Braziliyalıların ən uzun karnavalı

Hələ 1928-ci ildə futbol üzrə dünya çempionatı keçirmək ideyası ortaya çıxanda buna çoxu, xüsusilə avropalılar isti yanaşmamışdı. Çempionat Uruqvayda keçirilməliydi. O Uruqvayda ki, milli komadası iki dəfə ardıcıl Olimpiya oyunlarında futbol yarışının qalibi olmuşdu, dünyanın ən güclülərindən sayılırdı. Onda futbol indiki qədər bahalı idman növü deyildi, mundiala milyardlar xərclənmirdi, vur-tut 400 min dollara ehtiyac vardı. Uruqvay hər cəfaya hazır idi; final üçün xüsusi stadion inşa eləmişdilər, ölkə dünya çempionatı ovqatı ilə yaşayırdı. Rasional avropalıları tanımamış olmazsınız, hər şeyə “mız” qoyurdular, naz eləyirdilər. Okeanın o tayına getmək istəmirdilər. FIFA prezidenti Jül Rime onları yola gətirmək üçün zülm çəkdi.

Fikriniz indiyə getməsin, – dünya çempionatına hazırlıq bir neçə il əvvəldən başlayır, iştirakçıların adları seçmə mərhələdən sonra müəyyənləşir – onda xeyli milli komandanın könlünü almaq lazım gəlirdi. Elə buna görə də Jül Rime yalnız ilk çempionat keçirilən il – 1930-cu il mayın 18-də Belçika, Fransa, Rumıniya və Yuqoslaviyanın razılığını ala bildi. Az sonra uzunluğu 170 metr olan nəhəng “Konte Vedre” layneri Cənubi Amerikaya istiqamət aldı. Dünya çempionatına doğru iki həftə üzmək lazım gələcəkdi…

Qoruduğu qapıya od vurub yandıran futbolçu

Hər dəfə dünya çempionatlarından söz düşəndə 1950-ci ildə Braziliya milli komandasının mundialda qapısını qorumuş Moasir Barbozanı xatırlayıram. Bədbəxt adam idi. Dünya çempionatından bir il əvvəl – 1949-cu ildə Cənubi Amerika çempionu olmuşdu. Dünya çempionatlarında ilk dəfə iştirak eləyirdi. Yaşı da az deyildi – martda 29 tamam olmuşdu. Barboza vətəni Braziliyada keçirilən yarışa hazırlaşanda ağlına da gəlməzdi ki, tezliklə ölkədə milyonların nifrətini qazanacaq. Son oyun gününə qədər işinin öhdəsindən yaxşı gəlmişdi, həlledici qarşılaşmada ilk dünya çempionu Uruqvayı məğlub eləmək lazım idi. Hesabı 47-ci dəqiqədə braziliyalılar açdılar. Qoldan sonra meydanda vəziyyət dəyişdi. Uruqvaylılar əzmkar, bir az da aqressiv oynamağa başladılar. Tezliklə Xuan Skyaffino hesabı bərabərləşdirdi. Uruqvaylılar artıq daha intensiv hücum eləyirdi. 79-cu dəqiqə. Top sağ cinah hücumçusu Alsides Qijaya düşür. Qija iti bucaq altından dəqiq zərbə endirir. 200 min azarkeşi qoynuna alan “Marakana” stadionunun tribunaları sükuta qərq olur… Sonralar Barboza xatirələrində yazacaqdı: “Mən hər gün yuxuda həmin epizodu görürəm. Qija topa zərbə endirəndə qola imkan verməyəcəyimə əmin idim. Top qapıdan keçəndə elə bil içimdə nəsə qırıldı. Hər şeyin bitdiyini hamıdan əvvəl anladım…” Barbozaya həmin qolları bağışlamadılar. Dünya çempionatı bitən kimi onu milli komandadan uzaqlaşdırdılar. Bir neçə il Braziliyanın aşağı liqa klublarında gün keçirdi. Nəhayət, anladı ki, futbolla vidalaşmalıdır. Həmin gün milli komandanın formasını geyinənlərin heç birindən günahı çox deyildi, amma xalq düşməninə çevrilmişdi. Küçədə onu barmaqla göstərirdilər. Təsəvvür eləyin, həmin dünya çempionatından təxminən 40 il sonra, yaşının ahıl çağında – 90-cu illərin əvvəlində yaşlı bir qadın onu tanımış, yanındakı nəvəsinə göstərib demişdi ki, “bax, onun ucbatından dünya çempionu ola bilmədik”. Barboza nə günah sahibi olduğunu anlamırdı. Nə olsun ki, Uruqvaya uduzub çempionluğu əldən vermişdilər, əvəzində sonralar braziliyalılar üç dəfə qalib olmağı bacarmışdı. Onu bağışlamaq olardı… Barboza futbolçu karyerasını bitirəndən sonra xeyli işsiz qaldı. Ailəsi pərən-pərən düşdü. Saçı-saqqalı ağaranda onu arzularının dəfn olunduğu “Marakana”da işə götürdülər. Fəhlə işləyəcəkdi, qəpik-quruş alacaqdı, amma bunların heç biri Barbozanın gözünə görünmürdü. Moasir yenə futbolla nəfəs alacaqdı… Bir neçə il sonra “Marakana” stadionunda əsaslı təmir işləri başlayanda Barbozanın xahişi ilə həmin gün uruqvaylıların iki qolundan qoruya bilmədiyi qapını da ona verdilər. Aparıb məhəllədə – hamının gözünün qarşısında od vurub yandırdı…

