Fuad Qəhrəmanlı: «Hakimiyyət elə vəziyyət yaratmaq istəyir ki, Qərbə inteqrasiya deyil, münasibətlərin normallaşdırılması müzakirə mövzusuna çevrilsin»
Azərbaycan hakimiyyətinin anti-Qərb siyasəti son günlər daha aqressiv forma alıb və hakimiyyət təmsilçiləri bəzi hallarda təhqirdən də çəkinmirlər. Bu aqressivlik ABŞ səfirinin məlum müsahibəsindən sonra daha açıq şəkildə ifadə olunmağa başladı və tutarlı arqumentlər əvəzinə qarşı tərəfə ittihamlarla cavab verildi. Daha sonra ABŞ Helsinki Komissiyasının dinləmləri keçirildi və Azərbaycanın bu ölkədəki səfiri Elin Süleymanov tədbirdə iştirak etməkdən imtina etdi. Nəticədə yenə də Helsinki Komissiyasının mövqeyi qərəzli hesab olundu və Azərbaycana qarşı təxribbat kimi qiymətləndirlidi.
Son olaraq isə Bakıda NATO Parlament Assambleyasının “Cənubi Qafqaz: çağırışlar və imkanlar” adlı 86-cı “Rose-Routh” seminarı keçirildi. Bu seminarda da hakimiyyət susa bilmədi və vitse spiker Ziyafət Əsgərovun dili ilə, ABŞ-ı “lənət”ləməyə başladı: “ABŞ BMT Təhlükəsizlik Şurasının qətnaməsinin mürəkkəbi qurumamış NATO ilə bir yerdə Liviyanı darmadağın etdi. Iraq və digər bu kimi bölgələrə də eyni münasibət oldu. Adını da qoydunuz ki, orada kimyəvi silah var. Heç nə də tapa bilmədiniz. Bu gün Iraq xalqı necə əzab çəkir, siz də bilirsiniz, mən də bilirəm, amma beynəlxalq ictimaiyyət bundan xəcalət çəkmir. Hətta Yuqoslaviyanı BMT-nin heç bir mandatı olmadan darmadağın etdiniz. Bu da sizin işinizdir, vicdanınızın öhdəsindədir, vicdan niyə susur bilmirəm. Krım, Ukrayna ilə bağlı AB, AŞ, BMT, ABŞ – hərə bir tərəfdən Rusiyaya qarşı sanksiya qəbul edirsiniz. Bəs 20 ildir ki, Ermənistana qarşı niyə sanksiyalar qəbul etmirsiniz. Bu ikili standartlara son qoyun! Ayıb olsun!” -deyə Ziyafət Əsgərov bildirib.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirdi ki, proseslərin indiki mərhələsi hakimiyyətin avtoritar mahiyyətinə xələl gətirdiyi üçün, anti-Qərb ritorikası start götürüb: “Hakimiyyətin anti-Qərb ritorikası onun etirafıdır ki, bugünə qədər avrointeqrasiya ilə bağlı səsləndirilən fikirlər səmimi olmayıb. Sadəcə olaraq qərbin təzyiqləri ilə üzləşməmək üçün, bu günə qədər qulağa xoş gələn ifadələr işlədiblər. Əvvəllər enerji maraqları daha öndə dururdu və bu da hakimiyyətə manevr etmək imkanı verirdi. Proseslərin indiki mərhələsində isə, demokratiya və insan haqları prioritet hesab olunur. Ona görə də artıq Qərb bəlağətli sözlər deyil, həqiqi demokratik islahatlar tələb edir. Yaranmış vəziyyət isə, Azərbaycan hakimiyyətini qane etmir. Buna görə də imkan düşən kimi sərt ritorika ilə danışmağa üstünlük verilir və Qərbə o mesaj verilir ki, biz avrointeqrasiyaya hazır deyilik”.
Ekspert onu da əlavə etdi ki, hakimiyyət belə gedişlər edərək, həm də vaxt udmağa çalışır: “Avropaya inteqrasiya azad seçki, azad ticarət, insan haqları deməkdir və Rusiyanın təsir dairəsindən çıxmağa xidmət edir. Hakimiyyət isə davakar, münasibətlərə xələl gətirən ritorika ilə Qərblə məsafə yaratmağa çalışır və prosesi mümkün qədər sabotaj etməyə, yubatmağa çalışır. Yəni, elə bir vəziyyət yaratmaq istəyirlər ki, qərbə inteqrasiya deyil, münasibətlərin normallaşdırılması müzakirə mövzusu olsun”.
Akif


