Azadlığı qətlə yetirib, Azadlıq məbədini ziyarət etməyin məntiqi
Azərbaycan prezidenti Ilham Əliyev Yunanıstana dövlət səfəri çərçivəsində xanımı Mehriban Əliyeva ilə birlikdə Afina Akropolunda olub.
Qeyd edək ki, Afina Akropolu “Yuxarı şəhər” mənasını verir və Afinanın rəmzi sayılır. Akrapol Afinanın mərkəzində hündürlüyü 156 metrə çatan qayalıq meydançada yerləşir, dünya tarixinin və mədəniyyətinin şah əsərləri sırasında yer alır. Akropol 3 min illik tarixi olan memarlıq abidələri ilə zəngindir. Bura qədim Afinanın həm dövlət, həm də dini mərkəzi sayılıb.
Tarixi məlumatlara görə, qədim afinalılar bu ərazilərdə öz azadlıqları uğrunda döyüşüblər. Ona görə “Akropol”u azadlıq rəmzi də adlandırırlar.
Ilham Əliyevin bu abidəni ziyarət etməsi və böyük maraqla izləməsi qəribə görünür. Çünki Ilham Əliyevin prezident olduğu ölkədə qədim abidələrə yeni libas geyindirilir. Hətta Qız qalası kimi qədim memarlıq abidəsinə plastik pəncərələr qoyulub. Bütün turistlərin acgözlüklə gəzdiyi, feyziyab olduğu Içərişəhər, məmur acgözlüyünün qurbanına çevrilməkdədir. Şəhərin mərkəzindəki tarixi binalar sökülərək, yerində ticarət mərkəzləri tikilir. Ölkənin müxtəlif rayonlarındakı dilbər guşələr, hakim ailə tərəfindən hasarlanıb. Dənizkənarı ərazi xalqdan gizlədilməkdədir.
Ölkə başçısı doğurdan da qədim abidələrə, şəhərə gözəllik bəxş edən ərazilərə bu qədər həssas yanaşırsa, öz ölkəsində bu sevgini niyə nümayiş etdirmir?
Yaxud azadlıq uğrunda mübarizəyə şahidlik edən Akropol bu qədər cazibədardırsa, ölkəmizdəki “Azadlıq” meydanı niyə yetim qalıb?
Bu gün “Azadlıq” meydanında insanlar yox, avtomobillər toplaşır. Bu gün həmin meydanda insan səsi yox, mühərrik səsi eşidilir. Görünür, ölkə xaricində AZADLIQ sevgisi təhlükəli deyil.
Bəlkə də, öz ölkəndə öldürdüyün azadlığı xaricdə ziyarət etmək, günahların etirafıdır. Ya da Ilham Əliyev Akropola baxanda həmin dövrdə hökmranlıq etməyi arzulayırmış.
Çünki o vaxtlar nə Avropa Şurası, nə Avropa Birliyi, nə də Beynəlxalq Məhkəmə yox idi. Üstəlik, internet əsri də deyildi və yalanları həqiqət kimi təqdim etmək çətinlik yaratmırdı. Əminəm ki, Ilham Əliyev Akropola baxanda bir məsələyə görə təsəlli tapıb. Belə ki, Akropolun yerləşdiyi qayalıq cəmi 156 metrdi. Prezidentimizin ucaltdığı bayraq dirəyi isə 165 metrə çatır. Bəli, prezidentimiz 9 metrlik üstünlüyün sevincini yaşayırmış.
Bir sözlə, azadlıqların boğulduğu, fərqli fikrin məhv edildiyi, təbii gözəlliklərin çirkinləşdirildiyi ölkəyə rəhbərlik edib, sonra Yunanıstanda Akropola həyəcanla baxmaq çox süni görünür. Əsas odur ki, insan özünə baxa bilsin və düzgün nəticə çıxarsın.
Akif


