Dünya yeni cihad yaşayır

«Açıq cəmiyyət, yoxsa mədəniyyətlərin savaşı?» dilemması aydınlaşmağa başlayır

Ukraynada Rusiya separatizminə qarşı mübarizə davam edir. Təsadüf olub-olmadığını aydınlaşdırmaq nə qədər çətin olsa da, İŞİD (İraq Şam Islam Dövləti) İraqda növbəti uğurunu qazananda Ukrayna təyyarəsi də Rusiya separatçıları tərəfindən vuruldu. Ilham Əliyev Avropa Komissiyasının prezidenti ilə saziş imzalamağa razılaşdı və eyni gündə İŞİD-dən bəyanat gəldi – onların xəritəsindəki dövlətlərin sırasında Azərbaycan da var. Bu təsadüfdürmü? Yoxsa, baş verənlərin ciddi məntiqi əlaqəsi varmı? Heç şübhəsiz ki, bizim görə bilmədiyimiz tellərlə olsa da, bu proseslər arasında ciddi əlaqə mövcuddur. Biz isə çalışacağıq ki, vəziyyəti aydın təsvir edək.

Dünya, sözün birbaşa mənasında yenidən şəkillənməyə doğru gedir. Bunun hansı nəticələr doğuracağını indidən demək çətin olsa da, müəyyən istiqamətləri aydınlaşdırmaq  mümkündür. Başlıcası da budur ki, niyə bu böyük proseslərə münasibətdə Qərb daxilində tərəddüd davam edir? Bu görünən tərəddüdün arxasında hansısa xüsusi qarşıdurma varmı? Bir sözlə, bizi gözləyən gələcəyə itələyən hadisələrin əsas  mahiyyəti nədir?

Hantinqton düz deyirdimi?

Samuel Hantinqton Frensis Fukuyamanın “Tarixin sonu”  nəzəriyyəsindəki Liberalizmin sonunun hipotezi üzərində özünün fikir piramidasını quraraq iddia edirdi ki, yeni əsrdə sivilizasiyalar toqquşacaq. O əsaslandırırdı ki, Qərb sivilizasiyasına başlıca təhlükə Islamdır. Genişlənməkdə olan Islam dini artan gənc nəsli ilə qoca Avropanın və bütövlükdə Qərbin əsas paradiqmalarını təhdid edəcək. O, Çin faktoruna da toxunurdu, amma əsas barışmaz qüvvə kimi Islam dünyasını götürürdü.

Qərbin daha iki ideoloqu – Popper və ardıcılı Corc Soros da açıq cəmiyyət haqqında yazarkən qapalı cəmiyyətləri və birbaşa fundamentalizmi təhlükə kimi göstərirdi. Hantinqton və Fukuyamadan fərqli olaraq, Popper və Soros bunu dini kontekstdə təqdim etmirdi.

“Kim düz deyirdi?” sualına cavab axtarsaq, görərik ki, açıq cəmiyyət konsepsiyasının müəllifləri daha səbatlı mövqedən çıxış edirdilər. Çünki qapalı sistemlərlə mübarizənin ən böyük örnəyi SSRI-dəki proseslər və Sovetlərin çöküşündən sonra post-sovet məkanındakı demokratik cəhdlər- nailiyyətlər göstərdi ki, məsələ heç də Islam-Xristian kontekstində deyil. Avropanın sonuncu diktatoru kimi sanksiyalarla üz-üzə qalan Belarus da xristian dünyasının bir hissəsidir (Bu arada, Avropa Irana qarşı sanksiyaları götürdü), bu dəqiqə silahlı azadlıq savaşı verən Ukrayna da Avropanın əsas dövlətlərindəndir. Gürcüstan uğrunda Rusiya və Avroatlantik dünya arasında baş verənlər isə elə də uzaq tarix deyil. Bəs elə isə bu gün baş verənlər niyə Islam-Xristian kontekstində qiymətləndirilir?

Bu, sual olduqca aktualdır. Çünki Obama hakimiyyəti xüsusilə, Israil-Fələstin münasibətlərində Islam dünyasından gələn “sionist” damğasını üzərindən götürməyə çalışdı və buna nail oldu da. Şübhəsiz ki, bölgədə Israilin rolunun qismən zəifləməsində və Türkiyənin önə çıxmasında ABŞ-ın rolu danılmazdır. Amma görünən odur ki, baş verənlər qapalı cəmiyyətlərdə Anti-Qərb və Anti-ABŞ əhval-ruhiyyəsini  gücləndirib. Hətta iddia edənlər tapılır ki, bu prosesin arxasında ABŞ dayanır. Bu belə ola bilərmi?

