Kəmaləddin Heydərovdan sonra ARDNŞ şefi də baş nazirlik savaşında hərəkətə keçib
Hakimiyyət komandasında müəmmalı proseslər müşahidə olunmaqdadır. Bəzi ehtimallara görə, bu, hökumətdə yüksək postda təmsil olunan və özünü gələcək baş nazir kreslosunda görmək istəyən oliqarxların savaşıdır. Konstitusiyaya görə, Azərbaycanda baş nazir postunun tutan şəxs ölkənin ikinci adamı hesab olunur. Yəni, istənilən fors-major vəziyyətdə hakimiyyət baş nazirə keçir. Bu üzdən təbii ki, Azərbaycanda marağı olan dövlətlər üçün də bu məsələ ciddi önəm daşıyır.
“Azadlıq” hələ ötən saylarında Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun bu istiqamətdə hərəkətə keçməsi barədə xəbər vermişdi. Belə ki, “fövqəlnazir” Heydər Əliyevin təcrübəsindən istifadə edərək, Naxçıvan qruplaşmasının siyasi qolunun rəhbəri olan Ramiz Mehdiyevin oğlunu, o cümlədən Qərbi azərbaycanlıların qruplaşmasında nüfuzu olan Tibb Universitetinin rektoru, deputat Əhliman Əmiraslanovun oğlunu özünə müavin təyin etdi. Kəmaləddin Heydərovun bu cür addımları aşağı çevrələrdə də görünməkdədir. Bundan başqa, Kəmaləddin Heydərov Azərbaycandakı proseslərə birbaşa təsir etmək gücündə olan Rusiya, Türkiyə, Iranla münasibətlərini qaydasına salmaq istəyir.
“Fövqəlnazir” Türkiyə baş nazirinin müavini Bəşir Atalayı “Xidmət medalı”yla təltif edib və AKP hökuməti haqda xeyli müsbət fikirlər söyləyib.
Heydərov eyni zamanda çevrəsi və nəzarətində olan mətbuat vasitəsilə Rusiyaya reveranslar edir və bu barədə ölkə mətbuatı geniş yazır.
Dünən isə daha bir maraqlı xəbər yayıldı. “Fövqəlnazir” Iranın Sənaye, Mədən və Ticarət Nazirliyinin nümayəndə heyətilə görüş keçirib.
Kəmaləddin Heydərovla yanaşı, Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev də baş nazir postu uğurunda mübarizəyə qoşulub. Abdullayev bu yaxınlarda adı bir sıra qalmaqallarda hallanan “Laba” ləqəbli Mübariz Pənahovu ARDNŞ-in Təhlükəsizlik Idarəsinin rəis müavini vəzifəsinə təyin etdi.
Dünən isə “Azadlıq”a daha bir ilginc məlumat daxil oldu. Məlumatda bildirilir ki, ARDNŞ prezidenti ötən il “Susma” klipi və hökumətin ünvanına səsləndirdiyi tənqidi fikirlərə görə hakimiyyətin qəzəbinə gələn Hüseyn Abdullayevin bağışlanması, ölkəyə qayıtması üçün “yuxarı”larla danışıq aparır. Daha dəqiq desək, Rövnəq Abdullayev Heydər Əliyevin hakimiyyəti illərində böyük xidmətləri olan şəxslərdən özünə komanda yığır.
ARDNŞ prezidenti də Kəmaləddin Heydərov kimi Türkiyə hökumətilə münasibətlərini yaxşılaşdırmaq istiqamətində ilk addımını atıb. O, bir müddət əvvəl himayəsinə aldığı Türk liseyləri və “Araz” kurslarını qapatmaq qərarı verməklə Fəttullah Gülənlə mübarizəyə qalxan Ərdoğana ilk reveransını etdi. Təsadüfi deyil ki, bu xəbərlər Türkiyə mediasında ildırım sürətilə yayıldı. Ən maraqlısı isə odur ki, türk mediası Gülən məktəblərinin Ilham Əliyev tərəfindən deyil, Rövnəq Abdullayev tərəfindən qapadıldığını yazır.
Baş nazir postu uğrunda hərəkətə keçən təkcə bu iki oliqarx deyil. Ölkə ətrafında gedən geosiyasi proseslər gərginləşdikcə Paşayevlər də bu məsələdə fəallıq göstərirlər. Bu qruplaşmanın namizədi isə Vergilər naziri Fazil Məmmədovdur. Onun Avropa turnesi həyata keçirilib. Bu, bir növ təqdimat xarakterlidir. Təsadüfi deyil ki, hakim ailəyə məxsus “Ata holdinq”in idarəçiliyi də Fazil Məmmədova həvalə olunub.
Görünən odur ki, yaxın gələcəkdə biz baş nazir postu uğrunda daha da maraqlı proseslərin şahidi olacağıq.
İnformasiya şöbəsi