NATO-ya qarşı savaş açmağa dəyməz

Azərbaycan məmurları mövsümi siyasi çıxışlarla yadda qalmaq istəyirlər

Iki gün əvvəl Bakıda Əməliyyat Imkanları Konsepsiyası taborunun 2-ci səviyyəli NATO qiymətləndirməsi üzrə təliminə hazırlıqla əlaqədar məsləhət görüşü keçirilib. Tədbir zamanı xüsusilə yadda qalan məsələlərdən biri də Azərbaycan parlamentinin vitse spikeri Ziyafət Əsgərovun xüsusilə aqressiv davranışı oldu. Bu məsələ ilə bağlı NATO Əməkdaşlıq Institutunun prezidenti Fərrux Məmmədova sual ünvanladıq.

-Ziyafət Əsgərovun “Ermənistan işğalçı və terrorçu dövlət olduğu üçün NATO PA-dan çıxarılmalıdır” kimi fikrləri nə qədər əsaslıdır? Bu sualı zəruri edən başqa bir məsələ də var. Bəllidir ki, indi Rusiya regiondakı aqressiv davranışlarına görə ən müxtəlif mötəbər birliklərdən təcrid edilir. Eyni sanksiyalar nə üçün Ermənistana tətbiq edilmir?

Hər şeydən əvvəl onu demək istəyirəm ki, Ziyafət Əsgərovun bu bəyanatı daxili auditoriyaya hesablanıb. Sualın mahiyyətinə gəlincə, NATO Cənubi Qafqaza münasibətdə həqiqətən də fərqli siyasət həyata keçirir və məncə, bu siyasət Ziyafət Əsgərovun tələbləri üzərində qurulmayıb. Bu siyasətin əsas xətti Cənubi Qafqazın Rusiyanın hərbi-siyasi təsir zolağından çıxarılmasıdır. Bir qədər dərindən düşünsək, bu siyasətin uğurunun Qarabağ məsələsinin həllində müstəsna təsirinin ola biləcəyini görməmək mümkün deyil.

Təəssüf ki, bir çox strateji məsələlər üzrə Azərbaycan tərəfinin səsləndirdiyi fikirlər ya vaxtı keçmiş mülahizələr olur, ya mövsümi olur, ya da sadəcə olaraq, populizm xarakteri daşıyır.

Məsələn, kim başa düşmür ki, Qarabağın işğalı rus siyasətinin və Rusiyanın Zaqafqaziyada hərbi mövcudluğunun hesabına baş verib? Buna görə də, Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə bağlı bütün suallar ilk növbədə Rusiyaya ünvanlanmalıdır, NATO-ya yox.

Bu məsələnin bir də ümumi tərəfi var. Son zamanlar Azərbaycanın siyasi rəhbərliyinə daxil olan insanların yeri gəldi-gəlmədi, Qərbi və NATO-nu ittiham etməsi, sanki bir ümumi ritorikaya çevrilib. Məncə, bu, məntiqli davranış deyil. Rusiyaya verilməli olan sualları, ona ünvanlanmalı olan ittihamları NATO-ya ünvanlamağın anlamı yoxdur.

-Qeyd etdiniz ki, son zamanlar Azərbaycan rəsmiləri antiQərb ritorikalı bəyanatları tez-tez səsləndirirlər. Bu, nədən qaynaqlana bilər?

Açığı, antiQərb ritorikalı bəyanatları, sadəcə son zamanlara aid etmək də bir az dəqiq olmur. Hər zaman insan haqları ilə bağlı problem qabaranda və Azərbaycana bu istiqamətdə tələblər və təzyiqlər artanda ölkə rəsmiləri Qərblə savaşa başlayır və yersiz ittihamlar baş alıb gedir. Amma indi, görünür, regionda gedən başqa siyasi proseslər də antiQərb ritorikasına müraciət etməyə səbəb olub. Bu, Rusiyanın yaratdığı yeni və faktiki olaraq, ölü siyasi birliklə bağlıdır. Söhbət Avrasiya blokundan gedir. Azərbaycan hələ ki, birmənalı olaraq, nə Qərbə, nə də Rusiyaya aid bloklara qoşulmaqla bağlı mövqe açıqlayıb. Bu ərəfədəki antiQərb ritorikası Qərbi insan haqları ilə bağlı problemlərə göz yummağa təhrik etmək üçündür. Başqa tərəfdən, Azərbaycan avtoritar ölkədir və burada prezident, yəni birinci şəxs öz mövqeyini açıqlayana qədər müxtəlif dövlət məmurları tərəddüdlü və istiqamətsiz hücumlar edə bilərlər. Hətta erməni diaporunun fəaliyyəti ilə bağlı da NATO ittiham edilə bilər. Əslində isə məsələn, Erməni diasporu hansısa fəaliyyətlər göstərirsə, buna qarşı Azərbaycan diasporunun gücündən faydalanmaq lazımdır. Azərbaycan hakimiyyəti, hətta disporu da ya arqumentlərdən məhrum edən siyasət yürüdür, ya da bu kontingenti özünün siyasi maraqları naminə parçalamaqla fəaliyyət imkanlarını məhdudlaşdırır. Bunu sözgəlişi dedim. Amma bir özəl məsələ var ki, Azərbaycanın tarixində Rusiyanın oynadığı neqativ rolu görüb dəyərləndirməmək və bu rolu sadəcə olaraq, demokratiya və Azərbaycan vətəndaşlarının azadlıqlarını tələb edən Qərbin siyasəti ilə müqayisə etmək olduqca yanlış yanaşmadır. Bir qədər strateji düşünmək və ölkənin mənafelərini indi hakimiyyətdə olan komandanın maraqları ilə qarışdırmamaq lazımdır. Buna görə də NATO, Avropa Birliyi kimi nəhəng birlikləri arqumentsiz hücumlarla şantaj etmək cəhdlərinə son qoymaq və əksinə, bu cür qüvvələrin Azərbaycanın dostlarına çevrilməsi üçün ciddi işlər görmək lazımdır.

azadlıq.info