Dünya yeni “Əl-Qaidə” vaqeəsi – IŞID-lə (Iraq və Şam Islam Dövləti) qarşı-qarşıyadır.
Iraq şəhərlərini bir-birinin ardınca ələ keçirən bu dinçi terror örgütünün hədəfləri arasında olan ölkələrin adları açıqlanıb – biri bizim Azərbaycandır.
Azərbaycanda dini radikalizm təhlükəsinin nə qədər ciddi olduğunu Suriya hadisələri göz önünə sərdi. Əminəm ki, bu gün ölkədə xeyli adam da IŞID-in zəfər xəbərlərini oxuyub əlini əlinə sürtür, qəlbləri bu örgütlə birgə döyünür, şəriət dövlətinin ayaq səslərinin bu torpaqlarda eşidiləcəyi günə çox qalmadığına daha dərindən inanmağa başlayırlar.
Amma hər bir halda, Azərbaycanda gizli və aşkar heç bir dinçi terror təşkilatının olmaması bizim tarixi nailiyyətimizdir. Bəli, bizdə zaman-zaman ayrı-ayrı təriqətlərin, məzhəblərin gücü hiss edilib, amma onlar terror müstəvisinə keçməyə cəsarət etməyiblər. Daha doğrusu, Azərbaycanda bunun üçün münbit zəmin heç vaxt olmayıb.
Biz buna görə son 200 illik tariximizin aydın insanlarına minnətdarıq, Axundovdan tutmuş Zərdabiyə, Seyid Əzimdən tutmuş Mirzə Cəlilə, Sabirə, Haqverdiyevə, Üzeyir bəyə qədər, bir sözlə, maarifçi hərəkata borcluyuq.
Onların sayəsində Azərbaycan bəşəri dəyərlərin tam zəfər çaldığı ölkəyə çevrilmədi bəlkə, amma bir Əfqanıstan da olmadı. Bir Iraq, bir Yəmən də olmadı. Bu gün kimlərsə hər nə qədər ekstremist əhval-ruhiyyədə olsalar belə, onların Azərbaycanda “Taliban”, “Əl-Qaidə”, IŞID kimi qansız, amansız terror qrupları yaratmaları qeyri-real, mümkünsüzdürsə (ən azı, hələlik!), bunun səbəbi bizim ölkənin uzun illər boyunca çağdaşlığa, dünyəviliyə can atan irəligörüşlü insanlarının yaratdığı mirasdır. Onların qaranlığa, bataqlığa qarşı dirənişi, müqavimətidir.
Amma bu gün ölkədə gizli-aşkar kimlərsə kənar ölkələrdəki “cihad” adı altında qanlı fəaliyyətlərə rəğbətlə yanaşır, hətta dəstək vermək üçün evini, ailəsini ataraq gedib onlara qoşulursa, bu artıq ciddi siqnaldır. Və bunun məsuliyyəti də yaptokratiya rejiminin, onun çağdışı, anti-demokratik, qeyri-sivil idarəçiliyinin üzərindədir.
Niyəsini çox yazmışıq, keçib zəhmətdən, bir daha yazaq.
Ölkənin aydın, bilgili insanlarını, sivil mübarizə adamlarını sadəcə, öz siyasi çıxarları naminə sifarişli, qondarma ittihamlarla həbsə atarkən onlardan boşaldılan yeri ekstremistlərin doldura biləcəyini göz önünə almaq lazımdır.
Xalqın bütün sivil mübarizə imkanlarını (ədalətli seçki, azad söz, sərbəst toplaşmaq, adil məhkəmə) əlindən alarkən bunun terrora, zorakılığa, hər cür radikalizm və ekstremizmə yol aça biləcəyini anlamaq lazımdır.
Və unutmamaq lazımdır: bu gün digər Islam ölkələrindəki qanla bəslənən terror örgütlərinin ortaya çıxma səbəblərindən biri, hətta birincisidir bu sadaladıqlarımız.
Hüququ, azadlıqları, çağdaşlığı, dünyəviliyi, modern həyatı və düşüncəni yox etmənin bədəlidir IŞID, “Taliban”, “Əl-Qaidə”. Elmi, təhsili ayaqlar altına atmağın sonucudur. Basqı rejimi qurmağın nəticəsidir. Ədalətsiz, zülmkar idarəetmələrin meyvəsidir.
Suriyaya Azərbaycandan döyüşçü axını bu ölkənin onillərdir yanlış idarə olunmasının hansı təhlükələrə yol açdığını hər birimizə göstərdi.
Artıq birdəfəlik anlamaq və qəbul etmək lazımdır ki, işıqlı, müasir beyinli, irəligörüşlü, fikirdən, sözdən, bəşəri dəyərlərdən başqa heç bir silahı olmayan insanlara qarşı səlib yürüşünə çıxmaqla, sivil, hüquqi mübarizə imkanlarını yox etməklə, bir sözlə, xalqa qarşı haqsız, anti-demokratik, çağdışı yöntəmlərdən əl çəkməməklə rejim bu təhlükələri hər gün bir az da gücləndirir.
Özü qarışıq, bütün Azərbaycanı böyük bir odun, alovun içinə atır.
Elə bir odun, alovun ki, bütün Kürü üstünə axıtsan, onu söndürmək mümkün olmaya bilər.