“Dünyanın bölünməsi”ni düz anlamaq…

Dünya doğrudan da müxtəlif güclərin qarşıdurmasını yaşayır. Amma bu bölünmənin cəbhə xətti barədə təsəvvürləri olduqca yanlışdır və ya belə təqdim edilir. Söhbət qətiyyən Rusiya-ABŞ və ya Şərq-Qərb, Xristian-Müsəlman qarşıdurmasından getmir. Yəni, söhbət qətiyyən dövlətlərin və ya millətlərin, mədəniyyətlərin qarşıdurmasından getmir. Bu gün ABŞ-da İŞİD və “Əl-Qaidə”nin fəaliyyətinə dəstək verən (forması mübahisəlidir) qüvvələr varmı? Sözsüz ki, olmamış deyil.  Rusiya bunu dəstəkləyirmi? Şübhəsiz. Azərbaycanda buna qarşı olan qüvvələr varmı? Var. Dəstəkləyənlər varmı? Yenə də var…

Söhbət dünyanın bütövlükdə bir sistem savaşı verməsindən gedir. Bu savaş ABŞ-ın içində də gedir, Rusiyada da, Islam dünyasında da. Sözsüz ki, bütün olaylar mahiyyətcə qapalı cəmiyyət tərəfdarlarının revanşından gedir. Məsələn, Rusiya Ukraynanı təhdid edərkən bu ölkənin parlaq siyasətçilərindən olan Boris Nemtsov və bütün Rusiya demokratları, ziyalıları  Ukraynanı dəstəkləyirdilər. Azərbaycanda da toplum iki cəbhədə idi. Qərbdə də Ukraynadakı prosesləri ləngitməyə çalışanlar və demokratikləşməni sürətləndirməyə cəhd göstərənlər vardı. Göründüyü kimi, dünya özünün yeni konseptini bəlirləmək savaşında bütün ölkələrdə, toplumlarda savaşlara, mübahisələrə səhnə olur. Qlobalizmin gətirdiyi yeni tendensiya da budur. Artıq inzibati sərhədlər və ya mənsubiyyətlər önəmli deyil. Əsas sual budur: dünyanı necə görmək istəyirsən?

Liberalizm sekulyarlığa təhdidə çevrilib

Fukyamanın nəzəriyyəsindəki ən böyük boşluq liberalizmə tale müəyyənləşdirməkdir. O, bu ideyanın transformasiyasını təsəvvür və ya təsvir etməməklə yeni trendin nə olduğuna dair sualları açıq saxlayıb. Amma heç şübhəsiz ki, elm (onun ayrı-ayrı sahələri) baş vermişləri izah etməklə yanaşı, həm də baş verəcəkləri proqnozlaşdırmaqla məşğuldur. Bu zaman biz liberal iqtisadiyyatın yaratdığı qlobalist kapitalın ilkin mənbəyi haqqında suallara cavab tapa bilmirik. Bir çox hallarda trans-milli cinayətkarlığın arxasında eyni mahiyyətli iqtisadi güclərin durduğu ortaya çıxır.

Bu gün İŞİD-ə qarşı bəyanat verən ABŞ öz müttəfiqi olan iki ərəb ölkəsindən soruşa bilər ki, bu təşkilatın iqtisadi dayaqlarına niyə təkan verir? Bunu soruşsaydı, ABŞ yekdil siyasi iradəni ifadə etdiyini ortaya qoyardı. Amma edə bilmir. Çünki liberal iqtisadiyyat öz şərtlərini (gücünü) diktə edir. Bu mənada isə Liberalizm sekulyarlıq üçün təhdidə çevrilib. Qərb Xristianlığın siyasi mahiyyətini islah edib, amma Islam da öz bəşəri iddiası ilə Qərb dünyasına sirayət edir. Bu zaman onun əbası altında ən müxtəlif niyyətlər də yayılmaq imkanı əldə edir. Bu mənada,  indi Islam öz mahiyyətinə qayıtmaq, dünya isə yeni sistemini yaratmaq anlamında bir cihad yaşayır.

Seymur Həzi