Təsəvvür edək ki, müharibə başlayıb…

Bəri başdan demək istəyirəm ki, mənim yazdıqlarım sadəcə mülahizələrim, korrupsioner və rüşvətxor rejimin müharibə şəraitində qeyri-ixtiyari davranış qaydalarına əvvəlcədən baxışdır. Ilham Əliyev və komandasının müharibənin başlanması ilə özünü necə aparacağı ilə bağlı fikirlərimdir. Düşünürəm ki, sizin üçün də maraqlı olacaq. Bu yazını “icra başçılarının ”voenkomlara” həsəd aparacağı gün” də adlandırmaq olardı, lakin məqsədimi bəri başdan bəlli etmək istəmədim. Nə isə, keçək mətləbə…. 

Yəqin siz də fikirlə razılaşarsınız ki, hazırda biz qeyri-ciddi müharibə bəyanatları dövründə yaşayırıq. Iqtidar ölkədəki ağır ictimai-siyasi həyatdan, korrupsiya və repressiyadan diqqəti yayındırmaq üçün hazırda ucuz müharibə və hədə dolu çıxışlar edir, hər an müharibəyə hazır olduğunu vurğulayır. Paralel olaraq, hər şeyə qadir, məğlubedilməz Azərbaycan Ordusu imici formalaşdırılır. Hətta mənə də bəzən elə gəlir ki, bizim dislokasiya yerləri sirr kimi saxlanılan və ABŞ-ın “dəniz pişiklərini” xatırladan hər şeyə qadir  ordumuz var. Özü də bu “mübhəm” ordunun başında yalnız professionallar durur. Müdafiə naziri kimi bizə təqdim edilən Zakir Həsənov və onun polis dostlarının başında durduğu Milli Ordu isə, sadəcə “kamuflyaj”dır, düşməni “duza gətirmək”dir. Özünüz düşünün, müharibə vəziyyətində olan bir ölkənin müdafiə naziri Silahlı Qüvvələrdə cəmi 4 il xidmət edib, hava hücumundan müdafiə sisteminə keçmiş polis rəhbərlik edir. Mən qəsdən dərinə getmirəm, mətbuatın yazdığını təkrarlayıram… 

Təsəvvür edək ki, müharibə başlayıb… Yəqin ki, ilk ağla gələn ümummilli səfərbərlik olacaq. Necə olacaq, bu günə qədərkindən fərqlənəcəkmi? Hərbi çağırışı həyata keçirənlər öz köhnə vərdişlərindən əl çəkə biləcəklərmi? 

Bu şəxsən mənə qeyri-mümkün görünür, çünki rüşvət narkotik aludəçiliyindən də güclü bir mərəzdir və müalicəsi qeyri-mümkündür. 

Uşağını əsgərliyə göndərən istənilən valideyni danışdırın. Yüz valideyndən doxsan doqquzu sizə övladını hansı yollarla Murov və təmas xəttindən qurtardığını danışacaq və bu prosesin ona neçəyə başa gəldiyini deyəcək.  

Rejimin müharibə ritorikası ilə paralel olaraq ölkədə hərbi-vətənpərvərlik sahəsində hansısa işlərin görüldüyünü demək olduqca çətindir. Ordudan səngiməyən ölüm xəbərləri gəlir. Yeganə irəliləyiş… bəzi şəhidlərin dəfnində zabitlərin iştirakıdır. Gənclərin hərbi-vətənpərvərlik ruhunun qaldırılmasında əsas rol oynaya biləcək ölkə telekanalları təxminən on ildən çoxdur ki, bu mövzuda yalnız bir süjeti efirə verməklə məşğuldur. Təxminən iki dəqiqəlik süjetdə üz-gözü qaralanmış idmançı cüssəli gənclər kərpic qırır, gümrah səslə salam verirlər, vəssalam. 

Yaşlı və orta nəsil Əbülfəz Elçibəy zamanında müharibənin necə aparıldığını gözəl xatırlayırlar. Telviziyalardan vətənpərvərlik mövzusunda yazılmış “Sıravi Əhməd”, “Azərbaycan əsgəri”, hərbi marşlar əksik olmurdu. Hazırda həmin mahnı və marşlara qeyri-rəsmi qadağa qoyulub, bilirsinizmi, niyə”.

Ona görə ki, bu Elçibəy dövrünü və o dövrün müharibə ruhunu – xalqımızın qəhrəmanlıq səlnaməsini xatırladır… 

Müharibə aparmaq, rüşvət yığmaq, ölkəni talamaq qədər asan deyil, çox ağır və məsuliyyətli vəzifədir. Müharibə dövründə əli silahlı xalqdan rüşvət almaq, onu incitmək, ölümlə oynamağa bərabərdir. Təsəvvür edin, əli silahlı əsgər eşidir ki, onun evini ARDNŞ buldozerləri yerlə-yeksan edib. Əsgərin hədəfi dəyişəcək, ən azı iki olacaq və erməni quldurları ilə onu evsiz qoyanlar arasında… seçim etməkdə zorlanacaq. Buraya sosial yardımın altı ayını bəri başdan alanları, yaxınını şərləyib tutduranları, ümumilikdə yaşamını zorlaşdıran digər rejim nümayəndələrini əlavə edəndə dəhşətli mənzərə ilə qarşı-qarşıya qalırıq.

Müharibədən şəksiz yayınacaq olan minlərlə harın məmur övladları ilə bağlı qıcığı da bura əlavə edin və gerisini özünüz düşünün.

Müharibə bəyanatından əvvəl ən azı ölkədəki vəziyyət dəyişməlidir, ordudakı neqativ hallara birdəfəlik son qoyulmalıdır.

Bütün bunlar edilmirsə, deməli, bəyanat hansısa başqa məqsədlər üçün verilir. Fikrimcə, bu valideynlərdə “həyəcan” və “məsuliyyətin” artırılması, çağırış məntəqələrinin “nüfuzunun” qaldırılması, nəhayət reanimasiyada olan rejimin ömrünün bir az da uzadılması üçün edilir. 

Əliyev rejiminin hakimiyyətdə olduğu müddətdə müharibə başlayacaqsa, bunu birmənalı şəkildə Ermənistan başlayacaq. Lakin hazırkı vəziyyət Ermənistanı tam qane edir.

Müharibə ölkənin sərvətinin onun müdafiəsinə xərclənməsi deməkdir. 

Sərvətlərimizin sorağı isə hələlik offşorlardan gəlir…