Rusiya niyə Qərb deyil…

Rusiya mətbuatında buna faktlarla aydınlıq gətirilib

Qərb bir ölkə, yaxud ölkələr qrupu deyil, Qərb – tarixin istiqamətidir

«Rus ədəbiyyatı kiçik insana görə göz yaşı axıdırdı, Qərb isə praktik və işgüzar şəkildə bu insana kömək edirdi»

Ukraynada atdığı son addımlara görə Qərb dünyası ilə münasibətləri korlanan Rusiya beynəlxalq aləmlə yanaşı daxildən də qınaq obyektinə çevrilir. Rusiyanın “Novaya qazeta” nəşrində Qərbə düşmən gözü ilə yanaşanlara cavab sayıla biləcək yazı dərc edilib. Yazını olduğu kimi təqdim edirik.

Su kranı faydalıdır, yoxsa kosmosa qəhrəman uçuş?

Qərb düşmən deyil. Qərb – coqrafiya deyil, bu, güclü, əsrlər və qitələri əhatə edən prosesə necə qarışmağı anlamaq üçün öyrənilməli olan həyat tərzi və münasibət sistemidir.

Bütün ömrü boyu dəzgah, qıfıl və hidravlik presslər icad edən Ingilis Cozef Brama 1778-ci ildə üzgəcli qapağı olan vaterklozet icad etdi. O zaman kəşflər tez-tez olmurdu, tələsməyə ehtiyac yox idi və beş il düşünəndən sonra Brama vintli su kranı yaradır. Bramadan bir neçə on illik sonra yaşlı lord Kelvin kranı təkmilləşdirərək insanı növbə ilə buzlu və qaynar su ilə əziyyətdən xilas edən və suyu istədiyi temperaturda saxlayan bilən qarışdırıcı cihaz yaradır. Indi kim deyə bilər ki, Tokiodan Lissabona, Alyaskadan Avstraliyaya qədər insanlara hər gün duşdan zövq almağa imkan verən bu kəşf bəşəriyyətə pafoslu ehramların inşasından, yaxud kosmosa qəhrəman uçuşlardan az fayda verib?

Buxar mühərrikli ilk lift insanları 1850-ci ildə Amerikada qaldırmağa başladı. Bu, şpallar üzərində hərəkət edən primitiv platforma idi, ancaq burda dəlil və ideya vacibdir. Adı tarixdə qalmayan mexanik insanları yüzlərlə pilləkəni qalxarkən çəkdiyi əziyyətdən xilas etmək istəyirdi. Bəlkə, kiminsə ayaqları xəstədir? 1861-ci ildə daha bir yanki, Elişa Qreys Otis elektrik lifti və ona kəndir qırılanda şaxtaya düşməyə imkan verməyən qurğunu patentləşdirdi. Liftlər olmadan nəinki göydələnlər, həmçinin müasir evlər də olmazdı. Eliş Otisin gərgin əməyi və ağıllı başı olmasaydı, qırılan liftlərdə ölüm halları təyyarə və avtomobil qəzalarındakı ölüm hallarından çox olardı. 

Diş fırçası da Qərbdən gəlib

Moskva metrosu gözəldi. Ancaq amerikalı Çarls Siberq eskalator icad etməsəydi, bu metro necə olardı? Moskvada “Sokolniki” metro stansiyasının açılışından 35 il əvvəl, 1900-cu ildə o, Paris sərgisində ilk hərəkət edən pilləkəni işə saldı. 

Liftlər, eskalatorlar, su kranları, qarışdırıcı cihazlar, duş kabinələri, mikserlər, tosterlər, smatrfonlar, flaş-kartlar, disklər, kompüterlər, routerlər, mikrodalğalı sobalar, telefonlar – insan həyatını rahat, sürətli, effektiv və xoş etmək üçün yaradılan müxtəlif texnikalar arasında Rusiyada yaradılan bir dənə də olsun aparat yoxdur. Bütün bunlar Qərbdən gəlib. Hətta diş fırçası ordan gəlib. Artıq 200 ildir yaşamağa yardım edən rahat qurğular, sadə əşyalara yerləşdirilən mürəkkəb konstruksiyalar, nəfəs, qida, hərəkət, ünsiyyət aparatları planetin bütün nöqtələrinə Qərbdən gedir. Naviqatorlar insan həyatını coqrafiyadan oxunan üç min mühazirədən daha güclü dəyişir. Soyuducu və qaz plitələri olmadan sivilizasiyasını təsəvvür etmək mümkün deyil. 

