Rəsmi Bakı Türkiyədə kimə dəstək verəcək?

Zahid Oruc: «Ərdoğanın namizəd olub, qalib gəlməsini istəyərdim»

Türkiyə tarixində ilk dəfə keçiriləcək prezidenti seçkiləri öncəsi maraqlı proseslər cərəyan etməkdədir. Cümhuriyyət Xalq Partiyası ilə (CHP) Milliyətçi Hərəkat Partiyasının (MHP) razılığa gələrək İslam İşbirliyi Təşkilatının keçmiş rəhbəri Ekmeleddin İhsanoğlunu vahid namizəd kimi irəli sürməsi digər siyasi qüvvələri də hərəkətə gətirib. Türkiyə mətbuatının şərhlərinə görə, seçkiyə qədər Gülən tərəfdarlarının da bu birliyə dəstək verəcəyi istisna deyil. Eyni zamanda digər müxalifət qüvvələri də artıq bu istiqamətdə müzakirələrə başlayıblar. Müxalifətin vahid namizədinə daha bir dəstək Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəldən gəlib. Yaranmış situasiyada daha bir maraqlı tərəf Azərbaycan hakimiyyətinin atacağı addımlarla bağlıdır. Çünki Azərbaycan hakimiyyətinin İhsanoğlu ilə də müəyyən münasibətləri var. Siyasi ekspertlərin fikrincə, məhz bu məqam Azərğbaycan hakimiyyətinə ciddi qeyri-müəyyənlik yaşadır. Əlbəttə ki, Türkiyə prezidentinin seçimi ilk növbədə türk xalqının iradəsinin ifadəsi olacaq. Amma Azərbaycan hakimiyyətinin bundan əvvəlki davranışlarını nəzərə alarıqsa, bu məsələdə də mövqe sərgilənməsini gözləmək olar. Düzdür, seçki kampaniyasının əvvəlində hakimiyyət diplomatik mövqe sərgiləyərək neytral mövqe seçə bilər. Amma zaman ötdükcə hakimiyyətin üstünlüyün kimin tərəfinə keçməsindən asılı olaraq addım ata biləcəyi istisna edilmir. 

Millət vəkili Zahid Oruc da vurğuladı ki, Türkiyənin növbəti, amma ümumxalq seçkisiylə seçiləcək prezidentinin kimliyini ilk növbədə türk xalqı müəyyənləşdirəcək. Türk xalqının bu seçkini heç bir siyasi böhrana yol vermədən sona çatdıracağına əmin olan Z.Oruc İlhsanoğlunun Azərbaycan cəmiyyətində həqiqətən yaxşı tanındığını etiraf etdi: «Hələlik Türkiyənin baş naziri prezidentliyə rəsmi namizədliyini irəli sürməyib. Ona görə konkret müxalifət qüvvələrinin hansı namizədə qarşı olduğu dileması bu gün də aktuallığın qoruyur. İqtidar partiyası qərarını verdikdən sonra əgər bu namizəd Ərdoğan olacaqsa, bizim üçün əsas sual hansı namizədin Türkiyə-Azərbaycan münasibətlərini daha da irəli aparacağı olmayacaq».

Z.Orucun fikrincə, Türkiyə parlamentar idarəetmə sisteminə malik olduğundan, hətta Türkiyənin yeni prezidenti Azərbaycana yönəlik siyasətlə bağlı ciddi dəyişikliklər reallaşdırmaq istəsə onu gerçəkləşdirmək çətin olacaq. Amma Z.Orucun fikrincə, keçmişdən gələn bir sıra bağlar nəzərə alınarsa o, Ərdoğanın seçkidə qalib gəlməsinin tərəfdarıdır: «Bizim cəmiyyətdə Ərdoğana qarşı bir sıra tənqidlər olsa da, düşünmürəm ki, onun idarəçiliyi avtoritar idarəetməyə xidmət edir. Mənim mövqeyimi soruşsanız Ərdoğanın namizəd olub, qalib gəlməsini istəyərdim».

Xəyal