Ədalət Partiyasının deputat sədri Ilyas Ismayılovun keçənlərdə “Gülər parlamenti”nin sədri Oqtay Əsədovla iclasların birində sözü çəp gəlmişdi, deyişmişdilər, indi həmin deyişmənin Milli Məclis stenqoramına necə düşdüyü məlum olub, oxuyursan, bilmirsən güləsən, ağlayasan.
Haqqında danışdığımız deyişmənin əsli belə olmuşdu:
Oqtay Əsədov: “Ilyas müəllim, belə çıxır ki, qalın bir kitabdan ibarət olan hökumətin illik fəaliyyətində müsbət heç nə görmədiniz. Ancaq səhv tutdunuz”.
Ilyas Ismayılov: “Bu mənim öz fikrimdir, mənim çıxışıma irad tuta bilməzsiniz. Öz işinizi görün!”
Oqtay Əsədov: “Irad tutaram, o yana da keçərəm! Bu nə danışıqdır? Günah bizdədir ki, sənin kimisinə şərait yaradırıq, çıxıb danışıb belə hörmətsizlik edirsən”.
Ilyas Ismayılov: “Siz kimsiniz ki, mənimlə belə danışırsınız?! Mən deputatam və çıxışıma müdaxilə etməyə heç kimin ixtiyarı yoxdur”.
Oqtay Əsədov (sözünü kəsir): “Bir özünə hörmət qoy. Adama hörmət göstərəndə həddini aşmaz! Heç olmasa özünə hörmət qoy!”
Milli Məclis Aparatının redaksiya və nəşr işləri şöbəsində hazırlanmış stenoqramda isə həmin deyişmə belə verilib:
Sədrlik edən: “Sağ olun. Amma Ilyas müəllim, bu boyda hesabatda bir müsbət istiqamət görmədiniz də”.
Yerdən: (Eşidilmir.)
Sədrlik edən: “Mən sizə irad tutmuram, sualınıza cavab verirəm”.
Yerdən: (Eşidilmir.)
Sədrlik edən: “Ixtiyarım da var”.
Yerdən: (Eşidilmir.)
Sədrlik edən: “Sizin ixtiyarınız yoxdur belə danışmağa. Siz danışdınız, biz qulaq asdıq. Göydən düşməmisiniz, biz Sizə qulaq asdıq, Siz də qulaq asın, dözümünüz olsun. Hər bir adam bir az özünə fikir verməli, başqalarına hörmət etməlidir. Mən sizin bir sözünüzü kəsmədim. Günah sizdədir ki, belə imkan tapıb danışırsınız”.
Açığı, “mandat videosu” ilə deputat yerlərinin necə alınıb-satıldığının bütün çılpaqlığı ilə gün işığına çıxdığı, seçkili orqandan təyinatlı orqana çevrilmiş, Prezident Administrasiyasının bir şöbəsi, YAP özəyi funksiyasını yerinə yetirən bir parlamentin hətta stenoqramının belə saxtalaşdırılmasında təəccüblü heç nə yoxdur. Saxta parlamentin stenoqramı başqa necə olmalıdır axı? Bir yerdə ki, hansısa qanun layihəsinin səsverməsi zamanı hansısa deputat qalxsın, istədiyi qədər deputatın yerinə düymə bassın, daha siz oradan hansı mərifət gözləyirsiniz ki?
Stenoqramda spikerə yönəlik iradların “Eşidilmir” sözü ilə əvəzlənməsi isə Əliyevlər Azərbaycanının məntiqə, hətta qanuna uyğunluğudur. Burada tənqidlər, iradlar ya yalan, tərif səs-küyündə doğrudan da eşidilmir, ya da onları qəsdən eşitmək istəmirlər.
Qulaqlarını hər cür aykırı səsə, hər cür fərqli fikirə qapayanların “Eşidilmir” sözünün arxasında gizlənməsindən təbii nə ola bilər?
Danışılan yalan lap ucadan eşidilir, yaltaqlıqlar eşidilir, atılan iftiralar, söylənən şər-böhtanlar eşidilir.
Amma bir azca müxalif söz – eşidilmir.
Həqiqət – eşidilmir.
Yumşaq bir irad, yüngül bir təpki belə – eşidilmir.
Çünki eşitmək üçün qulağınla dinləmək azdır. Qəlbinlə və vicdanınla da dinləməlisən.
Indi adamı yandıran və ağrıdan sadəcə odur ki, görün bizi 21-ci əsrdə hansı zehniyyətdə adamlar idarə edir. Gedin Xalq Cümhuriyyəti parlamentinin iclaslarının stenoqramlarını qaldırın baxın. 100 il öncə bu ölkədə parlamentin necə canlı diskussiyalar, qızğın polemikalar meydanına çevrildiyini görəcəksiniz.
100 il sonra isə bu ölkədə parlamentin stenoqramından ən yumşaq qınağı, ötəri tənqidi belə çıxarırlar. Səbəb? “Eşidilmir…”
Fərqliliklərə, müxtəlifliklərə, özləri kimi düşünməyənlərə, özləri kimi danışmayanlara bu qədər nifrət edən, kin bəsləyən, başqalarının səsini azmış kimi hətta sözünü də saxtalaşdırmağı özünə ar bilməyən, başqalarının necə danışmalı olduğuna belə özü qərar verən insanların hakimi-mütləq olduğu, hökmranlıq etdiyi ölkədə yaşamağın əzabı və utancı öldürür adamı.
Öldürür adamı – səssiz, sədasız.