Fuad Qəhrəmanlı: «Avropa Birliyi ilə əməkdaşlıqdan birmənalı şəkildə imtina siyasəti, hakimiyyət üçün arzuolunmaz nəticələrə gətirib çıxaracaq»
Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozonun Azərbaycan, Gürcüstan və Moldovaya səfərinin proqramı açıqlanıb. “Trend”in Avropa Komissiyası prezidentinin saytına istinadən verdiyi məlumata görə, Joze Manuel Barrozo səfərini iyunun 11-12-də Moldovadan başlayacaq. Ölkəyə səfəri zamanı Avropa Komissiyası prezidenti Moldovanın Prezidenti, Baş naziri və parlament sədri ilə görüşəcək. Joze Manuel Barrozo həmçinin Moldova-AB beynəlxalq sərmayəçilər konfransında iştirak edəcək.
Iyunun 12-13-də Avropa Komissiyasının prezidenti səfərini Gürcüstanda davam etdirəcək. Səfər zamanı Joze Manuel Barrozo Gürcüstanın Prezidenti və Baş naziri ilə görüşəcək, Gürcüstan Investisiya Konfransında açılış nitqi ilə çıxış edəcək. Qeyd edək ki, bu, Barrozonun Gürcüstana ilk rəsmi səfəridir.
Joze Manuel Barrozu Azərbaycana iyunun 14-də gələcək. Avropa Komissiyasının prezidenti ölkə rəhbərliyi ilə görüşüəcək. Barrozonun ADA Universitetində “AB-Azərbaycan: Yeni imkanlar və çağırışlar” mövzusunda çıxış edəcəyi gözlənilir. Avropa Komissiyası prezidentinin saytında bildirilir ki, bu səfər AB-Azərbaycan əlaqələrinin möhkəmləndirilməsi, Assosiasiya sazişi və Strateji Müasirləşdirmə Tərəfdaşlığı ətrafında danışıqlara yeni impuls vermək üçün bir imkandır.
Ötən yazılarımızda da bildirmişdik ki, Barrozonun budəfəki səfəri enerji məsələlərinə deyil, Azərbaycanın Avropa Birliyi ilə sıx əlaqələrinə həsr olunacaq. Səfər proqramında da bu ehtimal özünü doğruldub. Azərbaycan hakimiyyəti isə, nəzarətində olan mətbuat vasitələrində bu mesajı verir ki, Assosiasiya Sazişini imzalamaq fikri yoxdur və yalnız Strateji Əməkdaşlığa hazırdır.
Yəni Barrozonun istəyi də, Azərbaycanın cavabı da bəllidir.
Bəs, Azərbaycan tərəfi Avropa Birliyinin təklifini mənfi qiymətləndirəcəyi halda, hansı münasibətlə qarşılaşacaq?
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirdi ki, Ilham Əliyev çıxışlarında Assosiasiya Sazişi imzalamaqda maraqlı olmadığını dilə gətirib və bu sazişin öhdəliklərindən yayınmaq üçün, Strateji əməkdaşlıq təklif edib. Digər tərəfdən, bu addım Rusiyanın qəzəbləndirməməyə xidmət edir: “Barrozonun səfəri zamanı mövqe dəqiqləşdirməsi olacaq. Avropa Birliyi maraqlıdır ki, Azərbaycan bu ailənin bir üzvünə çevrilsin. Əgər Azərbaycan birmənalı şəkildə bu təklifdən imtina edərsə, bu o demək olacaq ki, Azərbaycan Rusiyanın təsir dairəsində qalmağa üstünlük verir. Belə oacağı təqdirdə, bu gün ABŞ-ın sərgilədiyi mövqeyi, Avropa Birliyi də təkrarlayacaq. Bu həm də onun aydınlşması olacaq ki, Azərbaycanın Qərbə inteqrasiyası, Ilham Əliyev hakimiyyəti ilə mümkün deyil. Ona görə də demokratik proseslərin inkişafı üçün, Azərbaycandakı vətəndaş cəmiyyəti ilə sıx əməkdaşlıq gündəmə gələcək”.
Ekspert onu da əlavə etdi ki, hakimiyyətin yanlış siyasəti, sahib olduqları pulların itirilməsinə gətirib çıxara bilər: “Eyni zamanda hakimiyyətin korrupsiya yolu ilə əldə etdiyi vəsaitlər, çirkli pullar məsələsi gündəmə gələ bilər. Bu da dünyanın müxtəlif yerlərində saxlanılan pulların dondurulması deməkdir. Bundan əlavə, Azərbaycanın enerji siyasəti iflasa uğraya bilər və müxtəlif istiqamətdə təzyiqlər meydana gələr”.
Akif


