Bizim türmə – konslager

II

Penitensiar Xidmətdən bildirildiyinə görə, 12 saylı Cəzaçəkmə müəssisəsinin bir qrup dustağı adından yayılanlar – dustaqlara işgəncə verilməsi, çoxsaylı qanunsuzluq faktları – “əsassızdır”. Adına “Xidmət” deyilən, bildirildiyinə görə, araşdırma aparıb: “Məlum oldu ki”… Sizcə, nə “məlum” ola bilərdi? “Müraciəti” imzalayanların “yoxluğu”. Sən demə, 12-ci kalonda bu adda kimsə yoxdur. “Xidmət” bu yolla xalqa kələk gəlməyə çalışır: imzalar yalandırsa, demək, yazılanlar da yalandır, onların dililə desək, “əsassızdır”. “Xidmətin” başqa bir yöndən apardığı “araşdırma” da çox uğurlu alınıb: sən demə, dustaqların “müraciətini” yayan “Siyasi Məhbuslarsız Azərbaycan” qurumu “qeydiyyatdan keçməyən ictimai birlikdir”. Demək, bu qurum da o dustaq imzaları kimi yalançı qurumdur. Bax, belə: penitensiar “Xidmətin” operativ araşdırma göstəricisi!

Birinci fakt: türmələr Ədliyə Nazirliyinə bağlıdır. Ikinci fakt: “Siyasi Məhbuslarsız Azərbaycan” kimi qurumları Ədliyə Nazirliyi qeydə alır. Indilikdə bu qurum qeydə alınmaq üçün iki yoldan birini seçməlidir: 1) adını, xarakterini dəyişib, hökumətyönlü quruma çevrilməli; 2) hökumətlə (burada Ədliyə Nazirliyi) bazarlığa gedərək adına-xarakterinə uyğun olmayan çalışmalarda bulunmaqla bir sıra bəlli “hökumətdən ayrı qurumlar” kimi rejimin yardımçı qurumuna çevrilməlidir. Ortadakı çalışmalarından göründüyü kimi, qurum hələlik adına uyğun çalışmalarda bulunmaqda, eləcə də adına uyğun xarakter sərgiləməkdədir.

Penitensiar Xidmətin “araşdırma” sonucu olaraq ortaya çıxardığı nədir? Özünün xarakter görsənişi. Penitensiar Xidmətin baş qurumu olan Ədliyə Nazirliyi, bəlli olduğu kimi, məhkəmələrin də baş qurumudur. Məhkəmələrdə nə vaş verir? DƏHŞƏTLI qanunsuzluq, öldürücü özbaşınalıq! Təkcə elə sonuncu siyasi proseslərdən biri olaraq NIDAçı gəncliyin məhkəməsini yada salmaq yetər. Gəncləri bütünlüklə suçsuz yerə qanunsuzluq, özbaşınalıq yoluyla 6-8 illik məhkəmə qərarları ilə damladılar. Hələ mən son ilin Tofiq Yaqublu, Ilqar Məmmədov, Qurban Məmmədov, Anar Məmmədli, Bəşir Süleymalı ilə bağlı oxşar məhkəmə qərarlarını demirəm. Ortada polis-prokurorluq-ədliyə nazirliyi-məhkəmə-türmə adlı bütünlüklə kriminal bir sistem var. Bu sistemi görən, tanıyan, bu sistemdən keçməklə gedib türməyə çıxan dustaqlar gördükləri qanunsuzluq, özbaşınalıq faktları ilə bağlı dövlət başçısına üz tutarkən, indiki qoşullar içində ad-soyadlarını olduğu kimi yaza bilərlərmi? Onlar indiki rejimin, indiki siyasi sistemin başında duranın kimliyini gözəl bilirlər. Bilə-bilə də ona üz tutur, acınacaqlı durumları ilə tanış etmək üçün onu türməyə çağırırlar.  – axı, bu qanunsuzluq içində dağılan-dağıdılan dövlətin başqa başçısı yoxdur. Boğulanın saman çöpünə əl atmağı sonuncu güman yeri deyilmi?

Ortada gerçək dövlət, dövlətçilik olsaydı, Azərbaycan türmələrində bir belə basırıq, bunca basırıq içində dözülməz qanunsuzluq-özbaşınalıq da olmazdı. Çağdaş dünyada dustaqlıq insan olaraq bitib-tükənmək, yoxluğa yuvarlanmaq deyil, bəlkə, bundan qat-qat artıq suçunu yumaqla daha insanca insanlıq arasına dönüş dönəmi deməkdir. Çağdaş dünyada – indiki Azərbaycanda yox. Indiki Azərbaycanda IŞĞALÇI rejim yoluyla insanlıq yaşamın DIBINƏDƏK qovulub sıxışdırılıb. Türmələr də o DIBlərdən biridir. Bu rejimdə faktiki olaraq yaşamın DIBINDƏ də insanlığa dinclik yoxdur – yaşadığına, daha doğrusu, var olduğuna görə IŞĞALÇI rejim başçılarına, IŞĞALÇI rejim qulluqçularına varolma VERGISI ödəməlisən – dustaq olsan da, olmasan da! Baxın, təkcə “uğurlu neft-qaz strategiyasından” rejim başında duranlar milyardlar qazanırlar, di gəl, bu, istərsə də başqa yollarla əldə edilən milyardlar azmış kimi, üstəlik, xalqı da vəhşicəsinə soyub-yağmalayırlar! Qısası, bəlli bir Ailə üçün “Bizim market” mağazalar şəbəkəsi nə deməkdirsə, türmələr də o deməkdir – qazanc obyekti!