Ilk məişət soyuducusunu 1927-ci ildə Amerikada “General Motors” şirkəti istehsal edib. Modelin adı Monitor-Top idi. Bu markanın işləyən soyuducuları indiyə qədər eBay-da satılır. 

Rusiya üçün “Qazprom” şirkəti mili sərvətdir, şirkət yataqlara, milyardlarla dollar vəsaitə, qitələr üçün böyük diametrli borulara və xalqlar üçün anbarlara nəzarət edir. Ancaq fərdi şəxs üçün ilk qaz pilətəsini 1825-ci ildə Amerikada adı məlum olmayan mexanik yaradıb. 1934-cü ildə Ingiltərədə Ceyms Şarp artıq qaz pilətələrini satırdı. Birinci plitəni o öz evində həyat yoldaşı üçün qurub. Tarixdə Ceyms Şarp barədə az məlumat qalıb. Ancaq dəqiq məlumdur ki, o, həyat yoldaşının sobanı yandıranda çəkdiyi əziyyətdən narahat idi. Ingiltərədə kimin baş nazir olduğunu xatırlamırıq, Britaniya imperiyası dağıldı, qaz pilətələri isə Ceyms Şarpa abidə kimi dünyanın hər yerində insanlara rahatlıq, isti yemək və çay verir. 

Bütün müasir dünya ixtiraçılar tərəfindən yaradılıb – onlarsız biz onuncu mərtəbəyə piyada qalxardıq, ət maşının taqətdən düşənə qədər fırladardıq, cibimizdə çaxmaq daşı gəzdirərdik. Bu aqibətdən yaxa qurtara bilmişik, çünki Qərb – başqa sözlə, nəzəriyyə və təcrübənin, fəlsəfə və teologiyanın, idealların və pulun, demokratiya və texnokratiyanın son dərəcə gözəl ahəngi – öz donunu açan soyuducularla, intellektual paltaryuyan maşınlarla və şəbəkəyə qoşulan kompüterlərlə bizim dünyamızı yarada bilib. Yer kürəsinin bütün şəhər əhalisinin, o cümlədən Qərbə nifrət edənlərin həyatı effektivlik və komforta doğru güclü yaradıcılıq hərəkatı ilə Qərb tərəfindən yaradılıb. 

Əsas olan təkcə kəşf deyil, həm də onun yoxa çıxmadığı mühitdir

Burda kimin bu və ya digər kəşfi etdiyi elə vacib deyil, söhbət ondan getmir. Rusiyada ixtiraçıların sayı Qərbdəkilərdən az olmayıb. Burda kimin sxemlər toplamında həyatın yeni reallığını, biznes-plan, tələbat, insanlar üçün fayda görməsi vacibdir. Nüvə-maqnit rezonansı tomoqrafiyası üsulunu 1960-cı ildə sovet alimi V.A.Ivanov patentləşdirib, lakin insanları müalicə və xilas etməyə yardım edən ümumi istifadə üçün tibbi aparat kimi tomoqrafı EMI şirkətindən ingilis Qodfri Xaunsfild yaradıb. Rusiyada artıq sosializm deyil, kapitalizmdir, ancaq qeyri-insani sistem və insana sayğısızlıq baxımından eyni vəziyyətdir: Rusiyada hələ də müasir tomoqraflar istehsal edilmir. 

Müasir kompüter ünsiyyəti dünyası Qərbdə yaradılıb. Ilk DOS-dan sonuncu Windows-a, otaqda boyda meynfreymdən cibdə yerləşən smartfonlara qədər, hamısı Qərbdə yaradılıb. Doğrudur, 1961-ci ildə sovet mühəndisi Leonid Kuprinoviç mobil telefon yaradaraq onu patentləşdirsə də, sivilizasiyanın inkişafı üçün bunun heç bir əhəmiyyəti yox idi. Əsas olan təkcə kəşf deyil, həm də onun yoxa çıxmadığı mühitdir, ixtiraçının mükafatlandırıldığı, onu pul axtarışında otaqları gəzən şəhər dəlisinə çevirməyən dünyadır. Kuprinoviçin telefonu nomenklatura və Lubyankanın oyuncağı kimi qaldı: SSRI texniki tərəqqini qəbul etmirdi, yeni telefon insanlara çatmadı, onların həyatını dəyişmədi. Qərbdə isə ilk “Motorola” telefonlarından tutmuş sonuncu “Sony” və “HTC”yə qədər mobil rabitənin inkişafının bütün mənası onu məhz məhdudiyyətsiz olaraq insanların istifadəsinə vermək idi. Eyni sözü DTK-nın nəzarətdə və qapalı yerdə saxladığı surətçıxaranlar, skaner və kompüterlər barədə də demək olar. IBM və Apple ev kompüterləri partnomenklatura və mühafizə üçün deyil, bütün arzu edənlər üçün yaradılıb. Qərb – ideya və onun reallaşdırılmasının, texnologiiya və demokratiyanın ayrılmaz əlaqəsidir. 

