Əliyevdən ABŞ-a 3-cü hücum

YAP-ın təsisçisi olduğu qəzet növbəti dəfə Amerikanı sərt ittihamlarla hədəfə aldı

Azərbaycan hakimiyyətinin ABŞ-a qarşı elan etdiyi “səlib yürüşü” davam etməkdədir. ABŞ-ın ölkəmizdəki səfiri Riçard Morninqstarın “Azadlıq” radiosuna müsahibədə səsləndirdiyi fikirlərə qarşı sərt təpki ilə başlanan kampaniya ABŞ Senatının Helsinki Komissiyasında Azərbaycanla bağlı keçirilən dinləmələrdən sonra daha geniş vüsət almağa başladı. Hakim Yeni Azərbaycan Partiyasının (YAP) orqanı olan “Yeni Azərbaycan” qəzetinin, demək olar, hər sayında Amerikaya ayrıca məqalə həsr olunur. Məqalə müəllifləri Amerikanın tarixinə “ekskurs” edərək, ABŞ-ı az qala insanlığa qəsddə ittiham edirlər. 

Bu baxımdan “Yeni Azərbaycan” qəzetinin dünənki sayında “ABŞ beynəlxalq təşkilatları qlobal dövlətin idarəetmə institutları, tərəfdaşlarını isə itaətkar yandaş kimi təsəvvür edir” başlıqlı yazı da bu qəbildəndir. ABŞ-a qarşı sərt ittihamların səsləndirildiyi bu məqalədə də Amerika insan haqlarından vasitə kimi istifadədə suçlanır. Məqalənin ruhu ilə tanış olmaq üçün yazının sadəcə olaraq başlıqlarına diqqət yetirmək kifayətdir: “ABŞ beynəlxalq təşkilatları iradəsinə tabe edir” yarımbaşlıqlı hissədə “Amerika dünya hegemonluğuna nail olmaq üçün BMT və onun qurumları başda olmaqla nüfuzlu beynəlxalq təşkilatları öz iradəsinə tabe etməyə, onlardan öz maraqlarını qoruyan beynəlxalq rıçaqlar kimi yararlanmağa başladı”… 

Məqalənin “Heç kim ABŞ-a ”beynəlxalq arbitr” səlahiyyətini verməyib” başlıqlı hissəsində isə “Amerikanın özünün dünya hegemonluğuna haqq qazandırması üçün ABŞ prezidenti səviyyəsində ”Amerika müstəsnalığı” ideyasının təbliğ olunmasının altı “cızılır”. Məqalə müəllifi vurğulayır ki, bu ideya Birləşmiş Ştatların dünyada sülhün, sabitliyin, təhlükəsizliyin bərqərar olunmasında müstəsna səlahiyyətləri olan superdövlət olduğunu aşılayır… “Hegemonluq siyasətinin qlobal miqyasda ağır nəticələri” bölümündə ABŞ-a xarici siyasətin necə yürüdülməsi ilə bağlı “dərs” keçirilir. “ABŞ-ın dünyada hegemonluq, hakim güc, arbitr, ”qlobal polis” olmaq iddiaları bir qayda olaraq bu ölkənin imperialist maraqlarına xidmət edərək, dünyada münaqişələrin daha da artmasına səbəb olur”… “Yaxın Şərq ölkələrinin nefti və pulu hara ”qeyb” olub?” yarımbaşlığının altında isə bölgədə baş verənlərə görə yeganə günahkar kimi Amerika göstərilir. ABŞ konkret olaraq bölgə ölkələrinin sərvətlərinin mənimsənilməsinin müqabilində onlara problemlər gətirməkdə ittiham olunur. 

“Yaxın Şərq qanunsuz orqan alverinin mərkəzinə çevrilib” hissəsində bir qədər əndazənin aşıldığı hiss olunur. Burada hər cür əsaslandırılmağa çalışılır ki, ABŞ bölgədəki bu problemin də yeganə baiskarıdır. “ABŞ-ın ”tərəfdaş” yanaşması” başlığı altında isə dünyadakı demokratikləşmə prosesinə toxunulub. Postsovet məkanında gedən demokratikləşmə prosesinə kölgə salmaq üçün dəyişikliklərin heç də həmin xalqların maraqlarına uyğun olmadığı sübuta yetirilməyə çalışılır: “Inqilabların baş tutduğu ölkələrdə ABŞ-ın dəstəyi ilə hakimiyyətə gələn qüvvələr sonradan rəsmi Vaşinqtonla normal münasibətlərə arxalana bilmirlər. Çünki ABŞ dərhal yeni hökumətlərə qarşı çıxan müxalifəti dəstəkləməyə başlayır. Belə görünür ki, hakimiyyətə hansı qüvvələrin gəlməsindən asılı olmayaraq, ABŞ ölkələrin daxilində ”beşinci kolon” yaradaraq, onu yerli hökumətə qarşı gücləndirmək niyyətindədir”.

“Vaşinqtonun Qarabağ münaqişəsini Azərbaycana təzyiq rıçağı kimi görməsi” başlığı altında yazılanlar isə ABŞ-dan daha çox Rusiyanın ünvanına səsləndirilə bilər. Çünki məhz Kremlin Qarabağ problemindən hər iki münaqişə tərəfinə təzyiq vasitəsi kimi istifadə etdiyi məlum məsələdir. Bunu həm Kremlin yürütdüyü xarici siyasət kursu, həm də Rusiya rəsmilərinin verdiyi açıqlamalar sübut edir.

Artıq bununla neçənci dəfədir ki, YAP-ın təssisçisi olduğu qəzet Amerikanı hədəf seçərək, sərt ittihamlar səsləndirir. Səslənən ittihamlara qarşı tərəfin nə zaman və hansı formada cavab verəcəyi maraq doğurur. Əslinə qalsa, ABŞ-dan son dönəmlər Azərbaycan hakimiyyətinin ünvanına səslənən reallığa söykənən ittiham dolu mesajlar ən gözəl cavab sayıla bilər…

Hikmət