“Müharibə hazırlığı yalandır”

«Ermənistanın cəbhəyə ordu yığması xəbəri Rusiyanın təxribatıdır»

«Hazırkı məqamda hərbi əməliyyatların bərpası perspektivi görünmür»

Azərbaycan ordusunun snayperinin Naxçıvanla sərhəddə Ermənistan ordusunun iki hərbçisini bir gündə məhv etməsindən sonra düşmən ölkədə qisas çağırışları səslənir. Xəbər verildiyi kimi, ötən həftə baş vermiş həmin insidentdən sonra Ermənistan müdafiə nazri Seyran Ohanyan ATƏT sədrinin səhra köməkçisi Anjey Kasprşiki Müdafiə Nazirliyinə çağırıb və bu insidentin “Azərbaycan tərəfi üçün mümkün nəticələri” barədə xəbərdarlıq edib.

Azərbaycan Müdafiə Nazirliyi erməni nazirin bu xəbərdarlığına cavab olaraq bildirib ki, düşmənin təmas xəttində atəşkəsi pozmasının qarşısı bundan sonra da alınacaq.

Eyni zamanda təmas xəttinin Cəbrayıl və Füzuli istiqamətlərində erməni işğalçı ordusunun öz mövqelərini möhkəmləndirdiyi barədə xəbər yayılıb. Hərbi qaynaqlardan bildirildiyinə görə, Füzuli rayonunun Qazaxlar, Horadiz və Cəbrayıl rayonunun Mehdili kəndi istiqamətində bir neçə gündür ermənilərin mövqelərini möhkəmləndirməsi müşahidə olunur.

Əsasən gecə saatlarında fəaliyyət göstərən erməni mühəndis-istehkam bölmələri tərəfindən ərazinin minalanması, eləcə də mövqelərin üzərində maneələrin qurulması, açıq ərazilərin bağlanması halları qeydə alınıb.

Bir tərəfdən bu hazırlıqlar erməni işğalçı qüvvələrinin təmas xəttinin həmin istiqamətində itkilərinin son vaxtlar artması ilə bağlı ola bilər. Digər tərəfdən isə düşmənin hansısa diversiya əməliyyatına hazırlıq gördüyü istisna deyil.

Ermənistanın cəbhədə hansısa diversiya əməliyyatına hazırlaşdığını vaxtilə Şuşanın işğalına başçılıq etmiş erməni general Arkadi Ter-Tadevosyan da təsdiq edib(virtualaz.org).

Istefada olan general “Azadlıq” radiosunun erməni xidmətinə açıqlamasında bildirib ki, “erməni qüvvələri Azərbaycanÿ tərəfinə hiss olunacaq zərbələr hazırlayır” və indi bu istiqamətdə hazırlıqlar aparılmaqdadır.

“Məndə bu barədə məlumatlar var” – deyə Ter-Tadevosyan bildirib.

Ter-Tadevosyan Naxçıvanla sərhəddə baş vermiş inisdentlə bağlı deyib ki, əgər ermənilər tezliklə cavab verməsə, Azərbaycanda hesab edəcəklər ki, Ermənistan zəifləyib.

“Ona görə də zərbə, hiss olunacaq zərbə endirmək lazımdır” – deyə işğalçı ordunun generalı bildirib.

General Ter-Tadevosyan istefada olsa da Ermənistanın Müdafiə Nazirliyinin rəhbərliyi ilə sıx təmasları qalır və bu baxımdan onun düşmən ordusunun cəbhədə hansısa diversiya əməliyyatına hazırlaşdığı barədə anonsunu Azərbaycan Müdafiə Nazirliyi diqqətə alıb müvafiq hazırlıqlar görə bilər.

Digər tərəfdən, mümkündür ki, Ter-Tadevosyan Ermənistan cəmiyyətində erməni ordusunun itkilərinin artması ilə bağlı narazılıqları yatırmaq üçün “cavab zərbəsi” barədə planların olduğunu deyir.

Azərbaycan Müdafiə Nazirliyi isə təmas xəttində vəziyyətin nəzarət altında olduğunu bildirir və ermənilərin hücuma hazırlaşdıqları barədə məlumatları təsdiq etmir.

Amma bəzi ekspertlərin fikrincə, hazırda erməni ordusunun hərbi əməliyyatlara hazırlığı ilə bağlı yayılan məlumatlar Rusiyanın təxribatıdır. Bununla Rusiya regionda yaranmış yeni geosiyasi situasiyadan çıxış edərək Azərbaycana təzyiq etmək istəyir. Əslində isə bu həm təzyiq, həm də şirnikləndirici təklif də sayıla bilər. Çünki Rusiya Azərbaycanla razılığa gələ biləcəyi təqdirdə bir sıra rayonların azad olunmasını təşkil edə bilər. Azərbaycanın isə bu ssenariyə razılıq verməsi ciddi fəsadlarla nəticələnə bilər. 

Politoloq Vəfa Quluzadə hesab edir ki, Azərbaycanın Rusiyanın bu cür planlarında iştirakı Qərbin sərt reaksiyasına səbəb ola bilər: “Rusiya Azərbaycana əlavə əsgəri təzyiq də edir. Rusiya bəyan etmək istəyir ki, ermənilər hər an müharibəni başlaya bilər. Rusiyanın bu addımı Azərbaycanı Gömrük və Avrasiya Ittifaqına sürükləmək istəyi ilə bağlıdır. Gömrük və Avrasiya Ittifaqına daxil olmaq Azərbaycan üçün müstəqilliyin itirilməsi demək olacaq”.

Ermənistanın cəbhə xəttinə ordu yığması ilə bağlı bir neçə  fərziyə irəli sürməyin mümkün olduğunu deyən V.Quluzadə bildirdi ki, baş verənlərdən Rusiya istifadə edə bilər: “Rusiya Azərbaycana belə bir vəd verə bilər ki, siz müharibədə üstünlük əldə etsəniz, biz proseslərə qarışmayacağıq. Amma buna inanmaq olarmı? Deyək ki, biz Rusiyaya inanıb müharibəyə daxil olduq. Amma sonra bizə kim zəmanət verə bilər ki, Ermənistanla Rusiya Azərbaycana qarşı birləşməyəcək”. 

Hərbi ekspert Cəsur Sümərənli isə hesab edir ki, son zamanlar cəbhə xəttində baş verənlərin nəticəsi olaraq Azərbaycan silahlı qüvvələrinin hərbi-psixoloji üstünlüyü artıb. Bu həm müdafiə nazirinin cəbhə xəttinə səfərləri, həm də ordunun keçirdiyi təlimlərlə bağlıdır: “Ermənistandakı durumu da nəzərə almaq lazımdır. Cəbhə xəttindəki aktivliyi görən erməni ictimaiyyəti hakimiyyətdən hesabat tələb edir. O baxımdan artıq Ermənistan tərəfi də bəzi hərbçilərinin dilindən bu cür açıqlamaları gündəmə gətirir ki, ictimaiyyəti sakitləşdirsin. Cəbhə xəttində ordunun yığılıb-boşalması daim davam edir. Bunu həm Azərbaycan, həm də Ermənistan edir. Bu bəzən təlimlərlə, bəzən isə manevrlərlə bağlı olur. Amma hazırkı məqamda hərbi əməliyyatların bərpası perspektivi görünmür. Zakir Həsənovun son sərt bəyanatından sonra cəbhə xəttində vaxtaşırı gərginlik ola bilər. Amma bu, geniş hərbi əməliyyatlara keçməyəcək”.

Xəyal