Bəxtiyar Sadıqovun iki “ÇP”si

Onu bağışlamaq olarmı?!

Iyunun 11-də ABŞ-ın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyası (Helsinki Komissiyası) “ABŞ-Azərbaycan münasibətlərində Təhlükəsizlik, Iqtisadiyyat və Insan Haqları” mövzusunda Azərbaycana dair dinləmə keçirdi.

Dinləmələrdə ABŞ Dövlət Katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə müşaviri Tomas Melia, Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə müşaviri Erik Rubin, Demokratiyaya Dəstək Fondunun (NED) Rusiya və Avrasiya üzrə direktoru Miriam Lanskoy və Corctaun Universitetinin Avrasiya, Rusiya və Şərqi Avropa Mərkəzinin elmi tədqiqatçısı Brenda Şaffer çıxış ediblər. Onlar Azərbaycan hökumətinin fəaliyyətini sərt tənqid ediblər. 

Milli Məclisin orqanı olan “Azərbaycan” qəzetinin dünənki sayında AzərTAc-ın dinləmədən hazırladığı geniş reportajı verilib. Ancaq nədənsə Azərbaycan hökumətinin ünvanına səsləndirilən tənqidlərin heç biri qəzetdə yer almayıb. Yazı yalnız pozitiv ruhda verilib. Belə başa düşülür ki, dinləmələrdə çıxış edənlər Azərbaycan hökumətini ancaq tərif ediblər. Hətta müxalifyönümlü, müstəqil qəzetlər belə tənqidi və Azərbaycan hökumətinin ünvanına söylənilən müsbət fikirlərə yer verib. “Azərbaycan”ın baş redaktoru, həm də deputat mandatlı Bəxtiyar Sadıqov dəfələrlə telekanalları, mətbuatı düzgün informasiya yaymamaqda ittiham edib. Di gəl, özü isə dediklərinin əksini edir. Böyük bir sənəddən ancaq hökumətə sərf edən hissələri yayımlayır.

Düzdür, Bəxtiyar Sadıqov deyə bilər ki, yazı “AzərTAc”ın məhsuludur. Ancaq bu yenə də deputat-baş redaktora heç bir haqq qazandırmır. Bu dinlənmə internetdə və qəzetlərdə yayımlanıb. Qərəzli olmasaydı, istəsəydi öz əməkdaşlarına bu barədə tapşırar, reportajı birtərəfli deyil, olduğu kimi təqdim edərdi.

Bəxtiyar Sadıqovun ikinci “ÇP”si onun öz yazısıyla bağlıdır. Belə ki, qəzetin dünənki sayında “Xilaskarlıq missiyası” adlı bir səhifəlik məqalə dərc olunub. Yazıda Heydər və Ilham Əliyevlərin daxili və xarici siyasətlərindən bəhs olunur. Ancaq nədənsə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə Heydər Əliyevin ötən əsrin 60-70-ci illərində birlikdə çəkilən şəkli məqalədə yer alıb. Maraqlıdır, “Xilaskarlıq missiyası” məqaləsində başqa bir “xilaskar”ın – Ilham Əliyevin şəkli niyə öz əksini tapmayıb?!