Ekspertlər bu bazarlığın baş tutmayacağını bildirirlər
Türkiyədə Gülən camaatına qarşı başladılan mübarizənin əks-sədası digər ölkələrə də sıçradı. Azərbaycanda da “nurçu” məsələsi gündəmə gəldi və bu istiqamətdə müxtəlif addımlar atıldı. Son günlər bu məsələ Azərbaycanda gündəmdən düşsə də, Türkiyədə proseslər davam edir.
Belə ehtimallar irəli sürülür ki, prezident seçkilərinə qədər Gülən şəbəkəsini tamamilə sıradan çıxarmaq planı var. Çünki hesab edilir ki, zəiflədilməsinə baxmayaraq, Fətullah Gülənin başçılıq etdiyi hərəkat hələ də potensial təhlükə mənbəyidir. Məlumata görə, Gülən hərəkatı ilə bağlı olduğu iddia olunan 150 xüsusi təyinatlıdan bəziləri sürgün olunub, onlardan bir qismi isə passiv bölgələrdə yerləşən yol polisi və polis bölmələrinə təyin edilib. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bəyan edir ki, keçmiş Türkiyə, millətin hər zaman məğlub olduğu Türkiyə artıq yoxdur: “Avqustun 28-də prezident kim olur-olsun, baş nazir kim olur-olsun, Türkiyə islahatlarını keçirməyə, böyüməyə, güclənməyə davam edəcək. Xaos və böhran yaratmağa çalışanların qarşısında boynunu bükəcək bir hökumət, geri addım atacaq bir baş nazir və Nazirlər Kabineti artıq yoxdur. Bunu hər kəs bilsin”.
Belə bir vaxtda yayılan məlumata görə, Türkiyə Xarici Işlər Nazirinin müşaviri ABŞ-a 3 günlük ziyarətə gedir. Xarici Işlər Nazirliyinin nümayəndəsi ABŞ-da bu ölkənin Milli Təhlükəsizlik Şurasının rəsmiləri ilə bir araya gələcək. Görüşdə Fətullah Gülən məsələsi müzakirə ediləcək. Belə ki, Pensilvaniyada yaşayan “nurçu” lider Fətullah Gülənin Türkiyəyə geri qaytarılması gündəmə gətiriləcək.
Qeyd edək ki, bundan öncə də Türkiyə hakimiyyəti Fətullah Gülənin təhvil verilməsi barədə ABŞ-la danışıq aparmışdı. ABŞ isə belə bir qanunsuzluğa yol verməyəcəyini və ölkəsində yaşayan türk vətəndaşlarına hörmətlə yanaşdığını bildirib.
Türkiyə isə Güləni neytrallaşdırmaqda israrlıdır. Məhz belə bir vaxtda Ankara Respublika Baş Prokurorluğu Konstitusional Cinayətlər Şöbəsi Gülən hərəkatına qarşı açılan istintaq işində çox vacib bir addım atıb. 17-25 dekabr çevrilişinə cəhdin haradan maliyyələşdiyini öyrənmək üçün geniş araşdırma başlanıb. Hərəkatın maliyyə qaynağını müəyyən etmək məqsədilə Maliyyə Cinayətlərinin Araşdırma Qurumunda (MASAK) xüsusi komanda yaradılıb. Gülən hərəkatına maliyyə yardımı göstərən onlarla şirkət, təhsil müəssisəsi və nəşriyyat təsbit edilib..
Ümumiyyətlə, Ankara Respublika Prokurorluğu tərəfindən Fətullah Gülən haqqında başladılan istintaq işi genişləndirilir.
ABŞ-ın Fətullah Güləni təhvil verməsi və Ərdoğanın istəyinə çatacağı hələ sual altındadır.
Məsələ ilə bağlı “Azadlıq”a münasibət bildirən ekspert hesab edir ki, Ərdoğan qarşıdan gələn seçkilərdə Fətullah Güləni böyük maneə hesab edir. Ona görə də bütün vasitələrdən istifadə edərək, məsələni kökündən həll etmək istəyir: “Ərdoğan Gülən camaatına qarşı savaş açsa da, hələ də bu şəbəkənin Türkiyə daxilində böyük dayaqları var. Prezident seçkilərində isə, Türkiyə müxalifətinin vahid namizədlə iştirak etmək ehtimalı var. Belə olan halda Gülənçilər də müxalifətə dəstək verəcək. Onsuz da son dövrlərdə reytinq itirən AKP üçün bu, arzuolunmazdır. Həm də Ərdoğanı Gülən şəbəkəsinin seçki ərəfəsində təxribat xarakterli olaylar yaradacağı narahat edir”.
Ekspert onu da əlavə etdi ki, ABŞ imicinə zərbə vurmamaq üçün bu bazarlığa getməyəcək: “ABŞ dünyadan demokratiya tələb edir və insan hüquq və azadıqlarının əsas prinsip olduğunu vurğulayır. Ona görə də Fətullah Güləni Türkiyəyə təhvil vermək ABŞ üçün maraqlı deyil. ABŞ belə bir addımla dünyada etimadın itirə bilər. Digər tərəfdən, Fətullah Gülən uzun müddətdir ABŞ-da yaşayır, bu ölkədə yaxşı əlaqələri var və ABŞ-a hər hansı mənfi təsiri yoxdur. Əksinə, ABŞ siyasi baxımdan hansısa situasiyalarda Gülənin xidmətindən istifadə edə bilər”.
Akif


