Gəncədə jurnalist həbs edildi

Ərşad İbrahimov Kəlbəcərin təhsil şöbəsinin keçmiş müdirindən hədə-qorxu ilə pul tələb etməkdə günahlandırılır

Keçmiş müdirin özünün də barəsində korrupsiya əməllərinə görə Baş Prokurorluqda istintaq gedir

Gəncə şəhər Ağır Cinayətlər Məhkəməsində jurnalist Ərşad Ibrahimov barəsində həbs qərarı çıxarılıb. Bu barədə Ərşad Ibrahimovun qardaşı mediaya xəbər verib.
Onun sözlərinə görə, Ərşad Ibrahimov Kəlbəcər rayon təhsil şöbəsinin keçmiş müdiri, hazırda barəsində Baş Prokurorluğun  Korrupsiyaya Qarşı Mübarizə Idarəsində korrupsiya əməllərilə əlaqədar cinayət işi açılmış Məhəmməd Bağırovun vəsatəti əsasında həbs edilib.
Qeyd edək ki, Ərşad Ibrahimov Kəlbəcər rayon təhsil şöbəsinin keçmiş müdiri Məhəmməd Bağırov tərəfindən bir müddət əvvəl məhkəməyə verilmişdi. Buna səbəb isə Ərşad Ibrahimovun onun rəhbərlik etdiyi dövlət idarəsindəki korrupsiya faktlarıyla bağlı yazıları olmuşdu. Məhz bu yazılardan sonra Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Idarəsi Məhəmməd Bağırovun rəhbərlik etdiyi dövlət  müəssisəsində araşdırma aparmış və yazılanlar öz təsdiqini tapmışdı. Bununla əlaqədar Baş Prokurorluq bəyanat da yaymışdı.
Lakin həmin faktlardan yazan jurnalist Ərşad Ibrahimov indi Məhəmməd Bağırovun vəsatəti əsasında həbs olunub.
Baş Prokurorluq da jurnalistin həbsi barədə məlumat yayıb. Məlumatda bildirilir ki, jurnalist Ərşad Ibrahimov 2012-2013-cü illərdə Kəlbəcər rayon Təhsil şöbəsinin sabiq müdiri Məhəmməd Bağırovdan onun barəsində rüsvayedici məlumatları yaymaq hədəsilə 30 min manat pul tələb edib. Lakin Bağırov pulu verməkdən imtina etdiyi üçün Ərşad Ibrahimov 13 aprel 2013-cü ildə “Youtube”da “Kəlbəcər rayon təhsil şöbəsinin sabiq müdiri Mamed Bağırov 17 yaşlı qızı zorlayıb” başlıqlı informasiya yerləşdirib.
M.Bağırovun müraciəti əsasında Gəncə şəhər Baş Polis Idarəsinin Istintaq və Təhqiqat idarəsində Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb. Ə.Ibrahimova həmin maddə ilə ittiham elan olunub, lakin barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib. Cinayət işi baxılması üçün Gəncə şəhər Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmənin gedişində Ərşad Ibrahimovun şahidlərə təsir göstərdiyi əsas gətirilərək, barəsindəki qətimkan tədbiri dəyişdirilib və o, dünən məhkəmə zalından həbs olunub.
Prokurorluğun məlumatında o da qeyd olunur ki, bəzi media orqanlarında Ərşad Ibrahimovun guya, “Azadlıq” qəzetinin əməkdaşı olması barədə informasiyalar həqiqəti əks etdirmir.