Rauf Vəliyev keçmiş rəisin «işəgötürmə əməliyyatı» ilə bağlı hüquq-mühafizə orqanlarına dosye göndərməyi düşünür
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətində işdən çıxarılanlar əsasən keçmiş rəis Aydın Bəşirova yaxın şəxslərdir. Bu barədə rekdaksiyamıza qurumdakı mənbədən məlumat daxil olub. Qeyd edək ki, bu dünən mətbuatda QSC-də kütləvi ixtisarların aparıldığı barədə məlumat yayılıb.
QSC sədrinin köməkçisi Vüqar Sadıqov məlumatı dolayısı təsdiq edib. O, bildirib ki, yeni səhmdar cəmiyyətdə 11 min işçinin işçiyə ehtiyac yoxdur: “Bu, sadəcə yeni qurumun yaradılması ilə əlaqədar olan təbii ixtisar prosesidir. Bildiyimiz kimi, cənab prezidentin sərəncamı ilə keçmiş Dövlət Xəzər Dəniz Gəmiçiliyi və Neft Şirkətinin Xəzər Dəniz Neft Donanması birləşdirilərək, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyəti (QSC) yaradılıb. Keçmiş Dövlət Xəzər Dəniz Gəmiçiliyində təxminən 6 min, Xəzər Dəniz Neft Donanmasında isə 5 min adam işləyirdi. Yeni səhmdar cəmiyyətdə isə 11 min işçiyə ehtiyac yoxdur. Burada yeni və çevik kommersiya qurumu yaradılıb və onun da əsasında artıq ştat vahidləri ixtisara salınıb. Bu, təxminən, 1000-2000 arasında bir rəqəmdir”,- deyə o, bildirib.
“Azadlıq”a daxil olan məlumatlarda bildirilir ki, Aydın Bəşirovun dövründə xeyli adam işə götürülüb. Onların əhəmiyyətli hissəsi keçmiş rəisə yaxın şəxslərdir. Işə götürülənlərin digər qisminin isə yalnız adı işdə gedir. Bütün bunlar Rauf Vəliyev QSC-yə sədr təyin olunandan sonr üzə çıxıb. Məlumatda bildirilir ki, Rauf Vəliyev ixtisarlarla yanaşı baş verənlər barədə hüquq-mühafizə orqanlarına da dosye göndərməyi düşünür.