Bu nəhəngləri dünya çempionatında görməyəcəyik…

Indiyə qədər 19 dünya çempionatı keçirilib. Braziliya 5, Italiya 4, Almaniya 3, Italiya və Uruqvay 2, Fransa, Ingiltərə, Ispaniya isə hərəyə 1 dəfə dünya çempionu olub. Mundiallarda üst-üstə 76 milli komanda iştirak eləyib. Braziliya bütün çempionatlarda oynayan yeganə komandadır. Buna baxmayaraq, ən çoxu oyunu almanlar keçirib – 99. Dünya çempionatlarının bir yarış ərzində ən məhsuldar futbolçusu 1958-ci ildə fransız Jüst Fonten olub. 13 qol vuran hücumçu sonradan bir daha dünya çempionatlarında oynamayıb. Ümumi qolların sayına görə braziliyalı Ronaldo liderdir (15 top). Ən yaxın izləyicilərindən yalnız Miroslav Klozenin onu keçmək şansı var. Almaniyanın Polşa əsilli hücumçusu indiyə qədər 14 qol vurub, daha 2 topa ehtiyac var. Adamın qanını daha çox məşhur futbolçuların zədələnməsi qaraldır. Zədəlilərin siyahısına baxıb dilxor olmamaq münkün deyil. Frank Riberisiz dünya çempionatına necə baxaq? Fransa milli komandası onsuz necə dünya çempionu olsun? Hollandların və ingilislərin işi lap fənadır: Stekelenburq və Var der Vaart, Con Terri və Eşli Koul oynamayacaq. Kolumbiyada Falkao olmayacaq. Bu hücumçusuz milli komanda nəyə ümid eləyə bilər axı? Hələ Neymar və Stiven Cerrard zədəlidir, sadəcə, həkimlər onların oynayacağına söz verir. Təki bu oyunçuların yeri görünməsin, zədələr komandaların yarışda normal iştirakına mane olmasın.

Futbolu həyat tərzinə çevirmiş xalqın etirazı

Proqnoz vermək işin ən çətin tərəfidir. Düzdür, dünya çempionatları sabitlik baxımından Avropa birinciliklərindən çox fərqlənir. Məsələn, Avropada Yunanıstan kimi nəhəng sayılmayan, yarışa başqasının yerinə qoşulan milli komanda çempion ola bilər (2004). Avropada Danimarka kimi əzəmətli görünməyən komandanın da birinci yeru tutması mümkündür (1992). Dünya çempionatından belə təsadüf gözləməyin. Müəllifin fikri sizə maraqlıdırsa, 5 komandanın daha şanslı olduğunu deyə bilər – Braziliya, Argentina, Almaniya, Ispaniya, Hollandiya. Adam Braziliyaya daha çox güvənmək istəyir. Arqumentlər üzdədir – meydan sahibi faktoru, son illərin ən iddialı heyəti. Braziliya bütün çempionlar arasında meydan faktorundan istifadə eləyə bilməyən yeganə komandadır. Yəni, digər dünya çempionları “doğma divarlar” arasında zəfəri bayram eləyib. Yenə yada 1950-ci ildəki faciə düşür. Braziliyalılar Uruqvaya məğlubiyyətə o qədər həssas yanaşmışdılar ki, 7 nəfər dünyasını dəyişmişdi. Onlar növbəti şansı əldən verərlərmi? Braziliya üçün futbolun nə demək olduğunu təsvir eləməyə ehtiyac yoxdu. Bu ölkədə az qala hamı futbolla maraqlanır. Təsəvvür eləyin, ölkə telekanalları serialları futbol oyunları ilə eyni vaxtda göstərməməyə çalışır. Braziliya futbolla nəfəs alır. Hər il minlərlə futbolçu Avropaya legioner həyatı yaşamağa üz tutur. Bu ölkədə ailələrin çoxu futbolun hesabına dolanır. Braziliya, bəlkə də, dünya çempionatı keçirməyə ən çox haqqı çatan ölkədir. Xalq böyük futbol bayramını gözləyir və… etiraz eləyir. Qəribədir, elə deyilmi? Futbolu həyat tərzinə çevirmiş xalq dünya çempionatına etiraz eləyir. Dünya çempionatına milyardlar xərcləndiyi halda, insanların sosial problemləri həll olunmamış qalıb. Nəqliyyat xərcləri artıb, ərzaq məhsulları bahalaşıb, maaşlar isə artmır. Bəlkə də, məsələ “çörək və tamaşa” prinsipinin pozulmasındadır. Tamaşa var, çörək də istəyirlər…

Unudulmaz emosiyalar dönəmi başlayır

Bu gecə dünya çempionatı start götürür. Minlərlə azarkeş Braziliya – Xorvatiya oyununu izləmək üçün San-Paulu stadionuna tələsəcək, milyardlar ekran başına toplaşacaq. Əvəzsiz futbol bayramı hər axşam, hər gecə çağırılmamış qonaq kimi evimizə təşrif buyuracaq. Bu ay unudulmaz emosiyaların dönəmi olacaq. Braziliyalıların ən uzun karnavalı başlayır…

Coşqun Eldaroğlu