Avropa Komissiyasının prezidenti Jose Manuel Barrozonun Azərbaycana səfəri başa çatdı. Səfər zamanı Barrozonun ölkə başçısı Ilham Əliyevlə görüşü zamanı bir sıra mühüm bəyanatlar səslənib.
Görüş başa çatdıqdan sonra Azərbaycanla Avropa Birliyi (AB) arasında Azərbaycan Respublikasının Birliyin proqramlarında iştirakının ümumi prinsipləri haqqında çərçivə sazişi üzrə bir tərəfdən Azərbaycan, digər tərəfdən AB və onun üzvü olan dövlətlər arasında tərəfdaşlıq və əməkdaşlıq Sazişinin Protokolu imzalanıb. Səfər zamanı diqqət çəkən məqamlardan biri Azərbaycanın dövlət başçısının AB-nin Azərbaycan üçün prioritet olduğunu etiraf etməsidir. Barrozo isə vurğulayıb ki, Azərbaycanda sabitlik və inkişafın təmin olunmasının ən yaxşı üsulu demokratiyadır.
Fuad Qəhrəmanlı: «Barrozonun məqsədi növbəti mərhələdə Azərbaycanın assosiasiya sazişinə cəlb edilməsidir»
AXCP sədrinin müavini Fuad Qəhrəmanlının fikrincə, Barrozonun Azərbaycana səfəri bir o qədər də uğurlu sayıla bilməz. Çünki AB-nin Azərbaycanla bağlı siyasətində əsas məqsədin ölkəmizlə Assosiasiya Sazişinin imzalanması olduğunu deyən F.Qəhrəmanlı vurğuladı ki, göründüyü kimi, Azərbaycan tərəfi əvvəlcədən bəyan etdiyi mövqeyində israrla dayandı və faktiki olaraq sazişin imzalanmasından imtina edildi: “Barrozonun mətbuata açıqlamasında Assosiasiya Sazişi ilə bağlı heç nə deyilmədi. Amma bunun əksinə olaraq ortada strateji modernləşdirmə ilə bağlı saziş lahiyəsi var. Bu sazişin detalları ictimaiyyətə hələlik bəlli deyil. Bəlli olan odur ki, Azərbaycanın üzərinə iqtisadi addımlarla yanaşı, demokratiya və insan haqları ilə bağlı müəyyən addımlar atılmasını nəzərdə tutan Assosiasiya Sazişi imzalanmırsa, deməli, strateji modernləşdirmə ilə bağlı saziş lahiyəsində bu məqamlar nəzərdə tutulmur. Azərbaycan əvvəlcədən bəyan etmişdi ki, strateji əməkdaşlıqla bağlı razılığa gəlməyin tərəfdarıdır”.
F.Qəhrəmanlı hesab edir ki, AB Azərbaycanın üzərinə demokratiya ilə bağlı öhdəliklər qoymağa nail ola bilmirsə, o zaman təşkilat Azərbaycanı siyasi və iqtisadi tərəfdaş kimi saxlamağa çalışır. AB-nin yürütdüyü bu siyasətin Azərbaycanın Rusiyaya yuvarlanmasının qarşısını almağa xidmət etdiyini düşünən F.Qəhrəmanlı bildirdi ki, Azərbaycan məsələsi AB üçün bitmiş sayıla bilməz: “Burada məqsəd Azərbaycanla əlaqələrin kəsilməməsidir ki, növbəti mərhələdə Azərbaycan Assosiasiya Sazişinə cəlb edilə bilsin. O baxımdan indiki razılaşma məcburi uzlaşma xarakteri daşıyır. Azərbaycan eyni zamanda özünü onunla sığortalayır ki, bu, Rusiya ilə əlaqələri saxlamağa imkan verəcək. Amma strateji modernləşdirmə sazişi Azərbaycanın Avropa Birliyinə inteqrasiyasını nəzərdə tutmur”.
AB təmsilçisinin demokratiya və insan haqları ilə bağlı açıqlamasına gəlincə, F.Qəhrəmanlı hesab edir ki, Azərbaycanın nəzərinə bu məsələlər daimi olaraq çatdırılır. “Hələlik Barrozonun son səfərinin nəticəsi olaraq Azərbaycanın Avropa Birliyinə üzvlüyü müzakirə predmeti deyil”, deyə F.Qəhrəmanlı vurğuladı.
Gültəkin Hacıbəyli: «Azərbaycanın Avrasiya Ittifaqına getməməsinin fonunda AB-yə inteqrasiyanın prioritet olmasının bəyan edilməsi ciddi nəticədir»
AB təmsilçisinin Bakıya səfərinin nəticələrini yüksək dəyərləndirən Milli Şuranın Beynəlxalq Münasibətlər Komissiyasının rəhbəri Gültəkin Hacıbəyli hesab edir ki, səfər kifayət qədər faydalı olub. Müzakirələr zamanı siyasi məsələlərin önə çəkilməsinin böyük əhəmiyyət kəsb etdiyini deyən G.Hacıbəyli vurğuladı ki, I.Əliyevin də Azərbaycan üçün Avropaya inteqrasiyanın prioritet olduğunu elan etməsi mühüm məqamdır: “Əslində bu, Azərbaycan üçün ən düzgün yoldur. Təəssüflər olsun ki, Ukraynada baş verən proseslər Azərbaycan hakimiyyətində müəyyən tərəddüdlər yaratdı və proses geriyə atıldı. Amma artıq Avropa Birliyi-Azərbaycan münasibətləri aktuallaşır”.
G.Hacıbəyli vurğuladı ki, Azərbaycanın Avrasiya Ittifaqına getməməsinin fonunda AB-yə inteqrasiyanın prioritet olmasının bəyan edilməsi artıq ciddi nəticədir. G.Hacıbəyli vurğuladı ki, amma bu addımlardan sonra əməli işə keçməyin zamanıdır.
Xəyal