TQDK sədrinə ağır ittihamlar

Tezliklə ali məktəblərə qəbul imtahanları başlayır. Bəziləri ciddi-cəhdlə bu sınağa hazırlaşır, digərləri isə yeni manipulyasiyalara və pul yeyintisinə…

 TQDK-nın sabiq yüksək rütbəli əməkdaşı Fərman Abdullayev “virtualaz.org” saytına açıqlama verib və TQDK-dakı neqativ hallarla bağlı ilginc fikirlər səsləndirib: “Cəmiyyətdə tələbə qəbulu ilə bağlı yaranan şübhələr heç də əsassız deyil. TQDK çərçivəsində fəaliyyət göstərən bütün kompüter proqramları Nazirlər Kabinetinin 2010-cu ilin mayında verilən ”Dövlət informasiya resurslarının reestrizasiyası qaydaları haqqında” qərarına uyğun olaraq Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin operatorunun nəzarətinə verilməlidir.

Amma təəssüf ki, bu, bizdə hələ də edilməyib. Nazirlər Kabinetinin həmin qərarının tələblərinə görə, tələbə qəbulu işinə müstəqil ekspertlər də cəlb olunmalıdır. Həmin ekspertlər də TQDK-nın istifadə etdiyi proqramların həqiqiliyini və ciddi ictimai nəzarət altında tam şəkildə, tam gücü ilə fəaliyyət göstərib-göstərmədiyini yoxlamalıdır. Bu tələbin TQDK tərəfindən yerinə yetirilməsindən isə söhbət belə gedə bilməz. Çünki belə monitorinqlər praktiki olaraq aparılmır. Daha dəqiq desək, belə monitorinqləri nəzərdə tutulduğu şəkildə aparmaq mümkün deyil. Ona görə mümkün deyil ki, TQDK-nın hər bir abituriyentin imtahan prosesini necə keçdiyini, onun cavab kartlarını və buna uyğun olaraq da topladığı balları ictimai nəzarətçilərə açıq-aşkar təqdim etmək gücündə olan aydın və əyani proqramı yoxdur” – deyə F.Abdullayev bildirir.

Ekspertin sözlərinə görə, belə proqramın olmaması da manipulyasiyalara yol açır: “Bu çatışmazlıq TQDK-nın istənilən nümayəndəsinə abituriyentlərin ali məktəblərə yerləşdirilməsi zamanı manipulyasiya etmək, onların ballarını artırıb-azaltmaq üçün geniş imkanlar açır. Düyməni bircə dəfə basmaq kifayətdir ki, 120 bal toplayan abituriyentin ekrandakı adının qarşısında məsələn, 520 bal yazılsın”.
F.Abdullayev bildirib ki, buna əmin olmaq üçün TQDK-nın saytının skrinşotuna baxmaq kifayətdir: “Orada komissiyanın reyestrə daxil edilmiş proqramı əks olunub. Bu proqram heç nəyi həll eləmir, yəni əhəmiyyəti yoxdur. Burada isə ortaya belə bir sual çıxır: TQDK illərdir əsasında işlədiyi, yəni bizim uşaqların taleyini həll edən proqramları niyə təqdim etmir? Tələbə qəbulu prosesinin uzun illər ərzində oturuşmuş bu qeyri-şəffaf mexanizmi yalnız məmurları qane edir. Gənc nəslin taleyi onları əsla maraqlandırmır. Subyektivliyi, şəxsi iradəni, müdaxilə imkanlarını, yumşaq desək, vicdansızlığı rədd edən proqramlar bu adamların maraq dairəsinə daxil deyil. Bu çatışmazlıqlar barədə komissiyada işləyəndə də tez-tez danışır və fikirlərimi arqumentlərlə əsaslandırırdım. Onu da deyim ki, komissiya rəhbərliyi mənim dediklərimə həvəslə qulaq asır, irad və təkliflərimi qəbul edir və onları… iri stolların siyirmələrinə tullayırdı. Yazdığım bütün məktublar və təkliflər bu aqibətlə üzləşdi”-deyə F. Abdullayev bildirib.

Səslənən fikirlərə münasibət öyrənmək üçün TQDK-nın mətbuat xidməti ilə əlaqə saxladıq. Mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bildirdi ki, səslənən fikirlər absurddur və qərəzli yanaşmadır: “Bütün ittihamlar əsassızdır və həmin şəxs informasiya texnologiyaları sahəsində çalışmayıb. Bu sahənin mütəxəssisi olmadığı üçün də qərəzli fikirlər səsləndirib. Söhbət imtahan nəticələrinin hesablanmasına dair proqram təminatlarının qeydiyyatından gedirsə, bu proqramlar mühafizə olunur və tam nəzarətdədir. Qeyd olunan nəticələrin dəyişdirilməsi kimi iddialar yalandır və bu mümkün deyil”.

Təhsil üzrə ekspert Vurğun Eyyub bildirdi ki, Fərman Abdullayev kifayət qədər ciddi ittihamlar səsləndirib və aidiyyatı orqanlar bu ittihamlarla bağlı araşdırma aparmalıdır: “Mətbuat xidmətinin açıqlaması təbii ki, heç kimi qane edə bilməz. Fərman Abdullayevi ciddi insan kimi tanıyıram və yəqin ki, boş yerə söz deməz. Ciddi ittihamlar səsləndirlilib və bunu deyən şəxs də dediyi fikirlərin məsuliyyətini dərk edir. Azərbaycan reallığında bütün bunlar ola bilər. Hesab edirəm ki, aidiyyatı qurumlar araşdırma aparmalıdır və məsələyə aydınlıq gətirilməlidir. Əgər, hansısa abituriyentin balının artırılması baş veribsə, bu artıq cinayətdir”.

Akif