«Rusiya Avrasiya Ittifaqında Ukraynanı Azərbaycanla əvəz etməkdə israrlıdır»
«Rusiyanın son dövrlərdə nümayiş etdirdiyi aqressiyaya baxmayaraq perspektiv və strateji imkanlar baxımından onun Qərbin bu regiondakı planlarının qarşısını almaq imkanı kifayət qədər məhduddur»
“Ukraynanın Avrasiya Iqtisadi Birliyində olmaması faktını yalnız Azərbaycanın bu təşkilata qoşulması kompensasiya edə bilər”. APA-nın məlumatına görə, bunu “EvrAzEs” Institutunun direktoru Vladimir Lepyoxin deyib. Onun sözlərinə görə, Azərbaycan və Ermənistanın Avrasiya Iqtisadi Birliyinə qoşulması onlar arasındakı problemin həllinə və münasibətlərin normallaşmasına da səbəb ola bilər.
Bu arada “Nezavisimaya qazeta” Avropa və Rusiya arasında Azərbaycan uğrunda mübarizənin başladığını yazıb. Qəzetin yazdığına görə, Azərbaycanın təklif edilən ittifaqlardan etirazı barədə Ilham Əliyevin bəyanatları Brüssel və Moskvanı qayğılandırıb.
Nəşrin yazdığına görə, rəsmi Bakı dəfələrlə Avropa Birliyi ilə bərabər hüququn tərəfdarı olduğunu bəyan edib, bu səbəbdən də AI ilə assosiasiya sazişindən imtina edib. Bununla yanaşı, bütün baş verən hadisələrə intriqa gətirən RF xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrovun səfəridir. Çünki Lavrovun Bakıya səfəri Rusiya tərəfindən vacib təkliflərlə, əsasən də Azərbaycanın Avrasiya Ittifaqında üzvlük perspektivlərinin nəzərdən keçirilməsi ilə əlaqəlidir.
Ekspertlər hesab edir ki, son dövrlər bir tərəfdə ABŞ-Avropa, digər tərəfdə isə Rusiya MDB ölkələrini çox ciddi şəkildə öz orbitlərinə cəlb etməyə çalışırlar. Hələ uzun illər bundan əvvəl müasir dövrün böyük politoloqu kimi tanınmış Bzejinski “Böyük şahmat taxtası” əsərində yazırdı ki, Rusiya Ukraynasız imperiya ola bilməz. Eyni zamanda o hesab edirdi ki, iki ölkə – Ukrayna və Azərbaycan istər Qərb, istərsə də Rusiya üçün olduqca böyük əhəmiyyət kəsb edir. Tarixən Azərbaycan Cənubi Qafqazın ən mühüm əhəmiyyət kəsb edən ölkəsi kimi tanınıb və eyni zamanda Orta Asiyanın qapısı hesab olunub. Məhz bu baxımdan Azərbaycan Qərb və Rusiya üçün müstəsna əhəmiyyət kəsb edən ölkəyə çevrilib. Azərbaycanı itirməklə Rusiya Cənubi Qafqaza təsir imkanından xeyli şəkildə məhrum edilmiş vəziyyətə düşəcək və eyni zamanda Qərb Cənubi Qafqazın iki ölkəsində möhkəmlənəcək. Azərbaycanı itirməklə Rusiya heç vaxt bu regionda həlledici güc sahibi olmayacaq. Iqtisadi cəhətdən enerji daşıyıcıları və onları xaricə çatdıran kommunikasiyalar vasitəsilə Azərbaycan Qərbə bağlanıb. Bu baxımdan Rusiya artıq əlverişsiz vəziyyətdədir. Siyasi cəhətdən isə Rusiya Azərbaycanda təsirini saxlamaqda davam edir. Məhz buna görə Rusiya Azərbaycanı itirməmək üçün səylərini bundan sonra da davam etdirməyə çalışacaq. Avropanın enerji təhlükəsizliyi məsələsində Azərbaycanın rolu son dövrlərdə daha da artıb. Istər ABŞ, istərsə də Avropa Birliyi üçün Rusiyanın enerji bazarında, xüsusən Avropada monopolist rolunu onun əlindən almaq üçün Azərbaycanda hər cəhətdən möhkəmlənməsi çox böyük əhəmiyyət kəsb edir. Rusiyanın son dövrlərdə nümayiş etdirdiyi aqressiyaya baxmayaraq perspektiv və strateji imkanlar baxımından onun Qərbin bu regiondakı planlarının qarşısını almaq imkanı kifayət qədər məhduddur.
Fizzə


