Son zamanlar Ermənistan silahlı qüvvələrinin Naxçıvan istiqamətində atəşkəsi mütəmadi pozması ilə bağlı xəbərlər yayılır. Bəzi media orqanları ermənilərin bu addımını şişirdir və az qala Azərbaycan üçün həddindən artıq təhlükəli tendensiya kimi xarakterizə edir.
Müdafiə Nazirliyi isə narahatlıq və ajiotaj üçün əsas olmadığını bildirir. Bu məqamda 1921-ci ildə Türkiyə ilə Rusiya arasında Naxçıvanla bağlı imzalanmış Moskva və Qars müqavilələrini yada asalmaq istəyirik
1921-ci ilin mart ayında Rusiya ilə Türkiyə arasında imzalanmış “Moskva Müqaviləsi”nə görə Naxçıvan Azərbaycanın ərazisi kimi təsdiqlənib və bu bölgədə təhlükəsizliyin əsas təminatçısı Türkiyədir. Müqavilələrin şərtlərinə görə, Naxçıvan üçün təhlükəli vəziyyət yaranarsa, Türkiyə qabaqlayıcı addımlar ata bilmək hüququnu özündə saxlayır.
Bu, bir tərəfdən Türkiyənin öz təhlükəsizliyi üçün vacibdirsə, digər tərəfdən Moskva və Qars müqavilələrinin şərtlərinin icra olunması ilə bağlıdır.
Bəs, indi Türkiyə Naxçıvana təhdid olacağı təqdirdə müqavilənin şərtlərindən irəli gələrək hansı addımlar ata bilər? Təbii ki, söhbət bölgədə hökm sürən hazırkı siyasi şərtlər altında rəsmi Ankaranın Naxçıvanın təhlükəsizliyi üçün nələri edə biləcəyindən gedir.
Türkiyə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) aparıcı fiqurlarından biri, Türkiyə Böyük Millət Məclisinin (TBMM) Aparat rəhbəri Mustafa Kabakçı mövzu ilə bağlı Modern.az saytının suallarını cavablandırıb.
O bildirib ki, Türkiyə ümumilikdə Cənubi Qafqazda sabitlik və təhlükəsizliyin tərəfdarıdır. “Bizim birinci hədəfimiz Cənubi Qafqaz regionunda sülh və sabitliyə nail olmaqdan ibarətdir. Ancaq bu, heç bir zaman edilən haqsızlıqları görməzlikdən gəlmək üçün əsas da deyil. Rəsmi Ankara səmimi olaraq bu bölgədə bütün xalqların sülh və qardaşlıq içində yaşamasını istəyir. Amma tarixin bizə diktə etdiyi məsuliyyətdən də heç bir zaman qaçmırıq. Erməni silahlı bölmələrinin Naxçıvanda atəşkəsi pozaraq əhalinin dincliyini pozması Türkiyəni narahat edir. Əgər bu cür hallar artarsa və Naxçıvanda ortaya qanlı bir mənzərə çıxarsa, Türkiyə tərəddüd etməyəcək.