Həyat üçün zəruri olan hər şey Qərbdə yaradılır

Insanı gündəlik, bir çox halda əzablı ev işlərindən Konfusili Çin, 40 minlik allahı olan panteonla və Budda ilə Hindistan, nə də Rusiya azad etməyib. Bunu praqmatik, min dəfələrlə mənəviyyatsızlıqda ittiham edilən Qərb edib. Böyük rus ədəbiyyatı kiçik insana görə göz yaşı axıdırdı, Qərb isə praktik və işgüzar şəkildə bu insana kömək edirdi. Mənəviyyatsızlıqda ittiham olunan Qərb insanın əlinin qabarının getməsi və düşüncə, hiss və asudə vaxtının yaranması üçün hər şey edib. Amerikalı qadın Cozefina Kokreyn 1886-cı ildə qab yumaqdan bezib qabyuyan maşın düzəldib. Qadınları ləyəndə paltar yumaqdan azad edən paltaryuyan maşın 1947-cı ildə Amerikanın “General Electric” və “Bendix Corporation” şirkətləri tərəfindən istehsal edilməyə başlayıb. Ilk mətbəx kombaynını kimin yaratması ilə bağlı müxtəlif fikirlər var, hər halda bunu Qərbdən olan ixtiraçı yaradıb: bu ya ötən əsrin 60-cı illərində fransalı Pyer Verdene, ya da 70-ci illərdə amerikalı Karl Sontxaymer olub. 

Qərb ilk sənaye inqilabı dövründən dayanmadan işləyən nəhəng fabrikdir. Bu fabrik iş prosesində işi yaxşılaşdırır, əsrdən əsrə dəyişir, genişlənir, bu baxımdan artıq Qərb olmayan ərazilərdə də yerləşir. O gah Kaliforniyadan köçür, gah Şanxayda yerləşir. Ancaq bu inadla və yorulmadan humanistcəsınə insanı ağır işlərdən azad edən, vaxtına qənaət edən, həyatınıı daha yüngül, parlaq və intensiv edən minlərlə müxtəlif mexanizm və aparat yaradır. Qərbin hesabına biz isti su, lift, elektrik, qabyuyan maşın və kompütter sivilizasiyasıyıq. Rusiyada doğulan Zvorıkin, Ipatyev, Sikorski, Şerbatski, Brin özlərini və ixtiralarını Qərbdə reallaşdırıb. Niyə Rusiyada yox? Çünki Rusiya Qərb deyil! 

Qərb düşmən deyil. Qərb coqrafiya deyil, təzahürdür. Qərb – əsrlər və qitələri əhatə edən prosesə necə qarışmağı anlamaq üçün öyrənilməli olan həyat tərzi və münasibət sistemidir. Bu yaxınlarda Ingiltərənin OwnFon şirkəti gözdən əlillər üçün mobil telefon satışına başlayıb. Bu telefon displeysizdir və düymələrində Brayl əlifbası var. Onun korpusu 3d printerində çap edilir. Rusiya nə qədər istəsə öz mənəviyyatı barədə danışa bilər, ancaq gözdən əlillər üçün telefon, əlillər üçün ən yaxşı protezlər Qərbdə yaradılıb. Həyat üçün zəruri olan hər şey Qərbdə yaradılır. Bütün müasir dünya Qərb tərəfindən yaradılıb. Yaponiya da, Cənubi Koreya da, Tayvan da, Şərqi Avropanın böyük hissəsi də artıq Qərb olub. Ukraynada inqilab oldu, çünki Ukrayna Qərb olmaq istəyir. Qərb bir ölkə, yaxud ölkələr qrupu deyil, Qərb – tarixin istiqamətidir. 

Fizzə