Hakimiyyətin anti-ABŞ kampaniyası effekt vermədi

«Siyasi şivən»lik demokratiya tələbini arxa plana keçirməyəcək

Hakimiyyətin ABŞ-a qarşı aqressiyası davam edir və imkan tapdıqca bu ölkəni müxtəlif məsələlərdə ittiham edirlər. ABŞ səfiri Riçard Morninqstarın məlum müsahibədə səsləndirdiyi fikirlər və Helsinki Komissiyanın hakimiyyətə verdiyi mənfi qiymət, Əliyev komandasında ciddi təlaş yaradıb. Səslənən fikirlərə qarşı sağlam arqument tapmadığı üçün isə,  hakimiyyət bir qayda olaraq “şantaj” dili ilə danışır.

Riçard Morninqstarın “hakimiyyət monolit deyil” ifadəsindən sonra bu adama qarşı böyük cəbhə açıldı və hakim komanda təhqirdən belə çəkinmədi. Hakimiyyət düşünürdü ki, belə incik dillə danışmaqla ABŞ-dan gələn demokratiya tələbini ikinci plana keçirə bilər və müəyyən vaxt əldə edər.

Ancaq ABŞ səfirinin “Turan”a açıqlaması göstərdi ki, rəsmi Vaşinqton Azərbaycn hakimiyyətinin “siyasi şivən”ini ciddi qəbul etməyib.

ABŞ səfiri Helsinki Komissiyasının dinləmələrinə münasibət bildirərkən bunun çox yaxşı və tarazlı olduğunu söyləyib: “Hər iki ölkənin bu məsələlər üzrə birlikdə necə işləməsi barədə də məqamlar qeyd olunub. Azərbaycan ABŞ-ın güclü dostu, tərəfdaşı olaraq qalır və biz ölkələrimiz arasındakı birgə maraqları əhatə edən bir sıra məsələlər, o sıradan demokratiya və insan haqları məsələləri üzrə birgə işimizi davam etdirməliyik”, deyə Morninqstar qeyd edib.

Ölkədə demokratiya, insan haqları, siyasi məhbus məsələsi ilə bağlı problemlərin həlli barədə suala isə ABŞ səfiri belə cavab verib: “Mənim buradakı fəaliyyət müddətimin son gününə qədər biz hökumətlə bu fəaliyyətimizi davam etdirəcəyik. Mənim fəaliyyət müddətim başa çatdıqdan sonra da bu işlər davam etdiriləcək”.

Təbii ki, ABŞ kimi bir ölkə Azərbaycan hakimiyyətinin “incik-balans” siyasətinin qarşısında geri çəkilə bilməz. Bu həm də ABŞ-ın imicinə mənfi təsir göstərərdi.

ABŞ səfirinin kütləvi hücumlardan sonra geri çəkilməyərək yenə də öz mövqeyini ifadə etməsi, hakimiyyətə növbəti mesaj oldu.

“Mənim fəaliyyət müddətim başa çatandan sonra da bu işlər davam etdiriləcək” ifadəsini də mesaj kimi qəbul etmək lazımdır. Səfir demək istəyir ki, onun səsləndirdiyi fikirlər şəxsi mövqeyi deyil, ABŞ-ın siyasi xəttidir.

Deməli, hakimiyyətin yeni səfiri “ovsun”lamaq şansı qalmır və “bu səfirin şəxsi fikridi” arqumenti də sıradan çıxır 

Ümumi mənzərə onu göstərir ki, hakimiyyətin antiABŞ kampaniyası öz istəyinə çatmadı və ənənəvi gedişlər effekt vermədi.

Hakimiyyət üçün ən pis xəbər odur ki, bugünə qədər sipər kimi istifadə etdiyi neft-qaz amili, artıq zərbələrdən qoruya bilmir.

Ilham