyişdirilib. Xanım Obamanın əlindəki yeni kağız lövhədə İŞİD tərəfindən İraqda ələ keçirilən Amerikan hərbi maşınlarının geri qaytarılmasına dair fikir əks olunub.
Xatırladaq ki, İraq hökuməti Mosul şəhərində yaşanan gərginliklə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib. Mosul şəhərində İraq-Şam Islam Dövləti silahlıları ilə hökumət qüvvələri arasında başlayan qarşıdurmalar geniş vüsət alıb. İŞİD silahlıları Mosul şəhərində rəhbərliyi tamamilə ələ keçirdiklərini bəyan ediblər.
Ölkənin baş naziri Nuri əl-Maliki fövqəladə vəziyyətlə əlaqədar kişiləri orduya çağırıb. Maliki, həmçinin Birləşmiş Millətlər Təşkilatı və Ərəb Liqasından terrorizmə qarşı mübarizədə dəstək gözlədiyini bildirib.


