Yaxud Azərbaycanın Iranla Rusiya tərəfindən sıxışdırıldığını kim deyib?
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) orqanı olan “Yeni Azərbaycan” qəzetinin dünənki sayında ABŞ Senatında Helsinki Komissiyasının Azərbaycanla bağlı keçirdiyi dinləmələr barədə geniş məqalə dərc edilib. ABŞ-ın ünvanına sərt ittihamların yer aldığı məqalədə Ağ Ev Azərbaycanı Rusiya və Iranla şantaj etməkdə də suçlanır: “Başqa bir məsələ ondan ibarətdir ki, dinləmələrdə Azərbaycanın xarici siyasəti ilə bağlı məsələlərə də toxunulur.
Qeyd olunur ki, Azərbaycan guya müxtəlif beynəlxalq təşkilatlarda və ayrı-ayrı dövlətlərlə münasibətlərdə bildirir ki, bizim üçün Iran və Rusiya qorxusu var. Bu isə Azərbaycan dövlətinin şantaj olunması deməkdir. Görünür, ABŞ-da Azərbaycanın Rusiya və Iranla münasibətlərinin yaxşı olmasını istəməyən qüvvələr var. Iran və Rusiya bizim çox yaxın qonşularımızdır, hər iki ölkə ilə strateji tətəfdaşlıq kimi səciyyələndirə biləcəyimiz münasibətlərimiz mövcuddur, hər iki ölkə ilə ortaq siyasi, tarixi keçmişimiz var, hər iki ölkənin ictimaiyyəti arasında dərin inteqrativ xüsusiyyətlər var, hətta hər iki ölkə ilə ümumi siyasi və mənəvi dəyərlərin mövcudluğunu da qeyd edə bilərik. Belə olan halda, heç şübhəsiz, Azərbaycanın Iran və Rusiya ilə münasibətləri yaxşı olmalıdır, yaxşıdır və bundan sonra da yaxşı olacaqdır. Əgər kimsə hansısa dinləmələrdə bu münasibətləri şantaj etməyə, beləliklə, Azərbaycanın Iran və Rusiya ilə münasibətlərini pozmağa çalışırsa, əmin olsunlar ki, onlar buna nail ola bilməyəcəklər”.
“Yeni Azərbaycan”ın bu məsələdə ABŞ-ı ittiham etməsinə rəğmən Azərbaycan hökumətinin bəzi təmsilçiləri də ölkəmizə Rusiya və Irandan təhlükə olduğunu zaman-zaman bəyan ediblər. Məsələn, 2013-cü il prezident seçkisi ərəfəsində Milli Məclisin dörd deputatı – Səməd Seyidov, Sevinc Fətəliyeva, Sahibə Cəfərova və Demokratik Islahatlar Partiyasından Asim Mollazadə Vaşinqtonda Con Hopkins Institutunda lobbiçilər və ekspertlər qarşısında çıxışının üzərindən o qədər də çox zaman keçməyib. Həmin görüşdə xarici siyasətdən danışan Səməd Seyidov “Ölkəyə təhlükə şimaldan və cənubdan gəlir” deyə Rusiya və Iranı ittiham etmişdi. O daha sonra əlavə etmişdi ki, Azərbaycanı ABŞ-la yaxın olmaq cəhdlərinə görə “sendviç kimi” əzirlər.
Helsinki Komissiyasının keçirdiyi dinləmələrdə iştirak edən mütəxəssislər də şübhəsiz Azərbaycanın hökumət təmsilçilərinin bu tip fikirlərini nəzərə alaraq ölkəmiz üçün Rusiya və Iran qorxusunun olduğunu bildiriblər. Əgər bu şantjdırsa, o zaman Azərbaycanı şantaj edənlər elə iqtidar nümayəndələridir.
Hikmət


