Prokuror gənc bloggerə 6 il həbs cəzası istədi

Vəkil isə Ömər Məmmədovun tənqidçi fəaliyyətinə görə şərləndiyini konkret faktlarla sübut etdi

“Facebook”da hökumətə qarşı tənqidçi fəaliyyətinə görə narkotiklə şərlənərək həbs olunmuş daha bir gənc bloggerin məhkəməsi yekunlaşır. Söhbət Kipr universitetinin ikinci kurs tələbəsi, “AzTV-dən seçmələr” səhifəsinin admini olmuş 19 yaşlı Ömər Məmmədovdan gedir.
Bakı Ağır Cinayət Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb. Prokuror çıxış edərək, Ömər Məmmədovun 6 il azadlıqdan məhrum edilməsini istəyib. Prokurorun sözlərinə görə, Ömərin gəncliyi, ilk dəfə məhkumluğu yüngülləşdirici hallar kimi nəzərə alınıb.

Daha sonra gənc fəalın vəkili Xalid Bağırov müdafiə nitqilə çıxış eib. Vəkil Ömərin həbsinin siyasi sifariş olduğunu, onun üzərindən tapıldığı iddia olunan narkotikin əslində, ona məxsus olmadığını, polis əməkdaşları tərəfindən qoyulduğunu təsdiqləyən faktları məhkəmənin nəzərinə çatdırıb. Xalid Bağırov Ömərin həbsinin “facebook”dakı fəaliyyəti, ötənilki prezident seçkilərində Cəmil Həsənlinin seçki kampaniyasında fəal iştirakı ilə bağlı olduğunu vurğulayıb: “Ömər Məmmədovun atası Elyar Məmmədov Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsinə çağırılarkən ondan oğlunun bu fəaliyyətini dayandırmağı tələb ediblər. Əks halda, Elyar Məmmədovun özünü həbs edəcəklərini deyiblər. Ömər də buna görə həm ”facebook”dakı səhifənin adminliyindən imtina edib, həm də “NIDA” Vətəndaş Hərəkatından ayrılıb. Lakin buna baxmayaraq, onun atası ötən il dekabrın 31-də yenidən idarəyə çağırılıb və yenidən təzyiqə məruz qalıb. Ömər Məmmədov yanvarın 20-də Bakıya gəldikdən bir gün sonra özü və atası Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsinə aparılıb, orada onun şəxsi kompüterinə baxış keçirilib. Evə buraxılsa da, onun kompüteri və şəxsiyyət vəsiqəsi idarədə saxlanılıb. Bundan bir gün sonra Ömər Məmmədov diş həkiminə gedir, poliklinikadan çıxandan sonra isə Azərbaycandakı gənc “narkobaronların” sırasına qoşulur…”.

Vəkil Ömərin günahsızlığını sübut edən faktları ötən məhkəmə iclasında məhkəməyə təqdim etsə də, hakimlər həmin sənəd-sübutları araşdırmaqdan imtina etmişdi. Xalid Bağırov çıxışında bu məsələyə də toxunub. Qeyd edək ki, söhbət Ömər Məmmədovun üzərindən narkotik çıxdığını təsdiqləyən hal şahidlərinin bir sıra başqa cinayət işlərində də eyni funksiyanı yerinə yetirdiyini sübut edən məhkəmə qərarları, gənc fəal Kiprdə olarkən atasının “bandotdel”ə aparıldığını təsdiqləyən yazışmalar və s. sənədlərdən gedir: “Biz Ömərin atasının dindirilməsilə bağlı vəsatət versək də, onu dindirmədiniz. Ömərin anası ilə ”Skype” yazışmalarını araşdırmağınızı xahiş etsək də, onu da eləmədiniz. Orada yazılıb ki, “Ömər, yenə atanı axtarırlar”. O da cavab verir ki, “mən səhifəni idarə etmirəm artıq… Səhifəni bağlamışam, onu buraxacaqlar”. Oğlunun həbsindən sonra Elyar Məmmədov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinə teleqram vurur ki, Ömərin noutbukunu və şəxsiyyət vəsiqəsini geri qaytarsınlar. Idarədən ona cavab verirlər ki, vəsiqə və noutbuk Nərimanov Rayon Polis Idarəsində müstəntiqə verilib. Narkotikin qanunsuz dövriyyəsinin noutbukla nə əlaqəsi var? Baş əməliyyat müvəkkili Xəyal Nəsibov ifadəsində Ömərin təxminən on gündür narkotik yayımı ilə məşğul olduğunu deyir. Ömər isə həbsindən cəmi 3 gün əvvəl Azərbaycana gəlmişdi. Bundan başqa, Xəyal Nəsibovun ifadəsinə görə, əməliyyat məlumatında Ömərin ünvanı da qeyd edilib. Halbuki, Ömər illərdir həmin ünvanda yaşamır. Məlum məsələdir ki, sadəcə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsindən Xəyal Nəsibova Ömərin şəxsiyyət vəsiqəsində qeyd edilən məlumatları ötürüb, deyiblər ki, bu şəxs tutulmalıdır. Qramla, kilo ilə – fərqi yoxdur, nə ilə tutursan, tut”.

Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin günahsız olduğunu bəyan edərək, ona bəraət verilməsini istəyib.
Məhkəmə prosesi iyunun 25-də gənc fəalın son sözü ilə çıxış edəcək.

Aytən Məmmədova